Zəngəzur dəhlizində yeni irəliləyiş: Ermənistan buna hazırdır? - ŞƏRH
Ölkəyə neft məhsulları və taxılın hamısı olmasa da, böyük hissəsi Gürcüstan marşrutu üzrə gəlir; hazırda bu istiqamətdə ciddi problemlər Ermənistanda qida qıtlığı və bahalaşma yaradacaq - tək “iqtisadi xilas kəməri” koridorun açılmasıdır. Bu, Rusiyaya da sərf edən ssenaridir”. Bunu erməni şərhçi Hayk Martirosyan deyib.
Bəs, vəziyyətin deyilən istiqamətdə inkişaf variantı mümkündürmü? Ermənistan nəhayət dəhlizin həqiqətən açılmasına razılaşacaqmı?
Paralel.az xəbər verir ki, bu barədə Atlas Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu Ednews -a danışıb. O, bildirib ki, Ermənistan tərəfi buna maraqlı olduğunu dilə gətirsə də, reallaşması perspektivində heç bir irəliləyiş yoxdur:
"Gürcüstan marşrutunun təmir və ya uçqun halları ilə əlaqədar tez-tez bağlanması, Ermənistana əlbəttə ki, ciddi problemlər yaradır. Əsasən iqtisadi zəmində problemlər yaradır. Çünki əsas daşımalar bu istiqamətdə həyata keçir. Əsas ticarət tərəfdaşı da Rusiyadır. Ona görə normalda əslində, Zəngəzur dəhlizi Ermənistanın da maraqlarına cavab verməlidir. Lakin mövqelərində heç bir dəyişiklik yoxdur, buna baxmayaraq hələ ki, Azərbaycan öz ərazisində tikintini davam etdirir və hətta bitirmək üzrədir. Amma Ermənistan ərazisində heç bir tikinti işə getmir. 41-42 kilometri cəmi məsafədir. Mövqelərində də heç bir dəyişiklik yoxdur. İrəli sürürlər ki, orada gömrük və sərhəd xidməti olmalıdır. Əlbəttə ki, belə olduğu halda, mövqelərində dəyişiklik yoxdursa, dəhlizdən nə qədər maraqlı olsalar da, onun reallaşması perspektivi yenə də qaranlıq görünür. Sözsüz biz isə gözləyən deyilik, fəqət Bakı-Tiflis- Qars dəmiryolu yolu yenidən işə salınıb, onun imkanlarından istifadə edirik. İranla da müəyyən razılaşma var, Araz dəhlizin tikintisi də gündəmdədir. Biz Zəngəzur dəhlizində maraqlıyıq, amma o olmadan da biz yükləri daşıyacaq. Əsas, Ermənistana bu lazımdır ki, həm Azərbaycanda sülh şəratində yaşasın, həm də dəhlizin imkanlarından yararlansın. Söylədiyim kimi bu mövqedə isə heç bir irəliləyiş yoxdur".
Əkbər Novruz