Arada bəxtimdən küsürəm tez-tez... -Hikmət Məlikzadə
Hər adam bir parça ağ kağız olur,
Ancaq taleyini özü yazmır, eh...
O qız da məktubda hər nə var, yazır,
Təkcə gözlədiyim sözü yazmır, eh...
Arada bəxtimdən küsürəm tez-tez...
Bəlkə də günaha batıram, bəlkə.
Yolun işıqları get-gedə artır,
Sonuncu qatara çatıram bəlkə?
Əlim aşağıdır, üzüm utanır,
Həyat, qapıları dartıb onsuz da...
Pul ver, ona-buna ağız açmayım,
Kənddə dilənçilər artıb onsuz da.
Köksümü dağıdır cavan xəyallar,
O qız hardan mənim baxtıma düşüb?
Allah, dəli kimi ağlayır o qız,
O, mənim çox kasıb vaxtıma düşüb...