Həyatda sizi uğura aparacaq 30 QIZIL TÖVSİYƏ

Həyatda sizi uğura aparacaq 30 QIZIL TÖVSİYƏ
 

Həyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar.

Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb var gücüylə çalışsa, uğur qapısına çatar və o qapının açarlarını əldə edər.

Bu yol barədə isə onu qət edənlər daha çox bilər. Uğurun sirləri, açarları nədədir?

Suallarımıza cavab tapmaq və uğurlu insanların həyatını araşdırmaq üçün "Uğurun sirləri" silsiləsini davam edirik

Azərbaycan İnsan Resursları Assosiasiyasının idarə heyətinin üzvü, karyera planlaması üzrə mütəxəssis İlkin Məcidovun 30 məsləhətini təqdim edirik.

Həyatda sizi uğura aparacaq 30 QIZIL TÖVSİYƏO, 35 illik həyat təcrübəsini və oxuyub öyrəndiklərini paylaşaraq, bunları tövsiyə edib:

1. Həyatda heç nə sağlamlıq qədər önəmli deyil. Sağlamlığına zərərli olacaq mümkün qədər çox şeyi kəsmək lazımdır. Ömrü uzatmaq olmur. Onu qısaltmağı dayandırmaq olur. İstisnasız olaraq, hər kəs bir vaxt anlayacaq ki, sağlam bədəndən dəyərli heç nə yoxdur həyatda.

2. Pulun idarə olunmasını, maliyyəni mümkün qədər tez öyrənməlisən. Lap məktəb yaşlarından. Nə qədər gec olsa, o qədər çox ağrı çəkirsən. 3 şey səni fərd kimi sözünün kəsərinə təsir edəcək:
- biliyin
- fiziki gücün
- maliyə gücün

3. Valideynlərini həmişə uca tutmalısan. Diqqət ayırmalısan. Əksini etdikdə ağrı çəkirsən.

4. Həyat yoldaşını düz seçməlisən. Bu, paltar seçimi deyil. Xoşbəxt olub-olmayacağına təsir edən ən böyük məsələdir. Necə seçməli? Həyatda önəmli tutduğum 3-5 dəyəri yazmalısan. Oxşar dəyərləri olan adamı seçməlisən. Əks halda onda həmin dəyərləri formalaşdırmağın sənə çox ağrılı olacaq. Qadın psixologiyasını az-çox başa düş. Bunu etmədən evlənmə. Ağrın çox olacaq əks halda.

5. Qadının emosiyalarına diqqət et, amma önəm vermə. Onların emosiyası daim rəqs edər. Sən yerində dur. Dönüb sənə qayıdacaq.

6. Universitet illərindən doğru dost çevrəsi yarat. Mütəmadi yeni dostlar qazan. Bunun üçün mütəmadi olaraq yeni-yeni mühitlərə get. İnsanlara vaxt ayır. Dostların yenilənmirsə, sən də inkişaf etmirsən. Keyt Ferrazzinin "Heç vaxt tək yemə " kitabını oxu. Nə demək istədiyimi başa düşəcəksən.

7. Yaşam əqidən təkcə maddi qazanc olmasın. Sənin xoşbəxtliyin başqasının bədbəxtliyi üzərində qurulanda sən uduzursan. Başqasının xoşbəxtli sənin bədbəxtliyin üzərində qurulanda sən uduzursan. Başqalarının xoşbəxtliyi üçün özünü qurban vermə.

8. Heç kimin uğur hekayəsi sənin üçün yol deyil. Öz yolunu yaz. Öz prinsiplərinlə davran. Başqalarının məsləhətinə qulaq as. Amma qərar hər zaman özünün olsun.

9. Həmişə gəncsən. Öyrənməyi dayandıranda qocalmağa başlayırsan. Gənc olmağını dayandırma. Hərəkətdə ol. Ölüm - hərəkətsizlik halıdır.

10. Qəşəng geyin. Həmişə yaxşı bədən formanı qoru. Geyim və duruş sənin "qablaşma"ndır. Yaxşı "qablaşma" səni daha tez önə çıxarır.

11. Ailənə və övladına bütün qəlbinlə aid ol. Hər səhəri xoş sözlərlə açıb gecələri xəyallarla bitir. Övladlarına hər gecə nağıllar danış.

13. İnsanlara inan. İnamla yaşamaq inamsız yaşamaqdan qat-qat rahatdır. İnan, amma gözlənti formalaşdırma. İnsan kəlməsi - "nisyan" sözündən yaranıb. Mənası unutmaq deməkdir. İnsanlar səni və sənin əməllərini unuda bilər. Buna görə onlardan incimə.
Bağışlayan qəlbə sahib ol. Başqalarını bağışlamaq özünə etdiyin ən böyük yaxşılıqdır. Əksər xroniki xəstəliklər - başqalarına bəslədiyiniz kinin verdiyi stresdən yaranır.

