Əkrəm Əylisli: “İstəməzdim ki, kimsə məni o halda görsün...”

Əkrəm Əylisli: “İstəməzdim ki, kimsə məni o halda görsün...”
 

Görkəmli yazıçı Əkrəm Əylisli son vaxtlar nəylə məşğul olduğunu açıqlayıb. 

“Yeni Sabah”a danışan 86 yaşlı yazıçı yazıb-yaratmağa davam etdiyini bildirib. O, müxtəlif ölkələrdə kitablarının hələ də nəşr edildiyini bildirib: 

“Yazıb yaratmağa davam edirəm. Bu günlərdə Gürcüstanda qəşəng bir kitabım çıxdı. 3-4 gündür ki, onun sevinci ilə yaşayıram. Kitabım ötən ay çıxıb. 

 İndiyə kimi bütün Avropa dillərində kitablarım çap olunub. İndi Amerikada “Adamlar və ağaclar” nəşrə hazırlanır. Bundan əvvəl də ABŞ-də iki dəfə kitabım nəşr olunmuşdu, bu, üçüncü olacaq. 

Bunlara görə mən rahat nəfəs ala bilirəm, fiziki cəhətdən də özümü az-çox yaxşı hiss edə bilirəm, işləyə bilirəm. Mən işləməyəndə özümü çox halsız, zəif hiss edirəm. Heç istəməzdim ki, məni kimsə o halda görsün...”

Qocaman yazıçı təqribən 1 ay sonra Azərbaycanda da yeni yazılarının işıq üzü görəcəyini açıqlayıb. O, bu dəfə bəddi əsərlərini deyil, publisistik yazılarını dərc etdirəcək: 

“Azərbaycanda isə yaxın keçmişdə “Safsar” və “Dağlar deyir ki, soyuqdur” kitablarım çap olundu. O kitabdakılar mənim son illər yazdıqlarımdan ibarət idi. Şahbaz Xuduoğludan xahiş etmişdim, o da nəşr etdirmişdi. 

Onların arasında ən xoşuma gələni “Metro vaqonunda gün işığı” povestidir.  

Ümumiyyətlə, son vaxtlar yazdığım hekayələr özümün xoşuna gəlir, xüsusən pandemiya dövründə yazdıqlarım.

Hal-hazırda əlimdə publisistik yazılar var. Düşünürəm ki, o yazılar çıxanda maraqla qarşılanacaq. Onların arasında ədəbiyyat haqqında, müşahidə etdiyim son hadisələr, onlara şəxsi münasibətim haqqında yazılar var. Bu yazıların çapı çox çəkməyəcək, maksimum 1 aya, 20 günə oxucuların ixtiyarında olacaq”. 

Xatırladaq ki, Əkrəm Əylisli 2013-cü ildə çap etdirdiyi “Daş yuxular” romanından sonra Azərbaycan ictimaiyyətinin kəskin etirazı ilə üzləşib. Bu romanına görə Ə.Əylisli Prezident İlham Əliyevin sərəncamları ilə “Xalq yazıçısı” fəxri adından və Prezident təqaüdündən məhrum edilib. Hətta onun kitabları nümayişkaranə şəkildə yandırılıb. Həmin vaxtdan sonra yazıçı uzun illər demək olar ki, ictimai tədbirdə iştirak etməyib. 

 

0.018425941467285