Güney Azərbaycanda Təbatabailər AİLƏSİ

Güney Azərbaycanda Təbatabailər AİLƏSİ
 

Rusiyanın Ukrayna ərazisinə təcavüzundən bir ay öncə NATO-nun düşüncə mərkəzlərindən biri olan RAND korparasiyası illik hesabatını təqdim edir. Təqdimatın altında Ariana Təbatabainin imzası qoyulub. Bu imzanın bizə, Azərbaycan dini düşüncə tarixinə, xüsusilə də güney Azərbaycanda milli azadlıq hərəkatının və şiyə dini inancının tarixçəsində xüsusi yer aldıgına görə diqqətimizi cəlb edir.
RAND Korporasiyası “bütün dünyada icmaları təhlükəsiz, daha sağlam və firavan etməyə kömək etmək üçün ictimai siyasət problemlərinin həlli yollarını araşdıran, inkişaf etdirən” tədqiqat təşkilatıdır. RAND korparasiyasının saytında o, “qeyri-kommersiya təşkilatıdır, tərəfsizdir və ictimai maraqlara sadiqdir. RAND obyektiv təhlil, Effektiv həlllər” hazırlayan “beyin mərkəzi” kimi teqdim edilir.
Bu politolojı yazıda Rusiya, İran və Çin münasibətləri təhlil olunur, Rusiya ilə daha yaxın münasibətlər tövsiyə edilir və bir sıra buna oxşat təkliflər irəli sürülür ki, təhlilçilərin Rusiya reallıgından çox da xəbərlərinin olmadıgı məlum olur. “NATO-ya” hazırlanan təkliflərin mənasızlıgı bir aydan sonra daha qabarıq üzə çıxır lakin bununla işimiz yoxdur. Bizi maraqlandıran tədqiqatın müəllifidir.
“Tərəfsiz və obyektiv” RAND korparasiyasının təhlilçisi düşüncələrini vizuallaşdırmaq üçün İran Xorasanında yaşayan bir qohumu, fotoqraf Nazənin Təbətəbainin bir kompozisiyasını da mətndə yerləşdirir. Şəkildəki yazıda oxuyuruq:”İran Süleymaninin öldürülməsinə necə cavab verəcək və eskalasiya harada bitəcək?”(Yas tutan şəxs mərhum general Qassem Soleimaninin yas mərasiminə toplaşarkən onun şəklini əlində tutur, Tehran, İran, 4 yanvar 2020. Foto Nazanin Tabatabaee/WANA (Qərbi Asiya Xəbər Agentliyi/Reuters.) Çox duygusal bir mənzərədir.
Avropanın mühüm düşüncə mərkəzlərində ekspert olaraq qəbul edilən bu gənc babalarının klan ənənələrinə sadiq qalaraq mühacirət həyatı yaşasa da irançılıq təəssübünü itirməmiş və onu yeni imkanlar və şərtlər daxilində yaşatmaqdadır.
Kimdir bu ekspert?
O, 1945-ci ilin Azər ayının 23-də (15-dekabr) Təbriz şəhərində ruhani ailəsində anadan olmuş Cavad Təbətəbainin qızıdır. Azərbaycan Təbətabailəri kimi adlandırılan bu ailə əsasən azərbaycan dilini bilməzlər və bir sıra hallarda nifrət etdiklərini də gizlətməzlər. Cavad Təbətəbai Azərbaycan Milli Hərəkatının qələbəsindən 3 gün sonra anadan olmuş və az bir müddətdən sonra Qum şəhərinə köçmüşdülər. Tehran Universitini bitirmiş, professor olaraq uzun müddət çalışmış, Heygel fəlsəfəsindən doktorluq müdafiə etmiş, İslam Ensiklopediyasının baş redaktoru olmuş bu alim də ABŞ-da yaşamasına baxmayaraq İrançılıq və Fars hegemonlugu düşüncəsindan kənara çıxa bilməmişdir. Baxmayaraq ki bəzi təhlilçilər onu “liberal” və “millətçi” olaraq da adlandırırdılar.
