Ciddi dəyişiklik: generalların sayı kəskin azaldılır

Ciddi dəyişiklik: generalların sayı kəskin azaldılır
 

"Bir müddət öncə Dövlət Gömrük Komitəsində (DGK) ciddi struktur dəyişikliyi baş vermişdi. Gömrük sistemi regional idarəetmədən rayonlar üzrə idarəetməyə keçid etmişdi. Prezidentin fərmanı əsasında 5 il bundan öncə yaradılan baş idarələr,  Şimal Ərazi, Cənub Ərazi və Qərb Ərazi  Baş Gömrük İdarələri ləğv edilərək yenidən köhnə strukturlar, rayon və şəhər üzrə gömrük idarələri yaradıldı. Hazırda isə adı çəkilən baş idarələrdə ləğvetmə prosesinin getdiyi bildirilir, generallar qarışıq hamı sərəncama götürülüb".

Paralel.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, rayon gömrük idarələri də yenidən formalaşdırılır:

"Bir neçə gün öncə də DGK strukturunda 1-ci müavin və müavin ştatlarından biri ləğv edilib. Beləliklə, bütün bunlardan sonra güman etmək olar ki, DGK-nın yeni strukturunda generalların sayı xeyli, ən azı 6-7 nəfər azalacaq.

Görünür ki, DGK-nın yeni rəhbərliyi regional idarəetməni məqsədəuyğun hesab etməyib. Hansı ki, zamanında bu strukturlar formalaşanda generalların sayının artırılması deyil, daha çevik və effektiv gömrük idarəetməsinin formalaşdırıması nəzərdə tutulmuşdu. Amma göründüyü kimi bu baş verməyib".

Ekspertin sözlərinə görə, bu haqda rəsmi açıqlama verilməyib, sadəcə kadr islahatlarına, generalların, rəislərin sayının azaldılmasına yönəlik addımlara üstünlük verilib.

"Düşünmək olar ki, gömrük rəsmiləşməsində DGK ifrat mərkəzləşməni də yumşaltmaq niyyətindədir. Hələlik isə, ifrat mərkəzləşmə qalır, gömrük rəsmiləşdirmələri əsasən Bakı şəhərində reallaşdırılır".

"Beynəlxalq təcrübə göstərir ki, adətən prosesləri sadələşdirdikdən sonra rəqəmsallaşdırılması, xidmətlərin optimallaşmasından sonra elektronlaşması daha effektiv olur. DGK-nın rəqəmsal transformasiya sahəsində yaxşı ənənələri, effektiv rəqəmsal həlləri olub. Ümid edirəm DGK-nın yeni strukturu Rəqəmsal Gömrük konsepsiyasının uğurla reallaşmasına kömək olacaq", - deyə O. Gündüz əlavə edib.

Könül
Paralel.az

0.016918897628784