BİR ŞƏHƏRİN QİYMƏTİNƏ İNZİBATİ BİNA!... – Mərkəzi Bank yeni ofisinin smeta dəyərini 320 milyon manat artırıb

BİR ŞƏHƏRİN QİYMƏTİNƏ İNZİBATİ BİNA!... – Mərkəzi Bank yeni ofisinin smeta dəyərini 320 milyon manat artırıb
 

Azərbaycan Mərkəzi Bankının (AMB) yeni binasının tikintisinə ayrılan vəsaitin həcmi 770 milyon manata çatıb. APA xəbər verib ki, binanın inşası üzrə baş podratçı təşkilatla bağlanılmış müqaviləyə əsasən 242,1 milyon manat və tikinti smetalara daxil olmayan digər kapital qoyuluşlarına aid yerinə yetirilmiş işlərə 39,8 milyon manat ayrılıb.

Paralel.az AzPolitika.info- ya istinadən xəbər verir ki, müqavilə çərçivəsində yerinə yetiriləcək işlər üzrə 355,1 milyon manat ayrılması nəzərdə tutulub. Bundan əlavə, Xəzinə Mərkəzinin müvafiq avadanlıqla təchizi və quraşdırılması, habelə inzibati binanın mebel və avadanlıqla təmin edilməsi üçün 132,9 milyon manat xərclənəcək. Xərclənən və xərclənməsi nəzərdə tutulan vəsaitlərin toplam həcmi 769,9 milyon manat təşkil edir.

AMB-nin binasını Bakıda "SOCAR Tower", Dövlət Vergi Xidmətinə, Bakı Olimpiya Stadionu və çoxlu sayda dəbdəbəli inzibati binalar inşa etmiş Türkiyənin “Tekfen İnşaat” şirkəti tikir.

Xatırladaq ki, 2020-ci ilin fevral ayında AMB yeni inzibati binasının detallı layihələndirilməsi və tikintisi üçün tender elan edib. 2021-ci il yanvarın 13-də Türkiyənin “Tekfen İnşaat və Təsisat” şirkəti tenderin qalibi olub və onunla 218 milyon avro (450 milyon manat) dəyərində müqavilə imzalanıb. AMB-nin yaydığı məlumata görə, müqaviləni Bankın İdarə Heyəti sədrinin keçmiş birinci müavini Alim Quliyev və Türkiyənin “Tekfen İnşaat” şirkətinin təmsilçiləri Levent Qafqaz və Mustafa Kopuz imzalayıb.

Bakıda Heydər Əliyev prospekti 109 ünvanında tikiləcək 32 mərtəbəli bina ilə bağlı 3 il əvvəlki razılaşmada tikintinin ümumi dəyərinin 450 milyon manat olacağı qeyd olunub. Tender tələbinə görə, binanın hündürlüyü 160 metr, ümumi sahəsi 67,926 kvadrat metr olacaq. Binada xəzinə mərkəzi, texniki qurğular və avtodayanacaqdan ibarət zirzəmi mərtəbələri, konfrans və təlim obyektləri, kitabxana, restoran, o cümlədən bayır landşaft ilə birlikdə ofis sahələri olacaq. Tikinti müddəti 36 aydır.  

Hazırda layihədə qeyd olunan 36 ay geridə qalıb, bu müddətdə binanın layihə dəyəri 450 milyon manatdan 770 milyon manata qədər artıb. Amma bununla bağlı bankın hər hansı izahatı yoxdur. Söhbət 320 milyon manatdan, smeta dəyərinin iki dəfəyə yaxın artmasından gedir.

Hələ 2021-ci ildə müstəqil ekspertlər binanın hər mərtəbəsinin inşasına 14 milyon 62 min manat xərclənəcəyini açıqlamışdlar. Layihəyə qoyulan vəsaitin kəskin artması ilə bu məbləğ 20 milyon manatdan çox pul deməkdir. Binanın sahəsinin 67.926 kvadratmetr olacağını nəzərər alsaq, belə məlum olur ki, hər 1 kvadrat metrin tikintisinə təxminən 12 min manatdan çox vəsait sərf olunacaq ki, bu da tikinti normaları üçün qeyri-adi səslənir.

AMB-nin hazırda dövlətə 50 milyon dollara başa gəlmiş, kifayət qədər yaraşıqlı və rahat binasından niyə imtina etməsinin səbəbi məlum deyil. Halbuki, Qarabağda dövlətin apardığı geniş tikinti-bərpa işlərində 770 milyon manata çox böyük ehtiyac var. Bu qədər vəsaiti işğaldan azad edilmiş bir rayonu bütövlükdə tikib sakinlərə təhvil vermək olar.

Qeyd edək ki, Mərkəzi Bank yetkililəri ictimai tənqidlərə cavab verərəkən, xərclənən vəsaitin dövlət büdcəsinə deyil, banka aid olduğunu bəyan edirlər. Amma bu “arqument” tənqidə dözmür. Həmin pul da Azərbaycan Respublikasına məxsusdur, bank rəhbərlərinin şəxsi vəsaiti deyil.

İkincisi, AMB rəhbərliyi belə açıqlamalarla “hökumət niyə bu qədər israfçılığa göz yumur” sualını gündəmə gətirməklə onu zərbə altında qoyur.

Diqqətçəkən rəqəmlərdən biri də budur ki, binanın Xəzinə Mərkəzinin müvafiq avadanlıqla təchizi və quraşdırılması, habelə inzibati binanın mebel və avadanlıqla təmin edilməsi üçün 132,9 milyon manat xərclənəcək. Bu qədər vəsaiti mebel və avadanlığa sərf etmək heyrətamizdir. Yəqin ki, Azərbaycanda məmur ənənəsinə uyğun olaraq mebellər azı 3 ildən bir təzələnəcək və bankın on milyonları hər dəfə ona yönəldiləcək.                       

Rusiyanın Mərkəzi Bank binası 2 mərtəbəli, 45 milyon əhalisi olan Ukraynanın Mərkəzi Bank binası 4 mərtəbəli, 9,5 milyon əhalisi olan Belarusun Mərkəzi Bankı 5 mərtəbəli, məmurların Azərbaycandan oğurladığı kapitalı depozitə qoyduğu İsveçrə Mərkəzi Bankının binası 4 mərtəbəli, 1 trilyon aktivləri olan Norveç Mərkəzi Bankı 3 mərtəbəlidir...     

 Rasim Əliyev

0.016453981399536