Kimdi bu təbətəbailər?
Bəzi mənbələr hesab edir ki, onlar İrakdan XIX əsrin əvvəllərində İrana gəlmiş və ilk olaraq Kaşan şəhərində məskunlaşıblar. Belə ki, Bagdadda, Nəcəfdə bu nəslin davamçıları uzun müddət şiə alimləri olaraq mövcud olublar. Seyid Cəfər Təbətəbai 1835-ci ildə özünə İranın Kaşan şəhərinin mərkəzində tikintisi on il çəkən böyük bir imarət tikdirir. Bu tikilən imarəti Huma quşu (svinks) əfasənəsinə bənzətmə istəyi göstərir ki, İraqdan gəlmiş, ərəb olsalar da sasani dövrünün ənənələrinin qoruyucusudurlar. Kaşanda tikilən bu imarət Təbətəbailər evi kimi tanınır. Xalça alverçisi olan bu şəxsin Təbriz şəhərində də yaşadıgı məlumdur, belə ki, bu ailənin sonralar Təbriz şəhəri və Azərbaycan türkləri ilə uzun və maraqlı əlaqələri olur. Sonrakı dövrlərdə Təbətəbai nisbəsi (atamın atası və ya babamın babası mənasını verir) qumi, iraqi, borucərdi, təbrizi kimi yer adları əlavə olunmaqla ifadə olunur.
Bir qədər də qədimə gedəriksə bu ailə klanının daha ilkin modelini qurmaq olar. Məlum olur ki, İran və Fars hegemonlugunu müdafiə edən bu ailə əslində təmamilə ərəbdirlər. Şəcərənamələrində göstərilir ki, Sadat Tabatabai nəsli Həsən bin Əliyə qədər davam etdirən Sədat ailəsinin adıdır. Təbatəbailərin əcdadı İbrahim, deyilənlərə görə nitqində olan qüsura görə “Kəbə” əvəzinə “Təbə” tələffüz edərmiş və bu səbəbdən də Təbətəbai olaraq adlandırılmışdılar. İran cografiyasında məskunlaşmış bu ailənin bəzi üzvləri “Diba” və “Kia” soyadı da daşıyırdılar ki, bunların da hər birinin tarixçısı mövcuddur.
Sədat ailəsindən Bəni Ətac Amul şəhərinə, Bəni Asəf İsfahana, Bəni Müstəlhakan və Bəni Mostajd Misirə, Bəni Kərki Misirə, Bəni Əl Mahal Xuzistana, Bağdad, Hələb və Ərcana getmiş, İraqa köçmüş Əl Həkim və Zəvari tabatabailəri isə sonralar Azərbaycana və Təbrizə gəlmiş, Borücərd, Yəzd, Təbəristan, Diləm, Rey şəhərlərinə də bu ailə üzvləri yerləşdirilmişdir. Uzun müddət biri-birilərilə qiz verib almaq yolu ilə qohumluqlarını saxlayan bu ailə klanı müxtəlif siyasi, ideolojı və bəzi iqtisadi layihələrin mərkəzində olublar. Çox dərinə getməyək deyə qeyd edim ki, Yəməndəki Husi idealogiyası da bunlardan irəli gəlir. Respublikaçılıq, dövlət çevrilişi, dini nəzəriyyəçilik, bövlət rəhbərliyi, professorluq, diplomatiya, xəyanət kimi hadisələr bu ailənin tarixində özünü geniş göstərir. Avropa tarixində İtaliyanın Mediçi ailəsinə bənzər bir klan modeli qurmuş təbətəbailər güney Azərbaycanda xüsusi nüfuz qazanır. lakin Mediçilər kimi tarixi abidələr, muzeylər, sənət əsərləri, mədəniyyət abidələri miras qoymamışlar.
