TƏBİB "rüşvət xəstəliyini" amputasiya etmir, Vüqar Qurbanovun rüşvət yığmasına xidmət edir?!...
Məmurun rüşvətxorluq əməlini xalq ifşa edəndə əlac "reket" saytlarda özünü tərif etdirməyə qalır...
"Reket" jurnalistikası ilə mübarizə aparan bir sıra təşkilatlar hələ də anlamırlar ki, jurnalistlərin "reket" qismi rüşvətxor məmurlar tərəfindən maliyyələşdirilir və bu, onların işinə çox yarayır. "Reket" jurnalistlərin sırasının ölkədə getdikcə genişlənməsinin əsas səbəblərindən biri də, məhz ölkədə rüşvətxor məmurların yaz və payız aylarında yağan yağışdan sonra yerdən çıxan göbələk kimi, çoxalmasıdır.
Müəyyən səbəblərdən adını çəkmək istəmədiyimiz "reket" saytda ölkədə rüşvətxorluqda ad çıxaran, ölkə vətəndaşlarının sağlamlığına fayda verməyən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov barədə tərif, mədhiyyə dərc edib. Həmin yazı barədə fikir bildirməkdənsə, yazının özü ilə tanış olmağın daha faydalı olduğunu nəzərə alaraq,
"reket" saytın TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun tərifindən ibarət olan cızma-qaranı oxicuya təqdim edirik:
"Azərbaycan səhiyyəsi elə bir xəstəliyə yoluxmuşdu ki, koronavirus bəlası kimi həm gözəgörünməz, həm də dağıdıcı idi. Heç bir təbib onun dərdinə dərman ola bilmirdi. xəstəxanaların qapısındakı gözətçidən tutmuş ta yuxarıya qədər pul paylamaq epidemiya kimi yayılmışdı. Sözün həqiqi mənasında tibb müəssisələrimiz "Parni iz Baku"nun məşhur səhnəciyində təsvir olunan mənzərəyə bənzəyirdi. O zaman gərək ağxalatlıları "görəydin", əli cibində olmayan xəstə, yaxud yaxını heç kimdən şəfqət gözləməməli idi.
Pulun da yoxdursa, kənddən gələn çolpadan, hinduşkadan gətirə bilərdi. Doğurdan da xəstəxanalarımız "vosmoy" bazarına oxşayırdı. Və insanların tam inamı sarsılmışdı ki, heç vaxt Azərbaycanda səhiyyə xidməti düzələn deyil. Kimdən soruşsaydın, deyəcəkdi ki, qozbeli qəbir düzəldər, bizim səhiyyəni isə heç qəbir də düzəltməz.
Ona görə ölkədə sağalması mümkün olmayan rüşvət xəstəliyi çox geniş yayılmışdı. Amma qəflətən ölkədə elə bir inqilabi dəyişiklik baş verdi ki, TƏBİB hər kəsin dərdinə dərman oldu. Xalqda səhiyyəyə, həkimə, dövlətin səhiyyə siyasətinə inam yarandı. Bu gün TƏBİB sağlam reputasiyası olan qurumdur".
"Reket" sayt rəhbəri TƏBİB-dən aldığı madfi mükafatdan o qədər məmnundur ki, görün, rüşvətxor qurum haqqında nələr yazır: "Çünki idarəçilik sağlam əllərdədir. Bu gün başda TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov olmaqla, müavinləri Araz Nəsirov və Anar İsrafilov bu sahədə xariqələr yaradır, mükəmməl sistem qurur, tam şəffaf vəziyyət formalaşır, bütün eybəcərliklər, qüsurlar, illərlı mövcud olmuş neqativlərə son qoyulur.
Çünki bu üçlük - Qurbanov, İsrafilov və Nəsirov böyük ürəklə, həvəslə işə yanaşır. Məhz bunun nəticəsidir ki, vətəndaşların xəstəxanalara, həkimlərə etibarı yaranıb. Artıq qapıda gözləmə, süründürməçilik, rüşvət, səhlənkarlıq, laqeydlik halları yoxdur. Bu həm də dövlətin, ölkə rəhbərliyinin göstərişlərinin icrası deməkdir. Prezident Vüqar Qurbanovdan və onun komandasından görmək istədiyi bir idarəçilik effektini almaqdadır.
