“Bir-birlərini qırırdılar” – Manaf Ağayev sülh masasından danışdı
Aşıq Mübariz və müğənni Pünhan bir-birinin ünvanına xoşagəlməz sözlər, hətta təhqirlər söyləməsi və müğənni Manaf Ağayevin onları barışdırması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Tərəflər arasında olan ağır söz davasından sonra polisə müraciətə, ardınca isə Manaf Ağayevin gərginliyə kamera önündə müdaxilə etməsinə qeyri-ciddi münasibət göstərənlər də olub.
Hətta yazıçı Kəramət Böyükçöl məsələyə ironiya ilə yanaşaraq, M.Ağayevdən əvvəlcə onunla siyasətçi Tural Abbaslını, sonra isə Rusiya ilə Ukraynanı barışdırmasını istəyib.
Paralel.az sosial şəbəkələrdə yazılanlarla bağlı münasibət öyrənmək üçün M.Ağayevlə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında baş verənlərin qurama olmadığını söyləyib:
"Burada qeyri-ciddi bir şey yoxdur. Bilirsiniz ki, sosial şəbəkələrdə hər kəs bir-birinə ağzına gələni deyir. Qoy, kim necə düşünürsə düşünsün. Bir həftədir, bir-birlərini qırırdılar. İkisi də mənə yaxın olduğu üçün çağırdım, barışdırdım, çıxıb getdilər. Yaxşı da qarşılandı, yaxşı oldu. Burada qeyri-ciddi bir şey, əvvəlcədən planlaşdırılan nə isə yoxdur", - deyə o söyləyib.