Universitetlərimizdə inkişaf nə vaxt olacaq? - Dos. İlham Əhmədov
"Təhsil sistemində bir çox suallar var və bunlara cavab axtarmaq lazımdır. Düzgün suallar qoymaqla və bunun ətrafında müzakirələr aparmaqla təhsil sistemini daha sürətli inkişafa təhrik etmək olar." (ETN Emin Əmrullayev).
Həqiqətən də təhsil sistemində çox suallar var. Amma bunların cavabı, hələ də yoxdur.
Məlum olduğu kimi ali təhsil sistemi hər bir ölkənin sosial-iqtisadi inkişafı üçün mühüm strateji resursdur. Ölkənin rəqabət qabiliyyətliyi onun universitetlərinin rəqabətqabiliyyətliyindən asılıdır. Universitetlərin rəqabətqabiliyyətliyi isə onların qlobal reytinqlərdəki mövqeyi ilə təyin edilir. Biz təhsilə dair bütün reytinqlərdə hələ də aşağı yerlərdəyik. Bu vəziyyət nə qədər davam edəcək?
İllərlə səmərəsiz fəaliyyət göstərən, ölkənin beynəlxalq reytinqini və nüfuzunu sistematik olaraq aşağı salan, investisiya baxımından ölkə iqtisadiyyatının cəlbediciliyini zəiflədən, "neft kapitalını insan kapitalına çevirmək" siyasətini keyfiyyətsiz icra edən bir nazirlik, niyə xalqa və hökumətə ali təhsil sistemində olan mürəkkəb vəziyyətlə bağlı hesabat vermir?
Niyə fəaliyyətinin uğursuzluğu səbəblərini xalqa və hökumətə aydın izah etmir?
Çətinlik nədədir, bunun səbəbləri heç olmasa, onlara məlumdurmu?
Görəsən ölkənin ali təhsil sahəsindəki çoxsaylı problemlər sistemləşdirilibmi?
Bu sahənin inkişaf strategiyası niyə yoxdur ?
Ali təhsil sistemində elmin inkişafı üçün nələr edilir? Universitetlərin rəqəmsal transformasiyası barədə nə düşünülür? Nəhayət ki, universitetlərimizdə distant təhsil sistemi yaradılacaqmı?
Universitetlərdə elmin inkişafı üçün zəruri investisiyalar olacaqmı, yoxsa 50 universitetə toplam olaraq ayrılacaq 8 milyon manatla hər şey yekunlaşacaq?
Niyə ölkədə ali təhsil problemlərini araşdıran tədqiqat mərkəzləri hələ də yoxdur, bu problemlərə dair 1 dənə də olsun elmi jurnal şr edilmir?
Bu vəziyyətin düzəlməsi üçün daha neçə on illik gözləmək lazımdır?
Əgər bu sualları cavablandırmaq çətindirsə, onda son 15 ildə bu problemlərə dair, ölkənin təhsil ekspertlərinin yazdıqları yüzlərlə məqalələrə müraciət etsinlər. Həmən məqalələrdə bu problemlərin səbəbləri və onların aradan qaldırılması yolları ətraflı şərh edilmişdir, oxuyana və əməl edənə minnət. Sadəcə məsuliyyət və bir az peşəkarlıq lazımdır.
Təəssüf ki, son 20 ildə olan 4 təhsil nazirin heç biri mütəxəssislərin verdiyi təkliflərə məhəl qoymadılar, məsləhətləşmələr aparmadılar. Bu da nəticəsi.
ETN reytinqlərdə az da olsa fərqlənən universitetlərimizə son 3 ildə konkret hansı köməyi edib, yoxsa bu ATM yalnız öz güclərinə buna nail olublar?
Əgər heç bir kömək etməyibsə, onda fəaliyyəti hiss edilməyən ETN adlı quruma nə ehtiyac var?
Amma ETN-nin bu ATM-lərinə konkret ziyanı olub, ən azından yaratdığı fonda hər bir ATM-nin zəif büdcəsindən ildə 1-2 milyon (tələbə sayına görə) qoparıb, büdcəni daha da zəiflədib, əvəzində real olaraq heç nə vermədən.
ETN ATM-nin qlobal reytinqlərdə vəziyyətini yaxşılaşdırmaq üçün real olaraq hansı tədbirləri icra etməyi düşünür ?
Ümumiyyətlə ETN ölkədə ali təhsilin inkişafı üzrə nə vaxtsa, hər hansı bir strategiya təqdim edəcəkmi, yoxsa ATM hələ 30 ildə "başlı başını saxlasın" prinsipi ilə "inkişaf" edəcəklər ?
ETN bu suallara cavab versə, ali təhsilin gələcəyi ilə əlaqədar ictimaiyyətdə az da olsa, müəyyən bir ümid yaranar. Əks halda məlum olacaq ki, bu qurum hələ də nəyi və necə inkişaf edəcəyi haqqında heç bir plana malik deyil.
Paralel.az