14. Sən həmişə düz dur. Kölgən əyri düşsə də olar. Unutma ki, sən böyük adam olduqca səni məzəmmət edən çox olacaq. Böyük peyğəmbərlər daim daşlandı, çarmıxa çəkildi. Böyük olub hamı tərəfindən sevilmək mümkün deyil.

15. Xoşbəxt görünməyi vecinə alma. Xoşbəxt olmağı vecinə al. Xoşbəxtlik xoşbəxt anların cəmidir. Yaşadığın anları xoşbəxt olmağa çalış.
Unutma, keçmiş ya gələcək - xəyal məhsuludur. Yalnız İNDİ mövcuddur. İndini keçmiş təəssüratlar və ya gələcək xəyallara qurban vermə.

16. Ev, maşın, əşyalar - hamısı gəldi-gedərdir. Hər bir əşya ömründən pay oğurlayır. Vaxtını əşyalara yox, özünə və doğmalarına ayır. Əşyalara xərclədiyin pulu dünyanı gəzməyə, xatirələr yaşamağa ayır.

17. Lap uşaq vaxtdan sənin pul üçün deyil, pulun sənin üçün işləməsinə çalış. Sənə işləmədən pul gətirən mənbələr yarat - bizneslər, daşınmaz əmlak kiraları, şirkət səhmləri və s.
Hansısa peşədə çalışsan belə, bunları öyrən və yarat. Unutma ki, bir gün pul qazanma qabiliyyətini itirə bilərsən. O zaman başqalarından asılı vəziyyətə düşmə.

18. Ədalətli olmaqla yanaşı, güclü olmağı öyrən. Seçim qarşısında qalarkən insanlar gücü seçir.

19. Pilləkənlə yuxarı qalxdıqda ayağını basdığın pillələri dağıtma. Aşağı düşəndə lazımın ola bilər. Nə demək istədiyimi yaşadıqca görəcəksən.

20. Xarici dilləri öyrənməmişdən öncə şirin dildə danışmağı öyrən. Sənin xarakterin və tərzin çox vaxt ağlından daha önəmlidir.

21. Universitetdə oxuyanda bir neçə dil öyrən. Sonra qayğıların artır və çatdırmaq olmur.

22. Komandana sevgi ilə yanaş. İşçilərin işçi olmamışdan öncə bir insandırlar. Qayğı göstərməsən, kimsə sənə sadiq olmayacaq. Əlaqələrin üstündə qayğıkeşliklə işləmək lazımdır.

23. "Məntiq ya emosiya?" sualına gəldikdə, "emosional" doğru olana kimi "məntiqli" cavabını unutma. Çox insan emosional qərar verib, ona məntiq axtarır. Sən öz emosiyalarını məntiqli olması üçün məşq etdir.
Bu məsələ " ya o, ya da bu" yanaşması deyil. "Həm o, həm də bu" yanaşması olmalıdır.
Hansı daha güclüdür? Emosiya.

24. Sən bənzərsizsən. Dünyada səndən 2-cisi yoxdur. Öz qüsurlarını sev. Onlara görə üzülmə. Qüsurlarınla daha özəlsən.

25. Xəyallarını sonsuz tut. Limitlərin olmasın. Xəyallar qəlib, potensial isə onu dolduracaq maddədir. Sənin potensialın xəyalların qədər böyüyür.

26. Həyatda ən gözəl yaradılış - təbiət və təbii olan hər şeydir. Heç bir halda süni şeylərə təbiini dəyişmə. Təbiət ilə təmasda olduqca daha saflaşırsan.

27. Sağlam yaşamaq və sağlam düşünmək istəyirsənsə, az ye, çox çim, çox yat, çox qaç. Bəli, çox yat. Gündə 8-9 saat yat. 1 saat 100% diqqət ilə işləmək, 10 saat 10% diqqət ilə işləməkdən yaxşıdır.

28. Ürəkdən gül, doyunca ağla. Emosiyalarını gizlətmə. Sənin emosiyalarını sevməyəndən uzaq dur. O adama özünə sərfəli robot lazımdır. Sən doğal varlıqsan, robot deyil.

29. Bəzən düzü tapmağın yolu səhvləri kəsməkdir. Səhv davranışları , səhv işləri, səhv insanları kəsmədikcə doğrular səni tapmaz. Yeni cümlə köhnəyə nöqtə qoyduqda başlayır. Bu cümləni divara yaz:
"Bitirmədiklərin səni bitirir".

30. Həyatı axarına burax. Sən istədiyin hər şeyi əldə edəcəksən. Amma bunların hamısı eyni zamanda olmayacaq. 9 qadını hamilə edib 1 aya uşaq ala bilmərsən.
Səbrli ol, həyatını doyaraq yaşa.

© Big.az

 

0.01775598526001