Yeni il təhsilimizə düşərli olacaqmı?
Dos. İlham Əhmədov
Adətən ilin sonunda insanlar fəaliyyətlərinə, işlədiyi sahədəki nailiyyət və problemlərə nəzər salır, səhvlərini müəyyən edir, yeni ilin daha uğurlu olması üçün planlar qururlar. Bizlər də elm-təhsil sahəsinin mütəxəssisləri olaraq bu sahədəki vəziyyəti bir daha təhlil edir, gələcəyə ümidlə baxmaq istəyirik.
Təhsildəki duruma baxanda görürük ki, bu sahədə vəziyyət heç də yaxşı deyil. Baxmayaraq ki, nazirlik nəhayət ki, 1 ilə özünə əsasnamə hazırlaya bildi, 2 yeni agentlik yaratdı, amma təhsildə ümumi vəziyyət, iş metodları, zəruri infrastrukturun yaranması olmadı.
Gələn il təhsilin bütün parametrləri üzrə köklü dəyişikliklərin olması ümidi ilə yeni ilə qədəm qoyuruq. Ümid edirik ki, nəhayət ki, təhsildə də Qarabağda olduğu kimi Zəfərlərimiz olacaq, dünya təhsil reytinqlərində mövqelərimiz tədricən yaxşılaşacaq, müasir standartlara uyğun İnnovativ Qarabağ Universiteti yaradacağıq.
Arzuların reallıq olması üçün son 25 ildəkindən fərqli formatda işləməliyik: elm və təhsil sistemində milli mənafeyə uyğun, fərqli, daha optimal kadr siyasəti, şəffaf və səmərəli maliyyə siyasəti reallaşacaq, tədricən irəliləyişlər mümkün olacaqdır.
Ümid edirik ki, gələn il təhsildə gəlişi gözəl sözlərdən real işlərə keçəcəyik, sözlə əməl harmoniya təşkil edəcəkdir. Ümid edirik ki, gələn il "Ali təhsil" haqqında qanun nəhayət ki, qəbul ediləcək, bu qanun kağız üzərində qalmayacaq, öz praktik tətbiqini tapacaqdır.
Bu gün qlobal təhsil məkanında distant təhsili olmayan universitet müasir universitet kimi qəbul edilmir. "Ali təhsil" haqqında qanunda distant təhsil haqqında xüsusi bənd var. Yəqin ki, təhsil haqqında qanundan fərqli olaraq bu qanundakı müvafiq bənd öz tətbiqini tapacaqdır.
Dünyada 25 ildir ki, distant (onlayn) təhsil inkişaf edir. Bu gün onlayn təhsili olmayan ölkələrdə müasir, innovativ, əlyetərli, keyfiyyətli təhsildən danışmaq mümkün deyil. Təəssüf ki, ölkəmizdə son 20 ildə bir çox dövlət proqramlarında distant təhsil, onlayn təhsil barədə xüsusi bəndlər olsa da, bu sahədə heç bir iş görülməyib, əksinə onlayn təhsilin inkişafının qarşısı müxtəlif yollarla alınıb, bu barədə danışanlar, yazanlar, bunu təbliğ edənlər isə arzu olunmaz şəxslər hesab edilib. Hətta pandemiya dövründə yaranan problemlər və postpandemiya dövründə bütün dünyada onlayn təhsilin inkişafına xüsusi önəm verilməsi də bizim təhsil sistemini hərəkətə gətirmədi. Onlayn təhsilin inkişafına qarşı səriştəsiz davranış, mənasız inadkarlıq, təhsildəki neqativ hallara qarşı olsaydı, təhsilimiz bu gün daha yüksəklərdə olardı.
Bu gün bütün dünya etiraf edir ki, təhsilin gələcəyi rəqəmsal texnologiyalara bağlıdır. Son illərin təhsil praktikası, bu günün təhsil reallığı artıq bunu göstərir. Təəssüf ki, bizdə nə dünən, nə bu gün onlayn təhsil olmayıb, bu gün təhsildəki proseslər də göstərir ki, hələ yaxın gələcəkdə də olmayacaq. Distant təhsili olmayan universitetlərin isə heç bir reytinqi ola bilməz. "Necə edək ki, təhsil reytinqlərimiz qalxsın?" sualının bir cavabı da budur.
Bu yaxınlarda keçirilən Azərbaycan müəllimlərinin XVI qurultayında "Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası” adlı panel vardı. Ölkədə distant təhsilə embarqo qoyulduğu halda bu paneldə nə danışıla bilərdi görəsən?
Yaxşı ki, bu tədbirdə “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin nümayəndəsi (icraçı direktor Fariz Cəfərov) iştirak edirdi. O, 4 -cü sənaye inqlabının gətirdiyi texnoloji dəyişikliklər, rəqəmsal transformasiyanı təmin etməyə hədəflənmiş yeni rəqəmsal iqtisadiyyatın strategiyası barəsində məlumat verdi, təhsilin rəqəmsallaşmasında hibrid və distant təhsilin rolundan danışdı, bu istiqamətdə 4SİM Akademiyası çərçivəsində Coursera ilə əməkdaşlıq layihəsinin icrasından bəhs etdi.
Ümid edirik ki, təhsildən kənar qurumların (4-cü SİM, DİM) təhsilin inkişafına dəstək verdiyi kimi, təhsil yönümlü maraqlı layihələrə az da olsa qrantlar verdikləri kimi (QHT Agentliyi v.s.) ETN də yeni ildə təhsilin inkişafına real tövhələr verəcək.
"Paralel.az"