Məhkəmə keçmiş deputata milyonlarla yeyinti ittihamı ilə hökm çıxarıb

Məhkəmə keçmiş deputata milyonlarla yeyinti ittihamı ilə hökm çıxarıb
 

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətməkdə təqsirləndirilən Dünyamin Xəlilov və Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Paralel.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə hazırlıq iclası keçirilib.

İş üzrə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxış avqustun 21-nə təyin olunub.

İş üzrə toplanmış sübutlar əsasında Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı zamanı Dünyamin Xəlilov və Azad Cavadovun 2001-2015-ci illər ərzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə sabit cinayətkar qrup yaradaraq rəhbərlik etdikləri “General Construction” və “Bakı Fındıq Emalı Müəssisəsi” məhdud məsuliyyətli cəmiyyətlərinin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstərişləri icra edib həmin şəxsləri bankın müxtəlif filiallarına göndərməklə adlarına rəsmiləşdirilmiş ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan öncə Dünyamin Xəlilova qarşı iki məhkəmə hökmü qüvvədədir.

D.Xəlilovla A.Cavadov Beynəlxalq Bankın keçmiş rəhbəri, 2015-ci ildən həbsdə olan Cahangir Hacıyev ilə dost olublar. Onların hər ikisi daha öncəki məhkəmələrində də Beynəlxalq Bank işi üzrə bənzər ittihamlarla mühakimə edilirdi. İddia olunurdu ki, C.Hacıyev dostları ilə əlbir olaraq onların tabeliyindəki işçilərin adına kreditlər ayırıb və həmin pullar mənimsənilib.

C.Hacıyev də 2015-ci ildən bu yana iki dəfə mühakimə olunub. Birinci dəfə onunla birlikdə məhkəmə qarşısına çıxarılanlar arasında A.Cavadov da olub. Həmin məhkəmənin sonunda C.Hacıyevə 15 il, A.Cavadova 10 il 6 ay həbs cəzası kəsilib.

2019-cu ildə ikinci dəfə D.Xəlilovla mühakimə olunan keçmiş bankirin cəza müddəti 16 il 3 aya yüksəldildi.

Sabiq deputatın özü ilk dəfə 13 il həbs cəzası almışdı. İkinci dəfə cəzası 14 il 6 aya qaldırılmışdı.

Onların heç biri özünü suçlu saymır və bildirirlər ki, Beynəlxalq Bankdan götürülən kreditlər müxtəlif layihələrin icrasına, müəssisələrin yaradılmasına yönləndirilib.

Milli Məclisin sabiq deputatı Dünyamin Xəlilov 2017-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək 13 il həbsə məhkum edilib.

 

0.014924049377441