Şirvanda zavodda partlayış:- Mədət Quliyev Türkiyədən qayıtdı
Müdafiə Sənayesi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakovun verdiyi məlumata görə, bu gün Nazirliyə məxsus “Şirvan Araz zavodu” MMC-də partlayış baş verib.
"Paralel.az" xəbər verir ki, nəticədə bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.
Hazırda MSN, FHN və Baş Prokurorluq tərəfindən araşdırmalar aparılır.
Türkiyədə keçirilən “İDEF-2023” Beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün qardaş ölkəyə səfər etmiş müdafiə sənayesi naziri Mədət Quliyev hadisə ilə əlaqədar Bakıya geri dönüb və Şirvan şəhərinə yollanıb.
Müdafiə sənayesi naziri Mədət Quliyev və Nazirliyin səlahiyyətli əməkdaşları, Şirvan şəhərinin prokuroru Kamal Talıbov və İcra Başçısı İlqar Abbasov hadisə yerinə baş çəkiblər və ətraflı məlumat əldə ediblər.
Mədət Quliyev və digər rəsmi şəxlər hadisə nəticəsində xəsarət alan Səbinə Şəkərovanı xəstəxanada ziyarət ediblər, həkimlərdən xəstənin vəziyyəti barədə məlumat alıblar.
Daha sonra Mədət Quliyev Hacıqabulda dəfn edilmiş Mehman Əhmədovun ailəsi və doğmaları ilə görüşüb, mərhumun yaxınlarına başsağlığı verib.