Tərtər İcra Hakimiyyətindəki antikorrupsiya əməliyyatının ilginc detalları – yeni həbslər qaçılmazdır
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının cinayət başında yaxaladığı Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işləyən Tofiq Kərimov tutduğu vəzifədən azad olunub. Artıq onun adı Tərtər İcra Hakimiyyətinin saytından da çıxarılıb.
Tofiq Kərimovun rüşvət aldığı vətəndaşın kimliyi və ümumiyyətlə, Tərtər İcra Hakimiyyətində baş verənlərlə bağlı maraqlı məlumatlar daxil olub.
Belə aydın olur ki, Tofiq Kərimov Kəlbəcər sakini Valeh Ələmdər oğlu Əlişovdan Tərtər şəhərində yerləşən torpaq sahəsində 2 mərtəbəli yaşayış evinin tikilməsinə icazə verilməsi üçün 33 min manat tələb edib. Həmin məbləğin böyük hissəsini – 25 min manatını alarkən tutulub. Bu sövdələşmədə Tərtər İcra Hakimiyyətinin digər vəzifəli şəxslərinin də adı hallanır. Belə məlumatlar var ki, istintaqın gedişində yeni həbslər də ola bilər.
Tərtər İcra Hakimiyyətində Tofiq Kərimovla başçı müavini, sosial proqnozlaşdırma şöbəsinin müdiri Abbas Cavadovun, Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Füzuli Əliyevin yaxın işgüzar münasibətləri olub. Eyni zamanda Tofiq Kərimovun cinayət işi üzrə Şəhərsalma İdarəsinin Qarabağ və Şərqi Zəngəzur üzrə Regional Şəhərsalma bölməsinin Siyavuş adlı baş mühəndisinin sorğulanacağı bildirilir.
Tofiq Kərimov
Qeyd olunur ki, Füzuli Əliyevin Düyərli İnzibati Vahidliyinin Sarıcalı kəndi ərazisində 23 hektar torpaq sahəsi var. Füzuli Əliyev həmin torpaq sahəsində dövlət hesabına subartezian su quyusunun salınmasına nail olub. Bu isə yerli əhalidə haqlı narazılıq yaradıb.
ümumi istifadədən daha çox Tərtər İcra Hakimiyyətinin rəsmisi olan Füzuli Əliyevin biznes maraqlarına xidmət etməkdədir. Sarıcalı sakinləri bu haqda başçı Müstəqim Məmmədova şikayət etsələr də, bir nəticə əldə edə bilməyiblər. Buna görə Füzuli Əliyevlə Sarıcalı camaatı arasında böyük ziddiyyət yaranıb. Dövlət məmurunun bizneslə məşğul olmasına göz yumulması da aydın deyil.
Bundan başqa bildirilir ki, Füzuli Əliyev bu vəzifəyə qədər Kənd Təsərrüfatı Nazirliyinin 150 hektarlıq “Tərtər Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi”nin müdiri olub. Tərtər İcra Hakimiyyətində şöbə müdiri təyin olunana qədər 15 il həmin müəssisəyə rəhbərlik edib. Həmin müəssisə dövlət balansındadır. Respublikada satılan ting ağaclarının əksəriyyəti burada becərilir. Füzuli Əliyev Tərtər İcra Hakimiyyətinə transfer olunsa da, deyilənə görə bu gün də həmin müəssisənin qeyri-rəsmi idarəçisi odur.
Bundan başqa Tərtər şəhəri ərazisində Füzuli Əliyevə məxsus böyük avtoyuma məntəqələrinin fəaliyyət göstərdiyi də deyilir. Həmin məntəqələrdən birini o, ötən il Bərdə İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olmuş Zaur Bəylərova 80 min manata satıb. Maraqlıdır ki, avtoyuma məntəqəsi Müdafiə Sənayesi Nazirliyinin balansında fəaliyyətdədir. Yerli mənbə iddia edir ki, istintaq bir qədər də genişləndirilisə, Tofiq Kərimovun aqibətini Tərtər İcra Hakimiyyətinin bir neçə rəsmisi də yaşaya bilər.
Bütün bu qanunsuzluqlardan icra başçısı Müstəqim Məmmədovun xəbərinin olmaması mümkün deyil. Artıq Müstəqim Məmmədovun istintaqa cəlb ediləcəyi barədə məlumatlar dolaşır. Ötən yazılarda bu barədə bildirmişik. Ekspertlər də bildirir ki, antikorrupsiya əməliyyatları keçirilən rayonların rəhbərləri ilə bağlı araşdırmalara başlamaq zərurəti yaranıb.
REDAKSİYADAN: Yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq. (Qlobalinfo.az)