Sosial media fəaliyyətlərinin ölçülməsi və analizi

Sosial media fəaliyyətlərinin ölçülməsi və analizi
 

Sosial mediada əvvəlki mərhələlərdə müəyyən edilmiş məqsədlər istiqamətində marketinq 
fəaliyyətinin uğurunu izləyə bilmək üçün təhlil lazımdır.Bəs burada uğur dedikdə nəzərdə
tutulan nədir? Əsasən, uğura çatmaq üçün lazım olan alətlər və proseslər nələrdir? Buradakı 
əsas metriklər aşağıdakılardır:

• Sosial media 
• Fərqindəlik
• Satış ehtimalı yaratma
• Konvertasiya 

Sosial media platformasının quruluşudan asılı olaraq nəyi və necə izləyə biləcəyiniz fərqlilik 
təşkil etməkdədir. Demək olar ki, əksər sosial platformalarda daxili analiz sistemi var. Bəzi 
platformalarda isə (məsələn: Linkedin) çox geniş məlumat verilməməkdədir. Bu platformalar 
sadəcə biznes hesablarında ətraflı məlumat verir. 

Fərqindəlik yaratmaq üçün davamlı və hədəf kütlənin maraq dairəsinə uyğun məzmun 
yaradılması əsasdır. Onlarla interaktiv ünsiyyət üçün üsullar düşünülməlidir. İstehlakçı ilə
dialoq qurmaq, onun xatirində qalmaq firma üçün əsas prinsiplərdəndir. Bu prinsipə riayət 
etdikdə, səhifəni daha çox insan bəyənir, daha çox interaktivlik yaranır və daha çox insan 
brenddən xəbərdar olur. 

Satış ehtimalı (Lead) yaratmaq və e-mail marketinqi üçün bir neçə üsul mövcuddur. 
Xüsusilə, e-mailləri izləmək üçün Mailchimp proqramı mövcuddur. Bundan başqa sosial 
mediada da müvafiq reklamları hədəf kütlənin qarşısına çıxararaq, onlara qeydiyyat 
formaları doldurtmaq mümkündür. Hətta, müştərilərin müəyyən satış tunelinin mərhələləri 
üzrə hərəkətini diqqətə alaraq, fərqli mərhələlərdə fərqli posterlər təqdim etmək mümkündür. 
Bu fəaliyyətlər nəticəsində potensial satış yaratma ehtimalı mövcud olur.
Konvertasiya səhifəyə daxil olan, izləyən və satış ehtimalı formalaşmış potensial 
müştərilərin real satışa çevrilməsi prosesidir. Lakin konvertasiya dedikdə sadəcə satışa 
çevrilməni düşünmək yanlış olar. Əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə çatmaq 
konvertasiyadır. Bu hədəflərə, bəyənmə, rəy, paylaşım, traffik və.s daxildir. 

Keyfiyyət analizi 

Keyfiyyət analizi rəqəmsal bir nəticədən daha çox əlamətlər 
və xüsusiyyətlərlə bağlı nəticələrin əldə olunduğu təhlil formasıdır. Keyfiyyət analizinin 
müəyyən formaları mövcuddur:

• Müştəri rəyi - əsas üsullardan biri müştərilərlə danışmaq və onlardan soruşmaqdır. 
Bunu müxtəlif keyfiyyət analizi texnikaları ilə etmək mümkündür. Bu tədqiqatlarda 
əldə olunan rəylərin cəmi bir fikri ifadə etməkdədir. 

• Hədəf kütlə rəyi – ümumiyyətlə rəqəmsal platformada hədəf kütlənin sizi izlədiyini 
nəzərə alaraq onlara özlərini ifadə etmək üçün imkan yaratmaq lazımdır. İmkan 
vermək lazımdır ki, istehlakçılar şərhlərdə fikirlərini bildirsinlər. Bu şərhlər özünüzü 
təkmilləşdirmək üçün çox əhəmiyyətlidir. Eyni zamanda gələn şərhlər sayəsində
səhifənizi izləməyən insanlar da sizdən xəbərdar olmaqdadır. 

