İngiltərədə azərbaycanlı deputatın ailəsinə aid 5,6 milyon funt sterlinq müsadirə edilib

İngiltərədə azərbaycanlı deputatın ailəsinə aid 5,6 milyon funt sterlinq müsadirə edilib
 

Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi (NCA) Westminster Magistrates Məhkəməsinin qərarı ilə azərbaycanlı deputat Cavanşir Feyziyevin həyat yoldaşı, oğlu və qardaşı oğluna məxsus bank hesablarında olan vəsaitin 5,6 (12,9 milyon AZN) milyon funt-sterlinqini müsadirə edib.

Bundan əvvəl maliyyə təhqiqatçıları Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Britaniyadakı bank hesabları barədə Müsadirə Orderinin çıxarılmasına nail olub.

Ötən ilin noyabrında Cinayətkarlıqla Mübarizə Agentliyi ailənin bank hesablarında olan və hazırda dondurulmuş 15 milyon funt-sterlinqi (34,7 milyon AZN) "çirkli pul" sayıb. Hazırda müsadirə edilən 5,6 milyon funt-strelinq bu məbləğin bir hissəsidir.

Həmin vaxt Cinayətkarlıqla Mübarizə Agentliyindən BBC News Azərbaycancaya bildirmişdilər ki, təhqiqat qrupu "kifayət qədər sübut topladığından" iş məhkəməyə gedib.

Feyzievlər ailəsinin sözçüsü məhkəmədən sonra bildirib ki, ailə dondurulmuş vəsaitlərdən hər hansı birinin müsadirə olunmasından məyus olsa da, məmnundur ki, iddianın böyük hissəsi təmin olunub və məhkəmə "Cavanşir Feyziyevin və cavabdehlərin heç birinin korrupsiyada əli olmadığını" təsdiqləyib.

"Bu işin mənfi nəticələri pulların Dr. Feyziyevə ödənilməzdən əvvəl ailənin heç bir xəbəri və ya nəzarəti olmayan müxtəlif vasitəçilər üzərindən keçməsiylə əlaqəlidir".

Feyziyevlər ailəsi NCA-nın müsadirə etmək istədiyi təxminən 10 milyon funt-sterlinqi azad etmək barədə hakimin qərarından və uzun müddət davam edən bu məsələnin nəhayət, əksər hissəsində ailənin xeyrinə həll olunmasından razıdır, sözçü əlavə edib.

Hakim qərara alıb ki, NCA cənab Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevanın hesabından 4,4 milyon funt-sterlinq, oğlu Orxan Cavanşirin hesabından isə 1 milyon funt-sterlinqi müsadirə edə bilər. Daha 240 min funt-sterlinq Feyziyevin qardaşı oğlu Elman Cavanşirin hesabından müsadirə edilməlidir.

Cavanşir Feyziyev Azərbaycan parlamentinin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin rəhbəridir.

Məhkəmə hakimi "sübutlara qane olub"

Cinayətkarlıqla Mübarizə Agentliyi öz saytında bildirib ki, "geniş araşdırmadan sonra" Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyeva, övladlarından biri - Orxan Cavanşir və qardaşı oğlu Elman Cavanşirin adına olan hesabların dondurulması üçün 6 ədəd "Hesabın Dondurulması Orderi" əldə edilib.

Müstəntiqlər "şübhələniblər ki, bu hesablardakı vəsaitlər "Azərbaycan camaşırxanası"ndan ("Azərbaycan landromatı") əldə olunub və bu səbəbdən geri qaytarıla bilən əmlakdır".

Agentlik bildirib ki, pul "camaşırxana" vasitəsilə - Estoniya və Latviyada bank hesablarını idarə edən ofşor şirkətlərinin mürəkkəb şəbəkəsi vasitəsilə köçürülüb və bu, "qatlama prosesi" kimi bilinir.

Agentliyin məlumatına görə, bu köçürmələrin bəziləri qanuni və çox əhəmiyyətli biznes əməliyyatlarını dəstəkləmək məqsədi daşıyan sənədlər, o cümlədən fakturalar və müqavilələrlə müşayiət olunub.

