Donuz tükündən və süpürgədən başlayan yol - Diş fırçası belə yaranıb

Donuz tükündən və süpürgədən başlayan yol - Diş fırçası belə yaranıb
 

Gigiyenasına diqqət edən hər kəsin evində mütləq diş fırçası olur. Bəs görəsən diş fırçası olmayanda insanlar nə edirdilər, o necə yaranıb?

Lent.az “Belə yaranıb” rubrikasında diş fırçalarının yaranması barədə məlumat verir.

Tarixdə bilinən ilk diş fırçası Qədim Misirdə eramızdan əvvəl 3000-ci ildə qələm boyda ağac budaqlarından hazırlanıb. 

İslam yarandığı illərdən etibarən, müsəlmanlar Məhəmməd peyğəmbərin tövsiyəsi ilə Salvadora persica (misvak) ağacının kiçik budaqlarının ucunu saçaqlı hala gətirərək, fırça kimi istifadə edirdilər. Görünür misvak ona qədər də bu məqsədlə istifadə edilirmiş. Elmi araşdırmalara görə, misvak ağacının tərkibində diş və damaq sağlığına faydalı olan elementlər var.

Uzun illər insanlar dişlərini təbaşir, duz, soda, yaşıl qoz qabığı kimi vasitələrlə də təmizləyiblər.

Bugünki diş fırçasını xatırladan ilk diş fırçası 1498-ci ildə Çində hazırlanıb. Çinin soyuq iqlimində yaşayan donuzların boyunlarının arxasından qoparılan tüklər sapla bambuk ağaclarına bərkidilirdi. Şərqdən olan tacirlər bu fırçaları avropalılara tanıtdırdılar. Avropada donuz tükü at tükü ilə əvəz olundu. 

Müasir diş fırçasının “atası” isə 240 il öncə həbsxanada yatmış bir dustaq hesab olunur. 1780-ci ildə həbsdə yatan Vilyam Addis süpürgədən ilhamlanaraq kiçik heyvan sümüyü üzərində açdığı dəliklərə saman çöpləri yerləşdirməyə başlayıb. O, bu aləti çürük dişlərinə dolmuş yemək qalıqlarını təmizləmək üçün hazırlamışdı. Həbsdən çıxdıqdan sonra Vilyam ixtirasının patentini alır və zəngin olmağa başlayır. Onun qurduğu “Wisdom Toothbrushes” şirkəti hələ də diş fırçalarının istehsalı ilə məşğuldur.

1938-ci ildən isə diş fırçalarının taxta və dəmir tutacaqlarını kauçuk (daha sonralar plastik) əvəz eləməyə başladı. Diş fırçasının tükləri isə daha heyvan tüklərindən yox, sintetik maddələrdən hazırlanmağa başlanıldı.

 

0.033755779266357