• Etiketlənmə/Haqqında danışılması – sosial mediada təkcə sizin səhifə və ya 
profildə haqqınızda danışılmaya bilər. Bəzən insanlar xidmətdən şikayətlərini və
təkliflərini müxtəlif qruplarda, hətta öz profillərində də paylaşa bilərlər. Bu 
paylaşımların rəylərinə gələn reaksiyalar və fikirlər də müştərilərin məhsula 
yanaşması haqqında sizə müəyyən məlumatlar verməkdədir. Bu tərz şikayətlərdə
operativ olmaq firmanın imicinə müsbət təsir göstərməkdədir. 

• Dəyərləndirmələr (review): brendlər sosial şəbəkələrdə, firmalar saytlarda müxtəlif 
formalarda dəyərləndirmələr toplamağa çalışırlar. Bəzən bu dəyərləndirmələr 10 
ballıq şkala üzərindən, bəzən isə 5 ulduz formasında olur. Həmçinin, qiymət 
verdikdən sonra insanlar əlavə dəyərləndirmələr də yazırlar. Bu, firmaların 
məhsullarını təkmilləşdirmək üçün əlavə fürsət olmaqla yanaşı, məhsulu istifadə
etmək istəyən sonrakı müştərilər üçün də müsbət rəylər stimul olur. 

Kəmiyyət analizi 

Kəmiyyət analizi üçün nəyi axtardığını daha dəqiq bilmək lazımdır. Bunun üçün isə
məqsədləri düzgün müəyyənləşdirmək vacibdir. Kəmiyyət analizini dəyərləndirmələr müxtəlif 
sosial şəbəkə platformalarında müxtəlif olmaqdadır. Lakin, ümumi başlıqlar altında 
qruplaşdırmaq da mümkündür. Hər sosial şəbəkənin özünəməxsus performans göstəriciləri 
olduğu üçün, məqsədlər də gərək bu göstəricilərə uyğun müəyyənləşdirilsin. Bu meyarları 
yaxından təqib etmək üçün müəyyən post planlama və performans izləmə proqramları da 
mövcuddur. 

"Facebook" performans göstəriciləri

"Facebook" dünyada və ölkəmizdə ən çox istifadə olunan platforma olduğundan firmalar üçün 
əsas diqqət mərkəzinin yönəldiyi platformadır. "Facebook" haqqında bundan əvvəlki 
başlıqlarda danışıldığından burada, platformalarda fəaliyyətin əsas performans göstəriciləri 
haqqında məlumat veriləcəkdir. Səhifədə paylaşılan istənilən paylaşım ümumi olaraq bu 
başlıqlar altında dəyərləndirilir: 

Bəyənmə (Like): səhifənizə və paylaşımınıza gələn reaksiyadır. Səhifənizi bəyənən insan 
sizi izlədiyini ictimaiyyətə bildirmiş olur. Səhifələrdə artıq təkcə bəyənmə yox müxtəlif 
reaksiyalara dair düymələr var. Bunlar həm də hədəf kütlənin hər hansı paylaşımla bağlı 
fikrini öyrənməyə imkan yaradır.

Şərhlər (Comments): səhifə izləyicilərinin paylaşılan postlara münasibət bildirmək və öz 
fikirlərini yazmaq imkanları vardır. Bu imkanlar həm interaktivliyi təmin edərkən, həm də
hədəf kütlənin reaksiyasını elə yerindəcə öyrənməyə şərait yaradır.
Share (Paylaşım): səhifədə olan bəzi paylaşımlar insanların xoşuna gəldikdə onlar bu 
paylaşımları öz profillərində, informal qruplarında, mesaj qutularında və hətta digər 
platformalarda da paylaşırlar. Bu paylaşımların hamısı paylaşımın daha çox yayılmasını 
təmin etməklə yanaşı, brendin bilinirliyini də artırır. 