Bu məsələ barədə Londonda Westminster Magistrates Məhkəməsində üç həftəlik mübahisəli müsadirə dinləmələri keçirilib.

Məhkəmənin hakimi John Zani "bu sənədlərin tamamilə uydurma olması və hesabları idarə edənlərin çirkli pulların yuyulması fəaliyyətlərini gizlətmək üçün hazırlandıqlarına dair çoxlu sübutlara qane olub,"- Agentliyin saytında 31 yanvarda çap edilmiş məlumatda deyilir.

Hakim qərarında qeyd edib ki, təqdim edilmiş sübutları hərtərəfli nəzərdən keçirərək, o, müvafiq vaxtda Azərbaycan, Estoniya və Latviyada mühüm çirkli pulların yuyulması sxeminin mövcud olması ilə "tamamilə razıdır".

NCA-nın Mülki Bərpa şöbəsinin rəhbəri Andy Lewis bildirib: "Bu, "Azərbaycan camaşırxanası" vasitəsilə yuyulan pulların mühüm müsadirəsidir və uğurumuz bu sxemlərdən istifadə edən hər kəs üçün belə riskin olduğunu vurğulayır".

"Bu hal NCA-nın araşdırmaya sədaqətini göstərir, beynəlxalq korrupsiya və ona bağlı çirkli pulların yuyulmasından əldə edilən gəlirləri müsadirə edir. Böyük Britaniya qanunsuz maliyyəyə düşməndir və bununla mübarizə aparmaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək," - Milli İqtisadi Cinayətlər Mərkəzinin direktor müavini Ben Russell deyib.

Cavanşir Feyziyev: "Yeni araşdırma mərhələsi başlanacaq"

Cavanşir Feyziyev fevralın 1-də modern.az saytına çap olunmuş müsahibəsində bildirib ki, hakim bank hesablarında olan 10 milyondan bir qədər çox vəsaitin qanuniliyini tanıyıb və məhkəmə həmin vəsaitlərin istifadə üçün açılmasına qərar verib.

"Lakin təxminən 5 milyon məbləğində qalan digər vəsaitlərin xarici ölkəyə köçürülmə mexanizmi məhkəməyə o qədər də aydın deyil və ona görə də məhkəmə həmin vəsaitlərin qanuni yolla köçürüldüyünə şübhə ilə yanaşır."

O, haqqında müsadirə hökmü çıxmış vəsaitlə bağlı bildirib ki, "indi bizim öz təşəbbüsümüzlə qalan vəsaitlərin, yəni Beynəlxalq Bank vasitəsilə köçürülmüş vəsaitlərin də qanuniliyinin yoxlanılması ilə bağlı yeni araşdırma mərhələsi başlanacaq."

"Həmin vəsaitlərin də necə və harada qazanılması haqqında kifayət qədər təsdiqləyici sənədlərimiz var", Cavanşir Feyziyev deyib.

Aparılmış təhqiqatlarda nə deyilirdi?

Ötən ilin noyabr ayında Cinayətkarlıqla Mübarizə Agentliyi bildirib ki, təhqiqatlar aparılan vaxtki, Feyziyevin ailəsinə məxsus olan vəsaitlər Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) tərəfindən 2017-ci ildə aşkar edilmiş geniş pul köçürmə sistemi vasitəsilə yuyulub.

"Nə Feyziyevə, nə də onun ailə üzvlərinə qarşı hər hansı ittiham irəli sürülüb," - OCCRP-nin saytında yayılan məlumatda deyilib.

Həmin vaxt Cavanşir Feyziyev çirkli pulların yuyulması və ya hər hansı qanunsuz fəaliyyətdə iştirakını qəti şəkildə inkar edib.

2021-ci ilin noyabrın ilk həftəsində Londonda keçirilən mülki məhkəmə dinləmələrində NCA nümayəndəsi maliyyə vəsaitlərinin ölkəyə "Azərbaycan Camaşırxanası" sxemi ilə gətirildiyini əsaslandıran ətraflı təhlil təqdim etmişdi.

