ETN-nin qrant müsabiqəsinin anonim qalibləri -dos. İlham Əhmədov

ETN-nin qrant müsabiqəsinin anonim qalibləri -dos. İlham Əhmədov
 

ETN-nin məktəblər və müəllimlər üçün təşkil etdiyi "Təhsildə inkişaf və innovasiyalar" adlı VII qrant müsabiqəsinin nəticələri açıqlanıb.
Qaliblər siyahısında yer alan müəllimlərin adı və məktəblərin nömrəsi isə verilməyib. Niyə?
Siyahıda yalnız rayon adları verilib. Bu rayonlararası müsabiqədir, yoxsa fərdi və məktəblərarası?
Bu vəziyyət müsabiqənin ədalətli olmasına kölgə salır, bu işdə şübhələrə ciddi əsas verir. Qalib müəllim və məktəblərin adları niyə gizli saxlanılır?
Niyə şagird və müəllimlər öz qalib məktəbləri və qalib müəllimləri tanımasın, onlarla fəxr etməsin? Belə də anonim formada qrant müsabiqəsinin nəticələri olar? Nə səbəbdən resipiyentlərin adı gizli saxlanılır? Bunda məqsəd nədir?
Əvvəlki illərdə olan müsabiqələrdə qaliblərin adı daim qeyd edilirdi. Digər tərəfdən ETN-nin QHT-lər üçün elan etdiyi qrant müsabiqələrində olan qanunsuzluqlar hamının yadındadır. Ona görə də ETN-nin təşkil etdiyi digər qrant müsabiqələri və tenderlərin nəticələrinə inam azdır.
Bəs qanun nə deyir bu haqda? Məsələn "Elm Fondu"nun qrant haqqında əsasnaməsində belə yazılıb: " Qrant verilməsi barədə qərarda Resipiyent haqqında məlumatlar, qrant layihəsinin adı, layihənin məbləği, icra müddəti və müsabiqənin adı göstərilir."
Amma, bu müsabiqənin nəticələrində nədənsə, resipiyent haqqında məlumat yoxdur. ETN təşkil etdiyi bu müsabiqənin təşkili qaydalarında "Elm Fondu"ndan fərqli olaraq nəticələrin formatı haqqında maddə yoxdur. Görünür bu maddəni bilərəkdən ləğv ediblər ki, sonda "bulanıq suda balıq tutsunlar".
Müsabıqənin nəticə belə qaranlıqdırsa, seçimin özünə inam ola bilərmi?
Müsabiqə "şəffaf" olmayıb deyəsən.
ETN elm və təhsilin idarə edilməsində heç bir yenilik edə bilməsə də, qrant məsələlərini öz xeyirlərinə (təhsilin isə ziyanına) həll yollarını "kəşf ediblər". Hər halda 10 illik təcrübə var ortada.
Bu müsabiqənin 2 milyon manata yaxın büdcəsi var. 2 milyon manatı qanun çərçivəsində düzgün xərcləyə bilməyənlər, 4,5 milyard manat təhsil büdcəsini necə xərcləyirlər görəsən? Ona görə də ETN-nin "qrant paylama" tarixçəsində milyonlarla pul israf etsə də, bunun təhsilə real faydası az olub.

"Paralel.az"

0.018045902252197