“BMT TŞ-nin iclası Bakının qələbəsi ilə yekunlaşdı” - Politoloq

“BMT TŞ-nin iclası Bakının qələbəsi ilə yekunlaşdı” - Politoloq
 

“BMT Təhlükəsizlik Şurasının Ermənistanın tələbi ilə Qarabağdakı vəziyyətlə bağlı keçirilən iclası nəticəsiz başa çatdı. BMT TŞ-nin 15 üzvünün – 5 daimi, 10 qeyri-daimi – iştirakı ilə təşkil edilən iclasda heç bir qətnamə, bəyanat qəbul edilmədi. Bununla da rəsmi İrəvan son şansını da itirdi”.

Paralel.az xəbər verir ki, bu sözləri politoloq Turan Rzayev deyib.

O, rəsmi Bakının sözügedən iclasdan narahat olmadığını bildirib:

“Rəsmi Bakı BMT TŞ-nin iclasından narahat deyildi. Məsələ ondadır ki, təşkilat illərdir vahid qərar verməkdə acizdir. Burada qətnamələr  konsensus, ya da səs çoxluğu ilə qəbul edilir. Yəni Ermənistana ən azı 9 səs lazım idi. Bundan başqa, 5 daimi üzvdən heç biri veto hüququndan istifadə etməməlidir. Bundan başqa, 15 üzv ölkə arasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlərin olması, habelə BMT-nin ərazi bütövlüyümüzü tanıması rəsmi Bakını rahatladan məqamlardan idi”.

T.Rzayev vurğulayıb ki, təşkilatın daimi üzvləri arasında davam edən konflikt səbəbindən tərəflər vahid qərar qəbul edə bilmirlər:

“Xüsusilə daimi üzvlərin bir-birinin əleyhinə veto hüququndan istifadə etməsi illərdir təşkilatın qərarvermə mexanizmini bloklayıb. Misal üçün, Rusiya və Çin hər zaman digər 3 üzv – ABŞ, Fransa və Böyük Britaniyanın təkliflərinin əleyhinə səs verirlər”.

Politoloq Azərbaycanın iclasa tam hazlıqlı olduğunu, Y.Əliyevin professional çıxışının qələbəni təmin etdiyini də bildirib:

“Azərbaycan BMT TŞ-nin iclasına hazırlıqlı getmişdi. Bunu ölkəmizin Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Yaşar Əliyevin çıxışından da görmək olur. Y.Əliyevin çıxışı zamanı qeyd etdiyi arqumentlər, təqdim etdiyi foto-materiallar, sənədlər Bakının iclasa hazırlıq səviyyəsindən xəbər verirdi. Bundan başqa, usta diplomatın təmkinli duruşu, bədən dili, jestləri də onun arxayınlığından, əslində isə onun timsalında Bakının əlinin güclü olmasından xəbər verirdi. Nəticə etibarilə Ermənistan və havadarı Fransanın təşəbbüsü ilə keçirilən BMT TŞ-nin iclası Bakının qələbəsi ilə yekunlaşdı. Bu, İrəvanın son ciddi kartı idi. Azərbaycan BMT TŞ iclasında sərgilədiyi qərarlı və inamlı mövqeyindən əl çəkməməli, xüsusilə humanitar yüklərin yalnız Xankəndi-Ağdam yolu ilə daşınması tələbinin üzərində durmalıdır ”.

Ekspert həmçinin Ermənistanın bundan sonra təxribatlardan əl çəkib reallıqları qəbullanmaqdan başqa şansı olmadığını deyib:

“Qarşıdan sentyabr ayı gəlir. Ümumiyyətlə, sentyabr-oktyabr ayları son illərdə xüsusilə Cənubi Qafqazda hərbi kontekstdə aktiv aylar hesab edilir. Əlbəttə, bu o demək deyil ki, Azərbaycan mütləq sentyabrda hərbi əməliyyatlara başlayacaq. Ermənistan hazırki mövqeyindən əl çəkib reallığı qəbul etsə, separatçılar təxribatlara yol verməyib reinteqrasiya prosesindən yayınmasa, regionda hərbi gərginlik üçün əsas olmaz.Lakin bunların əksi baş verəcəyi təqdirdə rəsmi Bakı əvvəlcə xəbərdarlıq mahiyyətli kiçik, daha sonra isə genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər.  Mümkündür ki, separatçılar küncə sıxışmağın yaratdığı vəziyyətdən daha aqressivləşib təxribatlara əl atacaqlar. Belə olan təqdirdə rəsmi Bakı lazımi tədbirləri görəcək”.

 

0.070250988006592