Əlaqələndirmə (Engagement): müştərinin paylaşım ilə olan təması, ünsiyyətidir. Əsasən, 
bəyənmə, şərh və paylaşımların məcmusudur. Bu sayları artırmaq üçün dialoq əsaslı 
interaktiv ünsiyyət qurulması şərtdir. 
Çatma (Reach): səhifədə edilən paylaşımın nə qədər insan tərəfindən görüldüyüdür. Postun 
ödənişli olub olmaması, gələn bəyənmə, rəy, paylaşım müsbət təsir edərkən, postun lentada 
gizlənməsi, izləməkdən çıxarılması və ya şikayət edilməsi isə çatma statistikasına neqativ 
təsir edir. 

Video: bir videonun həm çatma statistikası, həm izlənmmə sayı, həm də ortalama izlənmə
müddəti onun performansını dəyərləndirmək üçün əsas göstəricilər arasındadır. Burada 
əsasən 3 saniyədə tərk edilmə, ən yaxşı diqqət çəkən videoların sıralamasını görmək 
mümkündür. 

Tədbir (Event): tədbirlərdə ümumi dəvət sayı, tədbirə qatılmaq istəyənlər və qatılmağı 
düşünənlər göstəricilərdir. Tədbirlər də brendin reputasiyasına müsbət təsir etməkdədir. 
Həmçinin, tədbirlər panelindən müəyyən zaman aralığındakı tədbirlərin fəaliyyət hesabatını 
görmək mümkündür. 

Hekayələr (Story): Snapchat platformasının sosial mediaya daxil etdiyi və demək olar ki, 
bütün Facebook şirkətlərinin tətbiqlərində olan və artıq digər sosial medialarda da ənənə
halını alan xüsusiyyətdir. 24 saatlıq ömrü olan hekayələrin əsas göstəriciləri bu müddət 
ərzində postun nə qədər insana çatması, nə qədər insan tərəfindən interaktiv təmas 
yaradılmasıdır.

Qruplar: adətən firmanın əsas səhifəsi ilə onun istifadəçilərinin və heyranlarının 
formalaşdırdığı, yaxud əlaqədar sahəyə dair qruplar bir-birinə bağlanılır. Burada yenə
birbaşa hədəf kütlə haqqında ətraflı ip ucları toplamaq mümkündür.
Konvertasiya (Conversion): Xüsusilə Facebook səhifələrində brend etiketi olan məzmunlar 
yerləşdirilib, satış reallaşdırılmağa çalışılır. Bu satışların reallaşdırılması konvertasiya sayılır. 
Səhifədən olunan satışları görmək üçün isə sifarişlər (orders) bölümünü tədqiq etmək 
lazımdır.

"YouTube" 

"Youtube" platforması da "Facebook" kimi firmalar və məzmun yaradıcıları ilə qarşılıqlı 
əməkdaşlıq içindədir. Əgər http://studio.youtube.com keçidinə daxil olsaz orda müvafiq 
analitik metrikləri görəcəksiz. İlk açılışda ümumi xülasə ilə qarşılaşdıqdan sonra müvafiq 
göstəricilərə baxa bilərsiniz. 

Abunə sayı: Youtube kanalınızı izləyən istifadəçilərin sayıdır. Bu insanlar həm də sizin hədəf 
auditoriyanız sayılır.

Görüntüləmə sayı: paylaşılan hər videonun insanlar tərəfindən neçə dəfə izləndiyini göstərən 
saydır. Buraya bir istifadəçinin bir və ya bir neçə dəfə izləməsinin hamısı daxildir. 

Bağlılıq və görüntüləmə müddəti: Bu göstərici əsasən bir neçə şkalada ölçülməkdədir. Bir 
videonun cəmi neçə dəqiqə izləndiyi, kanaldakı bütün videoların neçə dəfə izləndiyi və
ortalama (istifadəçi başına düşən) izlənmə müddəti meyarları daxilində dəyərləndirilir. Əlavə
olaraq da ən çox izlənən videoları, hansının ən çox hərəkətə keçirici klik (CTA -click to 
action) aldığı, ən yaxşı pleylistlərə daxil edildiyini görə biləcəksiniz. 

