"Bakı güclüdür və məqam gözləyir, Ərdoğan davam edəcək" – İskəndəryan

 

“Həqiqəti siyasi reallıq müəyyən edir. Sənədlər o vaxta qədər yaşayır ki, onları yaradan şərait var. Ukrayna müharibəsi başlayandan sonra bu şərtlər artıq mövcud deyil. Rusiyanın resurs bazası güclü şəkildə başqa yerlərə yönəlib, onun Qarabağa vaxtı yoxdur”.

Paralel.az ” xəbər verir ki, bunu politoloq Aleksandr İskəndəryan deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bunu yaxşı başa düşür və nə qədər ki, belə bir fürsət var, sülhməramlı məsələsini həll etmək lazımdır. 

“Əgər Azərbaycan özünü kifayət qədər güclü hiss edirsə, Rusiya isə kifayət qədər zəifləyibsə, o zaman vəziyyətdən asılı olaraq Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması gec və ya tez baş verə bilər. Bu, 2025-ci ildə, ondan daha əvvəl və ya sonra. Azərbaycan çalışacaq ki, sülhməramlılar oradan çıxsın, çünki onlar üçün yeganə maneədir”, - politoloq bildirib.  

Onun sözlərinə görə, Türkiyənin Cənubi Qafqazdakı mövqeyini 2020-ci il müharibəsi müəyyən edir. “Ankara birmənalı olaraq Bakını dəstəklədi. Bu müharibədə türk müttəfiqi qalib gəldi, rus müttəfiqi isə uduzdu. Türkiyə bu mövqeyi itirmək fikrində deyil, ona görə də Azərbaycana dəstəyini davam etdirəcək”, - ekspert vurğulayıb. 

Qərbin maraqlarına gəldikdə, İsgəndəryan deyib ki, Qərb daha çox regionda sülhün təmin olunmasını istəyir.  

“Qərb hansısa yolla problemin həllinə gətirib çıxarmaq istəyir, lakin təfərrüatlar onun üçün o qədər də maraqlı deyil. 120 minlik Qarabağ əhalisinin harada olacağı, hansı keçid məntəqəsinin harada olacağı və digər məsələlər Qərb üçün ikinci dərəcəli əhəmiyyət kəsb edir”, - Aleksandr İskəndəryan bildirib.

Mürtəza
Paralel.az

0.20033097267151