Arutyuyanın istefa verməsinə kimlər mane olur? - Xankəndidə son baş verənlər

Arutyuyanın istefa verməsinə kimlər mane olur? - Xankəndidə son baş verənlər
 

Artıq bir neçə gündür ki,  erməni siyasi dairələrində  Arayik Arutyunyanın tezliklə istefaya getməsi barədə xəbərlər geniş şəkildə yer almaqdadır. 

Paralel.az ” xəbər verir ki,  Arutyunyanın yaxın adamlar isə “hraparak”a bildiriblər ki, istefa olmayacaq. 

Nəşrin yazdığına görə, Arutyunyan istefa vermək niyyətindədir, lakin müəyyən səbəblərə görə, müvəqqəti olaraq qərarından geri çəkilib.

Qeyd edilir ki, həftənin əvvəlində Arayik Arutyunyan Samvel Babayandan başqa Xankəndidəki mövqeyindən asılı olmayaraq bütün terrorçu-quldur dəstəsi ilə bir araya gəlib.  

Toplantıda Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, Davit İşxanyan, Artur Moseyan, Aşot Qulyan, Artur Tovmasyan və digərləri iştirak edib.

Samvel Babayanın görüşdə olmaması, Qarabağın gələcəyi ilə bağlı onlarla eyni mövqeyi bölüşməməsinə görədir. 4 saat davam edən görüşdə Arutyunyan “prezident” vəzifəsindən yorulduğundan istefa vermək qərarını açıqlayıb.  

O hesab edir ki, artıq vəziyyət çıxılmaz bir dalana dirənib və hər ötən saat onların ziyanına işləyir. Vəziyyətdən çıxmaq üçün heç nə etmək mümkün deyil. Həmin toplantıda Arutyunyan bildirib ki, "qanuna" əsasən, onun funksiyaları “parlament sədri” Davit İşxanyana keçəcək. 

Arutyunyanın açıqladığı xəbər orada olanlar üçün soyuq duş olub.

Lakin oradıkıların çoxu Arutyunyanın bu qərarına qarşı çıxıb və hətta sərt tənqid edənlər də olub.  

Arutyunyanı danlayan sabiq terrorçubaşı Bako Saakyan deyib ki, "sən getməyə hazırlaşırdınsa, indi yox, müharibədən əvvəl getməli idin, indiki məqamda istefa problemlərdən qaçmaq deməkdir". Davit İşxanyan da ona etiraz edib. Hətta desant Ruben Vardanyan və başqaları Arayik Arutyunyana indki məqamda istefasını məqbul saymayıblar. 

Nəşr yazır ki, Arutyunyan istefa qərarından geri çəkilsə də, onun yenidən belə bir niyyəti olmayacağına zəmanət yoxdur. 

Xankəndidəki terrorçu-quldurlar özləri nə edəcəklərini bilmirlər. Əgər onlar vəziyyətdən  zərrə qədər çıxış yolunu görsəydilər, o zaman Arutyunyanın istefasına ikiəlli razı olardılar. Yaxşı anlayırlar ki, artıq oyun bitib və Bakı ilə oyun oynamaq onlara necə baha başa gəlir. Onu da yaxşı anlayırlar ki, indiki vəziyyətdə Bakının şərtlərini qəbul etməyən  başqa birisi gələrsə, vəziyyət daha da pisləşəcək. Bakının daha sərt reaksiyası ilə üzləşəcəklər. Ona görə də Arutyunyan elə ən yaxşı “qurbanlıq keçi”dir ki, sabah bütün günahı onun üzərinə yıxmaq mümkün olsun.

Xankəndidəki terrorçu-quldurlar hələ də anlamaq istəmirlər ki, vəziyyətdən yeganə çıxış yolu  Bakının şərtini qəbul etməkdir. Nə qədər ki,  bunu anlamayacaqlar və şərtləri qəbul etməyəcəklər, onları daha ağır cəza gözləyir. Öz xoşlarına etməsələr, Azərbaycan onları güc tətbiq etmədən, sadəcə, beynəlxalq hüququn tələbləri ilə dizə çökdürüb buna məcbur edəcək. Bu məsələdə beynəlxalq hüquq Azərbaycana  geniş imkanlar yaradır.  
BMT Təhlükəszilik Şurasının son iclasının yekunundan nəticə çıxarsalar yaxşı olar. Onlar bilməlidirlər ki, artıq yolun sonuna gəliblər. Hər şey bitib. Əvvəlki kimi dirəniş nəticə verməyəcək, əksinə, daha pis şərtlərlə üzləşməli olacaqlar. Çünki hər bir prosesin başlanğıcı olduğu kimi sonu da olur. Bu da Qarabağdakı terrorçuların sonudur. Onlar canlarını xilas etmək istəyirlərsə, o zaman Bakının şərtləri ortadadır… 

 

0.017668008804321