Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinə yeni müdir təyin edilib - DOSYE

Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinə yeni müdir təyin edilib - DOSYE
 

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinə yeni müdir təyin edilib.

Bununla bağlı nazir Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov sözügedən vəzifəyə təyinat alıb.

Əbdülov Gündüz Əliş oğlu 1976-cı ildə Şuşa şəhərində anadan olub.

2000-ci ildə Türkiyə Respublikası Milli Müdafiə Universitetində "sistem mühəndisliyi" ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili almış, 2016-cı ildə Azərbaycan Respublikası Milli Müdafiə Üniveristetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirib.

2000-ci ildən etibarən Azərbaycan Ordusunda leytenant hərbi rütbəsində hərbi xidmətə başlamış, döyüş bölgəsində yerləşən hərbi hissələrdə və Müdafiə Nazirliyinin Mərkəzi Aparatında müxtəlif komanda-qərargah vəzifələrində polkovnik hərbi rütbəsinədək yüksəlmiş və 2019-cu ilin sonunda öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılmışdır.

Xidmət müddəti ərzində NATO-nun Beynəlxalq Hərbi Qərargahında qərargah zabiti, daha sonra isə NATO-nun Brüsseldəki Qərargah Mənzilində Hərbi Komitə yanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndəsi - Azərbaycan Respublikasının NATO-dakı Missiyasının hərbi məsələlər üzrə müşavirinin müavini vəzifələrində hərbi diplomat missiyasını yerinə yetirmişdir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsində şöbə rəisi və idarə rəisinin müavini vəzifələrində xidmət etdiyi dövr ərzində xüsusi ilə Avro-Atlantik məkanda yerləşən xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində başda NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı və ABŞ-ın Beynəlxalq Hərbi Təhsil və Treninq Proqramı olmaqla bir sıra hərbi təhsil və təlim proqramlarının Azərbaycan Ordusunda tətbiqinə rəhbərlik etmişdir.

Azərbaycan Ordusunun NATO və BMT ilə əməkdaşlığı çərçivəsində missiyaya açılan kontingentinin fəaliyyətinin təşkilinə, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi və Müdafiə Nazirliyi arasındakı ikitərəfli planın icrasına rəhbərlik etmişdir.

2020-ci ildə TƏBİB-in Aparat rəhbəri vəzifəsində təyin olunub. Bu vəzifədə çalışdığı müddət ərzində TƏBİB-in nəzdində yaradılmış COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Koordinasiya Qrupunun fəaliyyətinə və Vətən Müharibəsi dövründə döyüş əməliyyatlarının aparıldığı ərazilərdə TƏBİB tərəfindən həyata keçirilən tibbi xidmətin və təxliyyənin təşkilinə rəhbərlik etmişdir.

Azərbaycan Respublikası Prezidenti adından "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)","Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2003)" və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley, "Qüsursuz xidmətə görə" 3-cü, 2-ci və 1-ci dərəcəli, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli, eləcə də Vətən Müharibəsi dövründə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə"medalları ilə təltif olunmuşdur.

Gündüz Əbdülov "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında yaradılmış Qarabağ Regional Təhsil İdarəsinə Təhsil nazirinin müvafiq əmri ilə 29 aprel 2022-ci il tarixdə müdir vəzifəsinə təyin edilmişdi.

Ailəlidir, 4 övladı var.

azxeber.com

 

0.016289949417114