Ölkənin baş notariusu işdən çıxarıldı? - Rəsmi açıqlama
Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini, Notariat İdarəsinin rəisi Mehman Soltanovun vəzifəsindən azad edilməsi barədə mediada məlumat yayılıb.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova bununla bağlı Axar.az-a bildirib ki, Mehman Soltanovun vəzifəsindən azad edilməsi ilə bağlı mediada yayılan xəbərlər həqiqəti əks etdirmir:
"Mehman Sultanov indi yox, 1 ildən çoxdur ki, son yaş həddi ilə bağlı təqaüdə çıxıb".
Qeyd edək ki, 1958-ci ildə Göyçay rayonunda anadan olan Mehman Nəsir oğlu Soltanov uzun illər Ədliyyə Nazirliyində çalışıb. 1993-2003 illərdə Ədliyyə Nazirliyində dövlət notariusu kimi fəaliyyət göstərib. 2003-cü ildən etibarən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş idarəsinin rəisinin müavini və Notariat İdarəsinin rəisi vəzifəsində çalışıb.
Mehman Soltanov çalışdığı dövr ərzində müxtəlif mükafatlarla təltif olunub. 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2018-ci ildə “Ədliyyə Nazirliyinin 100 ilik yubileyi” medalı ilə təltif edilib.
Xatırladaq ki, 27 fevral 2024-cü ildən Fərid Əhmədov ədliyyə naziri təyin olunub.