Zelenskini Ərdoğanla görüşə gətirən  səbəb bilindi - FOTO

Zelenskini Ərdoğanla görüşə gətirən  səbəb bilindi - FOTO
 

Türkiyə Putinlə danışıqlarda vasitəçilik edə biləcək ən uyğun ölkə, Ərdoğan isə ən ideal siyasi fiqurdur; Rusiya prezidenti ya İstanbula gələcək, ya da...

Ukrayna prezidenti Zelenskinin Ukrayna müharibəsi başlayandan ilk dəfə Türkiyəyə gəlməsi bütün diqqətləri yenə İstanbula yönəltdi. Zelenski son aylar bir neçə ölkəyə səfər edib. Amma onun Türkiyəyə gəlməsi bu dəfə digər səfərlərindən fərqli olaraq məxfilik xarakteri ilə fərqləndi. Hətta Türkiyə televiziyaları belə bu görüşün nə vaxt başladığı, nə vaxt bitdiyini dəqiqləşdirmək üçün xeyli çaba sərf etdilər. Türkiyə Prezidentinin rəsmi saytının görüşlə bağlı yaydığı foto da xeyli müzakirələr yaratdı, aydınlaşdırmaq çətin idi ki, bu əvvəlki görüşlərdən fotodur, yoxsa yenidir. Nəhayət, Vahdettin köşkündəki ikili görüşün Bakı vaxtilə saat 22.10 radələrində başladığı haqda xəbər dəqiqləşdi. Türkiyə əlbəttə ki, Zelenskinin təhlükəsizliyinə tam təminat verəcək gücdə ölkədir, amma görünür, bu yarıməxfilik də razılaşma əsasında olub...

Zelenskinin Türkiyəyə gedəcəyi xəbəri yayılandan əsas sual onun Prezident Ərdoğanla nəyi müzakirə edəcəyi ilə bağlı idi. Rusiya mediasında bu görüşlə bağlı çox hürkək mövqelər vardı, hətta guya Zelenskinin Ərdoğanı Rusiya ilə üz-üzə qoya biləcəyi haqda gülünc iddialara da rast gəlinirdi. Türkiyə mediası isə yazırdı ki, Zelenski NATO-nun ağır silah, o cümlədən qırıcıların tədarükünü artırmaq məsələsində Türkiyənin dəstəyini almaq istəyir. Daha bir versiya isə Zelenskinin Ukraynanın alyansa qoşulmaq üçün müraciətinə Ərdoğanın şifahidə olsa da razılığını almaq istəyi barədə idi. O versiya da vardı ki, Kiyev taxıl sazişinin uzadılması üçün Ankaranın köməyinə ciddi ehtiyacı var, çünki Ukraynanın yeganə gəlir mənbəyi taxıl satışındadır.

Zelenski isə Ərdoğanla görüşdən əvvəl yazdığı “tvit”də müzakirə ediləcək məsələlər sırasına bəlkə də ən mühümünü əlavə etdi. Zelenski Ərdoğanla sülh formulunu müzakirə edəcəyini açıqladı.

396626

Zelenskinin Ərdoğanla görüşə məhz sülh formulunu müzakirə etmək üçün gəldiyini təsdiq edən iki mühüm məsələ var.

Əvvəla, ona diqqət edilməlidir ki, cəmi bir neçə gün əvvəl ABŞ Mərkəzi Kəşfiyyatının rəhbəri Börns Kiyevdə olub və Zelenski ilə müzakirələr aparıb. Zelenski görüş haqda yalnız onu deyib ki, Börnslə aralarında olan söhbət məxfi qalacaq. Bu səfər Ukraynanın əks-hücumunun gözlənildiyi kimi uğurlu olmadığı konteksində də baxıla bilərdi. Amma Amerikanın siyasi isteblişmentinin ruporu olan “The Washington Post”un gizli səfərdən bəhs edən məqaləsi ilə “daşlar yerinə oturdu”.

Bu məqalə əslində Zelenskinin Ərdoğana hansı sülh formulu ilə(əlbəttə ki, ABŞ-ın razılaşdığı, bəlkə də hazırladığı)getdiyinin konturlarını göstərir. Məsələn, məqalədə deyilir ki, Zelenski ilyarımdır davam edən zorakı müharibənin Ukrayna xalqını yorduğunu etiraf edir və savaşın məqbul olan şərtlərlə dayandırılmasını zəruri hesab edir. (Bu, Qərbin “sonuncu ukraynalıyadək döyüşmək” planından dönüşü deməkdir).

396625

“The Washington Post” yazır ki, Zelenski istənilən sülh sazişinin şərtlərinin “Rusiya üçün məqbul olmalıdır” rəyi ilə də razılaşır. Zelenski onu da etiraf edir ki, münaqişə sülh sazişi ilə başa çatmalıdır. “The Washington Post”un yazdığına görə, Ukrayna “Krımı güc yolu ilə qaytarmağa çalışmamağa”hazırdır. Bunun müqabilində isə Rusiya “Ukraynanın Qərbdən ala biləcəyi istənilən təhlükəsizlik zəmanətini qəbul etməlidir”. Ağır silahların Ukrayna sərhədlərindən geri çəkilməsi, Krımın hərbsizləşdirilməsi(bu, Rusiyanın Qara dəniz donanmasını geri çəkməsi anlamına gəlir) kimi məsələlər də var.

ABŞ yaxşı anlayır ki, Kiyev-Moskva arasındakı mümkün danışıqlarda Türkiyənin alternativi yoxdur. Ərdoğan bu savaş başlayandan barışdırıcı mövqe sərgiləyir. Rusiyaya qarşı sanksiyalara qoşulmayan Türkiyə o səbəbdən Putinlə danışıqlarda vasitəçilik edə biləcək ən uyğun ölkə, Ərdoğan isə ən ideal fiqurdur.

396624


Təsadüfi deyil ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin Ərdoğanla görüşünü şərh edərkən qeyd edib ki, Kreml təbii ki, danışıqları çox diqqətlə izləyir. Və daha bir diqqətçəkən açıqlamanı da Peskov verib. O, yaxın vaxtlarda Rusiya və Türkiyə liderlərinin görüşünü istisna etməyib.

Böyük ehtimalla bu görüşün təfərrüatı haqda məlumat verilməyəcək. Amma yaxın vaxtlarda Ukrayna savaşı ilə bağlı mühüm gəlişmələr olacağı gözləniləndir. Əlbəttə, bu danışıqlar ciddi müzakirələr tələb edəcək.

Musavat.com

0.02101993560791