NCA-ya əsasən, bu pulların mənbəyi "qeyri-qanuni" olub, çünki onları Azərbaycandan çıxarmaq üçün vəsaitin mənşəyini gizlətmək məqsədilə saxta sənədlər və bir neçə ofşor şirkətdən istifadə olunub.

15 milyon funt-sterlinqin 7,86 milyonu Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevanın, 6,4 milyonu isə onun oğlu Orxan Cavanşirin əlindədir, məlumatda deyilirdi. Bu pulun bir hissəsinin ölkədə yaşamaq imkanı verən investisiya vizası proqramına yatırıldığı qeyd olunub. Ümumi məbləğin daha kiçik bir hissəsinin, bir milyon funtdan bir qədər artıq məbləğin Feyziyevin qardaşı oğlu Elman Cavanşirin əlində olduğu bildirilir, Böyük Britaniyanın noyabr ayında The Evening Standart saytı yazmışdı.

NCA-nın nümayəndəsi Collingwood Thompson Westminster məhkəməsində demişdi ki, Azərbaycanda "iri "Avromed" əczaçılıq şirkətinin həmtəsisçisi, doktor Feyziyevin özü "müsadirə prosesinin" subyekti olmasa da", o, "bu işin mərkəzində dayanıb", çünki müsadirə olunması istənilən vəsaitlər onun "nəzarətindəki bank hesablarından" gəlib.

Cənab Thompson deyib ki, pul vəsaiti deputatın Latviyada bankındakı hesabından gəlib, bu hesaba isə təxminən 34,5 milyon dollarlıq köçürmə Feyziyevin həmtəsisçi olduğu "Avromed" şirkətinin eyni bankdakı hesabından edilib.

O, məhkəmədə bildirib ki, "Avromed"in bu hesabına Azərbaycan "camaşırxana sxeminin fəaliyyətinin əsasını təşkil edən iki şirkətdən - Hilux və Poluxdan ayrı-ayrılıqda, ümumi məbləği 36 milyon dollar" olan vəsait daxil olub.

Cənab Thompson deyib ki, bu köçürməyə "haqq qazandırmaq üçün göstərilən əməliyyatlar" həqiqi deyil.

O əlavə edib ki, deputatın arvadı və oğluna pul köçürməsinin məqsədi onlara investisiya vizası çərçivəsində hazırda daimi yaşadıqları Britaniyaya köçmək imkanı yaratmaq olub.

Cənab Thompson-un açıqlamasına görə, doktor Feyziyev 2013-cü ildə viza müraciətində özünü "camaşırxana sxeminin mərkəzində duran "Avromed" şirkətinin icraçı direktoru kimi təqdim edib, amma sonradan onun şikayəti üzrə baxılan böhtan iddiasına dair Ali Məhkəmədə keçirilən dinləmədə deyib ki, o, 2010-cu ildə şirkəti tərk edib.

Feyziyevlərin vəkili Çarlz Bott məhkəmədə bildirib ki, NCA bu iddianı "üç milyonçunun hesabına edilmiş köçürmələrin təbiəti barədə "yanlış təsəvvürlər", "ümumiləşdirilmiş ehtimallar" və "şişirdilmiş nəticələr" əsasında hazırlayıb.

O əlavə edib ki, Agentlik sözügedən vəsaitlərin hər hansı "cinayət pozuntusu" ilə bağlı mənbədən gəldiyinə dair "heç bir əsaslı sübut" təqdim etməyib və vəkilin qənaətincə, "qanuni yolla alınmış mülkiyyət" çirkli pulların yuyulması kimi "qanunsuz prosesdən keçməklə əldə olunub" səbəbi əsasında müsadirə oluna bilməz.

Məhkəmədən kənarda ailənin yaydığı bəyanatda da NCA-nın iddiaları rədd olunur və vurğulanır ki, sərvət Cavanşir Feyziyevin "uğurlu biznes karyerası"ndan əldə edilib və onun özü "çirkli pulların yuyulmasına qarşı olaraq bununla mübarizə aparıb".

Westminster məhkəməsi
0.0098299980163574