Lənkəran Teatrında qalmaqal niyə bitmir? Kəndli balası əkmək parası ilə göz qorxudur?
Lənkəran Teatrı yenə gündəmdədir. Bu dəfə rejissor- aktyor münaqışəsi ilə. Bu haqda məlumatı adının çəkilməsini istəməyən teatrın əməkdaşı verib. Onun sözlərinə görə, bir ildən çoxdur ki, teatrımızda intriqa, dava-dalaş bitmək bilmir. Teatrın direktoru gah işçilərlə, gah da rejissorlarla, aktyorlarla dalaşır. Teatrı dəstələrə bölüblər, direktorun öz, baş rejissor Anar Babalının öz dəstəsi var.
Aldığımız məlumata görə sonuncu dəfə bir-neçə gün əvvəl teatrdakı dava-dalaş pik mərhələsinə çatıb. Belə ki, teatra baş rejissor Anar Babalının arzusu ilə yeni dəvət olunmuş rejissorla aktyor arasında insident yaşanıb. Nəticədə rejissor aktrisaları nalayiq söyüşlərlə təhqir edib. Deyilənlərə görə, insident o həddə çatıb ki, həmkarlar bir-birinə qayçı ilə xəsarət yetirməyə çalışıblar. Amma ətrafdakılar vaxtında müdaxilə edərək qanla başa çatacaq insidentin qarşısını ala biliblər.
Mənbəmiz deyir ki, baş vermiş insidentlə bağlı baş rejissor Anar Babalı iclas keçirib. İclasda işçilərin etdikləri hərəkətlərdən utanıb yerə girdiyini bildirən Anar Babalı deyib ki, "mən teatra iki nəfər gətirmişən, ikisi də mənim başımı yerə soxub".
Mənbə bildirir ki, teatrın idarə edilməsində bir xaos var. İntiqam Hacılı teatrı idarə edə bilmir. Əslində teatrı kimin idarə etdiyini anlamaq çox çətindir, deyə, mənbə bildirir. Direktor İntiqamdı, yoxsa Anardı bilmək olmur. Hərə özü üçün bir qanun tətbiq edıb. Mənbəmiz bildirir ki, İntiqam Hacılı yeni qaydalar yaradıb, teatrda “ iki- iki” gəzmək qadağandır. Direktorun istəyinə uyğun olaraq özümüzə yoldaş-dost seçməliyik, necə deyərlər onun istəmədiyi adamlarla dolanmaq olmaz. "Bizə çayçıda oturmağa icazə vermirlər. İntiqam deyir ki, məşqi olmayan aktyorlar işə gəlməsin. Gəlib çayçıda boş- boş oturmasınlar.Yeni qaydalarsa problemə səbəb olur", deyə, mənbə bildirir. Artıq dəfələrlə direktorla işçilər arasında münasibət əlbəyaxa həddinə qədər çatıb.
Anar Babalı isə aktyor və aktrisaların qrim otağına girməyi qadağan edib.
Mənbəmiz deyir ki, artıq dalaşıb- barışmaq teatrda rəhbər işçilər üçün vərdiş halını alıb. Əsəblərini idarə edə bilməyən İntiqam Hacılı o gün hirslənib hücum çəkib aktyorun yaxasından tutaraq, onu hədələdi. Sonra yanına çağırıb üzr istədi. Aktyor isə bildirdi ki, sən mənim yaxamdam kollektivin yanında tutubsan, onların yanında da üzr istəməlisən. İntiqam Hacılı və Anar Babalının ədalətsiz idarəçilik uslubu ilə barışmayıb səsini çıxaranları işdən çıxaracağı xəbərdarlığı ilə hədə-qorxu gəlir.
Və təəccüblü odur ki, bütün bunları hər addımda nazirliyin adını çəkərək, nazirliyin göstərişləri ilə etdiklərini bildirirlər. Ona görə də hər kəs bir tikə çörəyinə görə hədə-qorxuya baş əyir.
Deyilən ittihamlarla bağlı İntiqam Hacılıdan münasibət bildirməsini istəsək də, o, deyilənləri cavabsız qoydu.
Görünən o ki hörmətli direktor susmağı çıxış yolu bilib suallara cavab verməkdən yayındi. Amma cidanı çuvalda gizlətmək olmur, gec-tez xoruzun quyruğu görsənir.
"Paralel.az"