Maraqlı statistika və zəruri bir təsbit... - Rövşən Ağayev
Hazırda Azərbaycan iqtisadiyyatının neft-qaz sektorunda fromalaşan ÜDM-nin 75%-i xam neftlə, 25%-i təbii qazla bağlıdır.
Neft Fondunun təbii resursların satışından formalaşan gəlirlərinin 83%-i xam neftin, 17%-i təbii qazın ixracı ilə bağlıdır (2023-cü ilin 11 ayının statistikası).
Təbii resurs ixracından ölkəyə daxilolmaların 60%-i xam neft, 40%-i təbii qazla bağlıdır (2023-cü ilin 11 ayının statistikası).
Zəruri bir qeyd: Neft-qaz sektorunda ÜDM-nin artıb-azalması təbii resursların qiymətilə yox, hasilatın həcmilə bağlıdır. Milli Hesablar sistemilə bağlı məlumatlı olan dostlar bilir, real artım tempini hesablamaq üçün ÜDM-nin cari qiymətlərlə hesablanan həcmi baza ilinin qiymətilə hesablanan hasilat göstəricisinə faizlə nisbəti götürülür.
Neft-qazın qiymətinin ÜDM-ə təsiri 2 kanalla baş verir: xalis ixracatı artırmaqla, hökumətin genişləndirilmiş fiskal siyasəti vasitəsilə iqtisadiyyata sərmayələrin artımı hesabına.
Məsələn, 2022-ci ildə neft-qaz ÜDM-nin real həcmi 2,7% azalıb. Halbuki 2022-də Brent markalı neftin orta illik qiyməti 100 dollar, 2021-də isə 70 dollar ətrafında olmuşdu.
Amma 2021-də neft hasilatının həcmi 6,1% azalmışdı, əmtəəlik təbii qaz hasilatı isə 7% artmışdır. Sadəcə neft-qaz ÜDM-nin 75%-ni xam neft formalaşdırdığı üçün 6%-lik azalmanın artım dinamikasına azaldıcı təsiri dominant olub.
"Paralel.az"