Əldə tutma (retention): Əldə tutma dedikdə, kanal abunələrinin paylaşımları daimi 
izləməsidir. Buradakı göstəricilərə isə bir videonun başladığı andan sona qədər izlənmə
müddətinin çoxluğu, bildirişlərin açıq edilərək paylaşımların daimi izlənməsi daxildir.

Paylaşımlar: videonun digər sosial platformalarda paylaşılması göstəriciləri də onun 
performans göstəricilərinə daxildir. 

Gəlir: Youtube kanalından bir gəliriniz varsa, xüsusilə bu göstəricilər sizin üçün əsas 
yardımçıdır. Bu qrafiklər sayəsində siz müəyyən zaman aralığı ərzində ən çox qazandıran 
videolarınızı və reklam modellərinizi görəcəksiz. 

"Instagram"
 
Fəaliyyət dövrünə mobil tətbiq olaraq başlayan və uzun müddət sadəcə telefonlarda istifadə
etmək mümkün olan Instagramın əsas göstəricilərinə də sosial media platformalarından 
çatmaq mümkündür. Instagram platformasında əsasən məzmun, auditoriya və aktivliklə
bağlı analitik metriklər mövcuddur. 

Məzmunla bağlı: hekayə, şəkil, karusel və video kimi formaları mövcuddur. Məzmunun 
görüntülənmə sayı, nə qədər insana çatma statistikası, profilə gələn klikləmələr, 
məzmunlardan növbəti məzmuna keçidlər buraya daxildir. Bundan başqa, profilə daxil olma, 
nömrə, e-mail, sayt, tekst, paylaşım, hekayələrə cavablar, hekayə üzərindəki, quruluşa 
əsasən kliklər, yaddaşa vermə düyməsinin hamısı bu başlıq altında analiz edilməkdədir. 

Aktivlik: postunuzun neçə hesaba çatdığı, cəmi neçə dəfə görüntüləndiyi kimi nəticələr analiz 
edilir. Əsasən 2 həftəlik bir periodu təhlil etməyə kömək edir. 
Auditoriya: Bu hissədə isə izləyicilərin demoqrafik xüsusiyyətləri, coğrafi dağılımı, izləmə və
izləmədən çıxarma informasiyalarını da ehtiva edən məlu"matlar əks olunur. 

"Linkedın"

"Linkedın" platformasında şəxsi profil ilə yanaşı firmaların öz səhifələri (showcase) də
yaradılmaqdadır. Bu səhifələrin 3 əsas metrik göstəricisi mövcuddur: 

Vizitorlar: səhifənizə müxtəlif cihazlardan masaüstü yaxud telefonlardan daxil olan 
istifadəçilərin sayıdır. Həmçinin statistik göstəricilərdən, vizitorların iş yerinə dair məlumatları 
da əldə etmək olar. Bu isə bizə ipucu verir ki, hansı sahənin insanlarının bizim 
paylaşımlarımıza marağı var.

Paylaşımlar: Bu başlıqda əsasən səhifədə edilən paylaşımlar və onların performansı 
haqqında informasiyalar göstərilir. Bu paylaşımlar həm ödənişli, həm də orqanik 
paylaşımlardır. Bu başlıq altında, cəmi paylaşımlara gələn rəylər, bəyənmələr, paylaşmalar 
əsasında toplanan məlumatlar analiz edilməkdədir. Şirkət səhifəsinə komanda üzvlərini də
daxil etmək mümkündür. Bu zaman kimin hansı paylaşımı etməyini də izləmək olar. 

İzləyicilər: izləyiciləriniz, onların sayının müəyyən zamanda necə artması, necə dəyişməsi 
haqqında məlumatlarla yanaşı, onların yeri, işi, olduğu sektor haqqında məlumatları da əks 
etdirir.

Mütəxəssis Vətən Sadatlı

 

0.027094841003418