Əmisi oğluna görə həmyerlisini öldürdü - Qətlin təfərrüatı - FOTO

Əmisi oğluna görə həmyerlisini öldürdü - Qətlin təfərrüatı - FOTO
 

Siyəzən rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Zamiq Vəliyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Ölkə.Az" xəbər verir ki, hadisə  rayonunun H.Aslanov küçəsində baş verib. Rayon sakini Emin Rzayev evinin qarşısında bıçaqla qətlə yetirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Zamiq Vəliyev rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İş üzrə dindirilmiş Zamiq Vəliyev ifadəsində göstərib ki, iyunun 9-da gecə saat 24:00 radələrində yaşadığı evdə olarkən ona şəhərin mərkəzində yerləşən şirniyyat mağazasında satıcı işləyən əmisi oğlu Samid zəng edib deyib ki, qonşuları Emin Rzayev həmçinin Anar Nəcəfov, Zakir və Ömər Abdulkərimov marketə gələrək onu döyüblər. 

Samid mağazanın yanındakı parkda olduğunu söylədiyindən mətbəxdə olan bıçağı cibinə qoyub ora yollanıb. Döyülməsinin səbəbini soruşduqda əmisi oğlu Emin Rzayevin qardaşı ilə öz qardaşı Amid arasında bir-iki gün əvvəl mübahisə baş verdiyini deyib. Bu səbəbdən Emin ətrafına yoldaşlarını yığıb marketə gəlib və ondan qardaşı Amidin harada olmasını soruşub.

Samid qardaşının evə getdiyini deyəndə Emin onun ünvanına söyüşlər söyüb. Sonuncunun cavabını qaytaranda Emin ona şillə vurub. Yanında olan şəxslər isə üstünə hücum edərək onu döyüblər. 

Zamiq Vəliyev həmin şəxslərin hara getdiklərini soruşduqda Samid deyib ki, onlar qardaşı Amidi döymək üçün məhəlləyə yollanıblar. Bu səbəbdən təqsirləndirilən şəxs Emin Rzayevin yaşadığı evin yanına gedib. Həzi Aslanov küçəsində onun tək dayandığını görüb. Ona yaxınlaşıb nəyə görə əmisi oğlunu döydüyünü soruşduqda sonuncu yaxşı elədiyini söyləyib. Bu səbəbdən aralarında dava başlayıb. Cibinə qoyduğu bıçağı işə salan Zamiq həmyerlisinin sinəsinə 4-5 zərbə endirib. Yaralanan Rzayev qışqıraraq evlərinə doğru qaçıb və həyət qapılarından içəri daxil olub. 

Zamiq Vəliyev ifadəsinin davamında bildirib ki, uzaqdan Rzayevin yaşadığı küçə qapısına baxanda yaralının maşınla xəstəxanaya aparıldığını görüb. Hadisə zamanı istifadə etdiyi bıçağı əmisinin evinin yaxınlığında otluğa atıb. Əmisi oğlu Samidlə sağollaşıb evlərinə gəlib və qardaşına Emini vurduğunu deyib. Daha sonra könüllü polisə gələrək təslim olub. 

Məhkəmə prosesində Zamiq Vəliyev ittiham üzrə özünü təqsirli bilərək əməlindən peşman olduğunu deyib. 

Məhkəmə peosesində şahid ifadələri dinlənilib.

İş üzrə toplanmış sübutların cəminə qiymət verməklə məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsin göstərilən cinayəti törətməkdə təqsirli olması tam sübuta yetirilib.

Sonda məhəkəmnin hökmü ilə Zamiq Vəliyev 13 il müddərinə azadlıqdan məhrum olunub.

0.01426100730896