Çünki səhiyyəmiz TƏBİB olana qədər ən gözdəndüşmüş, sallaqxanaya oxşayan bir yer idi. İndisə TƏBİB rəhbərliyi həm rüşvət xəstəliyinin tam amputasiya edərək sağlam fəaliyyət ortaya qoymaqdadır, həm də sözün obrazlı mənasında Qarabağda "separatizm xəstəliyi"ni müalicə etməkdədir. Çünki yuxu kimi görünsə də, artıq Xankəndidə TƏBİB-in tabeliyində olan poliklinika erməni sakinlərə tibbi xidmət göstərir, müayinə edir. Bu isə ermənilərin illərlə zehniyyətində olan xəstə təfəkkürü, Azərbaycana düşmən, nifrət münasibəti dəyişir".
Görəsən, sayt rəhbəri TƏBİB-in yaxşı fəaliyyət göstərdiyinə görə, Xankəndində yaşayan ermənilərin Azərbaycana münasibətini dəyişməsi barədə rəyi kimdən və haradan alıb?! Materialda sual doğuran məqamlar çoxdir və əslində, yalandan ibarət olan bu materialda o qədər tərif yazılıb şişirdilib ki, TƏBİB-i tərifləmək əvəzinə, əksinə, onu ifşa edir. Bu cızma-qara ilə yaxından tanış olan istənilən insan müəllifə nifrət etməyə bilmir...
Buyurun, "reket saytın, az qala, işini tərif edib, göylərə qaldırdığı TƏBİB-in ünvanına yağdırdığı tərif selilə yaxından tanış olun:
" TƏBİB-in həkimləri, tibb işçiləri xəstələrə qayğı göstərməklə həm də beyinlərdə olan xəstə düşüncəni müalicə edirlər. Artıq onlar görürlər ki, biz bu ölkədə heç bir kəsə milli kimliyinə görə fərq qoymuruq. Bax, bu mənada TƏBİB-in Xankəndidə fəaliyyəti də olduqca xoş bir mənzərədir. Bizim oradakı tibb işçilərimiz böyük ürək sahibidirlər. Bu həm də Vüqar Qurbanovun yaratdığı sistemin nəticələridir. Onu da deyək ki, artıq müqavilə bağlanan tibbi mərkəzlərinin sayı 140-a çatıb.
İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 3315 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutunda istifadə edə bilərlər.
Dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə Agentliyin müqavilə bağladığı tibb müəssisələrinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bundan başqa, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində aldığınız tibbi xidmətlərin keyfiyyətini “e-Tabib” mobil tətbiqi vasitəsi ilə qiymətləndirə bilərsiniz.
Belə ki "e-Tabib” mobil tətbiqi vasitəsi ilə 2023-cü ilin ilk 6 ayı ərzində TƏBİB-in tabeliyindəki tibb müəssisələri Mərkəzi Neftçilər Xəstəxanası orta hesabla 4.6, Yeni Klinika orta hesabla 4.5, Bakı Baş Səhiyyə Mərkəzi, Sumqayıt Tibb Mərkəzi və Abşeron Rayon Mərkəzi Xəstəxanası isə orta hesabla 4.4 bal ilə qiymətləndirilib.
Qiymətləndirmədə iştirak edənlərin ümumi sayı 7 812 olub. Onlardan 4 471-i Bakı Baş Səhiyyə Mərkəzində, 1 276-sı Sumqayıt Tibb Mərkəzində, 832-si Abşeron Rayon Mərkəzi Xəstəxanasında, 772-si Mərkəzi Neftçilər Xəstəxanasında, 461-i isə Yeni Klinikada aldığı tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsində iştirak edib. TƏBİB-in tabeliyində fəaliyyət göstərən akademik Mirqasımov adına RKX tibbi avadanlıqların yenilənməsi, həkimlər tərəfindən mükəmməl tibbi xidmətlər ən yüksək səviyyədə aparılır. Beləliklə fəaliyyət göstərən dövlət tibb müəssisələrində müraciət tarixçənizlə tanış olmaq üçün “e-Tabib” mobil tətbiqini yükləməyiniz kifayətdir. Bir sözlə, TƏBİB sağlam, saat kimi işləyən orqanizm kimidir - yenilənir və inkişaf edir..." - deyə, TƏBİB mədh olunur...
Bu cızma-qaranın rüşvətlə yazılmasına qəti şübhə etmirəm! Ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və müavinləri bunu sifariş ediblər. Şübəsiz, bu mədhiyyə müstəqil Azərbaycanın səhiyyə sistemini, o cümlədən TƏBİB-ə tabe olan bütün tibb müəssisələrini hazırda bürümüş rüşvətxorluğun üzərinə nazik örtük çəkməyə hesablanıb.
Eyni zamanda, bu cızma-qara təsdiq edir ki, rüşvətxor məmurla "reket" sayt rəhbəri dərin iş birliyindədir.
Dəniz