“Covid-19” da PA-nı seçir ?!

“Covid-19” da PA-nı seçir ?!
 

4 ildir “covid-19” pandemiyası Azərbaycanda “oturum” alıb. Düzdür Ümumdünya Səhiyyə Təşkilatı iki ildir pandemiyanın sonunun çatdığını açıqlayıb, di gəl , hələ də sözügedən virus ölkədən getməyib. Daha doğrusu, pandemiya ilə bağlı qadağalar götürülüb, maskalar yığışdırılıb, bircə quru sərhədləri hələ də bağlıdır. Pandemiya quru yolun açılışına yol vermir.

 Bir də “covid” Prezident Administrasiyasından əl çəkmir. Ali icra hakimiyyəti orqanının aparatına- Prezident Administarsiyasına , Vətəndaşların Qəbulu Mərkəzinə maskasız girmək qadağandır. İnsafən, maskanı elə Mərkəzin özündə pulsuz verirlər, di gəl, müraciətlərin özü pulsuz qəbul edilmir. Gərəkdir poçt şöbəsindən haqqını ödəyib yola salasan. Məktub da bir deyil, iki deyil, bunun haqqını ödəmək də asan deyil. Yəni 4 ildir PA vətəndaşlara pullu xidmətə keçib. Onu da vurğulayaq ki, pullu xidmətdən “ Azərpoçt” qazansa da, vətəndaş itirir. Həm pulunu, həm də vaxtını. Təsəvvür edin, Prezident Sarayının bir addımlığındakı poçt şöbəsindən bir addımlıq məsafəyə- PA-ya  göndərilən sifarişli məktub ən tezi 5 günə çatır. Gecikmə məktubun Baş poçtamtdan (“senzura”dan) dolanıb gəlməsi ilə bağlıdır yəqin.  Görəsən, əvvəllər olduğu kimi, Prezident Sarayının çölündə poçt qutusu qoymaqla vətəndaşları pullu xidmətdən qurtarmağa nə mane olur? “Covid”dirsə, niyə bir addımlıqdakı NK-ya da yoluxmur? Belə bəlli olur ki, “covid”in də seçimi PA-dır.

Prezident seçkilərindən sonra da vətəndaşlara pullu xidmət göstərilməsi sürəcəkmi? Yaşaya bilsək, görərik.

Məğrur Bədəlsoy

0.046661138534546