Professor niyə istəmir ki, maaşı artsın? - İdris Abbasov

Professor niyə istəmir ki, maaşı artsın? - İdris Abbasov
 

Düzəlmək istəməyən xalqın sevə-sevə tələffüz etdiyi sözlər: "Rejim belə gəldi", "Rejim elə getdi", "Vay, lənətə gəlmiş rejim!", "Günah sistemdədir" və s. Mənasına da varmırlar, çünki onlara belə sərf edir. Bu sözlər dini rituallar zamanı deyilən anlaşılmaz söz və ifadələri xatırladır. Əslində isə, sistem də, rejim də bu kəslərin təfəkkür strukturuna və tələbatlarına tam uyğundur...
İndiyədək görübsünüzmü, bir 50 professor, ya elmlər doktoru-filan yığışıb maaşın azlığı haqda müraciət hazırlasınlar və həmin müraciəti "günah sistemdədir" (yəni bunlar guya paki-pakizədirlər) deyib özlərinə haqq qazandırdıqları o sistemə yollasınlar? Qətiyyən. Belə şey olmayıb və olması da bu zümrə ilə mümkün görünmür. Bəs küncdə-bucaqda maaşın azlığından gileylənən o “kasıblar” niyə bunu heç vaxt rəsmi çərçivəyə salmaq təşəbbüsü etməyiblər və etmirlər? Təkcə bu sualın mahiyyətinə varılsa, çox mətləblərə aydınlıq gələr, məhz o zaman “sistem”, “rejim” deyə-deyə cəmiyyəti məhv edib, dövləti zəif salan alimçiliyin iç üzü bir daha faş olar.
Nə qədər paradoksal görünsə də, bu zərərli alim dəstəsinin (ZAD) üzvləri maaşlarının artılımasını istəmir! Məsələn, 800 və ya 900 manat maaş alan ZAD üzvü maaşının 2000 manat olmasını arzu etmir. O başa düşür ki, “sistem” dediyi sistem bütün varlığı ilə fırıldağa qurşanmış ZAD zümrəsinin maaşını real şəraitdə asanlıqla qaldırmaq dərəcəsində sadəlövh deyil.
ZAD üzvü gerçəyi dərk edir. O anlayır ki, maaş 100 faiz artarsa, “levı” gəlirlər ciddi nəzarətə götürülər, hətta cəza işə düşə bilər. Qanun, dürüstlük ZAD-ın ölümü deməkdir. Orta statistik ZAD üzvü üçün 1700 manat maaşa oturmaq həqarətdir. Ən yaxşısı, 800 manat maaş olsun, “levı” gəlir (rüşvət, soyğunçuluq, alıb-aladatma, qrant yemə, saxta nəşrlər, fırıldaq, disserttant ovu, saxta dissertasiya, tələbə “perevodu”, saxta ixtisaslar, saxta diplomlar, alimlik dərəcələri, saymaqla qurtaran deyil...) kəsilməsin. Bu yerdə pulo-professor Züppəliyev həmkarı Mahirovun qulağına pıçıldayır: “Allah eləməsin, maaşı artırsınlar və bizi bu “levı” xoşbəxtliyindən məhrum etsinlər! İntihar edərəm!”
Vay o gündən ki, bu akademikləşmiş pul professorlarından birini rüşvət üstündə yaxalayasan! And-aman edəcək ki, günahı yoxdur, sadəcə, genetikdir, o, 7-ci babasından rüşvətxor, əliəyri, dələduz, ziyankar və satqındır. Geni günahkar çıxaracaq...
PS. Yeri gəlmişkən, adından da göründüyü kimi, diktator “diktə etmək” sözündəndir. Əslində, diktatorun yekəsi başında ZAD-ların getdiyi xalq olaraq elə özümüz deyilikmi?!
Düz yola ayaq qoymaq istəmirik, düzəlmək həvəsimiz, təşəbbüsümüz yoxdur. Ona görə də, faydalı iş görmək əvəzinə, əliəyriliyi inkişaf etdirir, günahlarımıza günah keçisi axtarırıq...

"Paralel.az"

0.020539045333862