Əqli mülkiyyətə hörmət varmı?

Əqli mülkiyyətə hörmət varmı?
 

"Hər kəsin əqli mülkiyyət hüququ vardır və müəlliflik hüququ qanunla qorunur”.

A. R. Konstitusiyası, 30-cu maddə.

Son bir ayda 13 il əvvəl dərc edilən bir elmi məqaləmin 3 dəfə fərqli "müəllif"lər tərəfindən oğurlanması və fərqli saytlarda dərc edilməsi faktini ifşa etmişəm. Belə faktlarla son 10 ildə ümumilikdə 15-ci dəfədir ki, rastlaşıram (yəqin ki, xəbərim olmayan plagiatlıqlar da çox olub). Heç vaxt da məsələni böyütməmişəm, sadəcə saytlardan sildirmişəm, kağız variantları isə qalıb (əsasən jurnal və konfrans materiallarında dərc ediliblər).
Maraqlıdır, saytlar və konfrans təşkilatçıları niyə Antiplagiat proqramından faydalanmırlar?
Hətta bir dəfə İTV telekanalı (15 il əvvəl) təhsilə dair verilişdəki video süjetdə mətn kimi bir məqaləmi efirdən axıra qədər tam oxudu (15 dəqiqə ərzində), amma müəllifin adını deməyi "unutdu". Təsadüfən bu verilişə mən də baxırdım, öz məqaləmi tanıdım və bütün verilişi telefona çəkdim, sübut üçün.... İndi o verilişin (redaksiyanın) rəhbəri strateji bir nazirlikdə mətbuat xidməti rəhbəridir.
O özünü təmizə çıxarmaq üçün bu vəziyyəti belə "əsaslandırdı" ki, guya verilişi telekanalda təcrübə keçən tələbələr hazırlayıblar və belə "səhvə" yol veriblər. O hələ bilmirdi ki, məsuliyyəti "təcrübəçi" tələbə yox, telekanal daşıyır və buna görə məhkəməyə verilə bilərlər, böyük məbləğdə cərimələnə bilərlər. Düzü onları məhkəməyə vermədim, amma nahaq. Sonralar eşitdim ki telekanalın rəhbəri büdcədən bir neçə milyon oğurlayıb. Gərək məhkəməyə müraciət edib, o kanaldan böyük məbləğdə cərimə tələb edərdim, onsuz da o pul sonradan məmur tərəfindən oğurlanacaqmış.
Büdcə oğurluqlarının adi hal aldığı zamanda əqli mülkiyyət oğurluğu da daha adiləşir.
Belə halların qarşısını almaq üçün son illər əsasən tənqidi məqalələr yazıram, onu bəyənib daha oğurlamırlar.
Amma, deyəsən Konstitusiyanın və CM-nin verdiyi hüquqdan istifadə edərək, daha ciddi tədbirlər görməli olacağıq.

Dos. İlham Əhmədov

"Paralel.az"

0.11410117149353