Güclü ailə klanının yaradılmasında digər ruhani ailələri ilə yaxın münasibətlərdə olmagın vacibliyi o zaman da məlum idi. Çox böyük bir cografiyada hüfuz qazanmış Həkim, Birucerdi, İmam Cümə, İmami, Əlmasilər Məclisi ailəsinin mənsubları idi. Məhəmmədtagı Əllamə Məclisinin qızları ilə evlənərək Bəhbəhani və Təbətəbailər qohum olur. Bu qohumliqlar Təbətəbai ailəsini İran cografiyasında qüdrətli edir.
Qeyd olundugu kimi, Təbətəbailər Güney Azərbaycanda XIX əsrin II yarısından aktiv yer tutmaga başlayırlar. Nəsrəddin Şahın icazəsi ilə 1858-ci ildə Melkom xanın (erməni əsilli) təşkil etdiyi “Fərəmuşxana”(masson cəmiyyəti) fəaliyyətə başladı. Müxtəlif aristokratların müraciətləri ilə bu qurumun irtica təbliq etdiyini, hakimiyyətin(səltənətin) əleyhinə təbligat apardıgını və ölkəni dagıtmaq istədiyini şaha çatdırırdılar. Nəsrəddin şah cəmiyyətin fəaliyyətini yoxlamaq üçün iki hörmətli ülamanı (din xadimini) bu məsələni araşdırmaga məsul edir. Seyid Sadik Təbətəbai və Seyid İsmayıl Behbəhani bu məsələni, fəramuşxanələrin məqsəd və vəzifələrini araşdırır, dinə və dövlətə heç bir təhlükə olmadıgını şaha şəxsən elan edirlər. [2, с. 505]. Buna baxmayaraq 1861-ci ilin oktyabrında Nasir ed-Din şah “Masson lojasının” (təşkilatın) üzvlərini sərt şəkildə cəzalandıraraq onu ləğv etmək qərarına gəlir.
19-cu əsrin sonlarında masonluğun canlanması baş verir. XIX əsrin 70-ci illərinin sonunda, Malkom Xan “Bəşəriyyət” Liqasının mason təşkilatı modelini yaradır. Təəssüf ki, burada kimlərin iştirak etdiyini mühakimə etməyə imkan verən heç bir sənəd qorunmayıb. Gizli təşkilat oldugundan haqqında daha çox rəvayətlər yayılıb. Onun fəaliyyəti bilavasitə mütləqiyyətçi monarxiyaya və şəxsən Malkom xanın düşmənçilik etdiyi Nasir ed-Din şaha qarşı yönəlmişdi. Baxmayaraq ki, o, əvvəlki kimi İslama ədalət və xeyriyyəçilik dini kimi müraciət edirdi və bununlada ruhaniləri çəlb edə bilmişdi. Özünü, islamı qəbul etmiş erməni kimi göstərən Melkom xan gizlin olaraq İstambulda, kilsədə erməni qızı ilə evlənir, eyni zamanda Qacarlar sarayında şahzadə kimi qəbul edilirdi. Onun qurdugu cəmiyyət təxminən 1896-cı ilə qədər fəaliyyət etdi. Həmin il şaha sui-qəsd edildi və Malkom Xan yeni hakimiyyətə gələn Mozaffar Ed-Din şah ilə yaxşı münasibətlər qurmaq ümidi ilə Bəşəriyyət Liqasının fəaliyyətini məhdudlaşdırmaq qərarına gəldi. Belə bir siyasət nəticə verdi və 1904-cü ildə Malkom xanın davamçısı Mirzə Abbasqoli Xan Qəzvini dövlətin maneələrinə rast gəlmədən yeni “mason lojasını” yaratdı. Bu təşkilat, İrandakı sələfləri kimi, sosial sinif quruluşundan da göründüyü kimi elitar xarakter daşıyırdı.
Ehtimal etmək olar ki, əslində din xadimləri yeni strukturun üzvləri arasında kifayət qədər çox idi. Birinci çağırış Milli Məclisin 16 deputatı – (İnsaniyyət) Cəmiyyətin üzvləri idi. İlk İran parlamentinin deputatlarının yarısı ruhanilərə mənsub idi. Mənəvi müəllimi xaricdə yaşayan və Malkom Xan olan yeni struktur mötədil liberalizm mövqelərində dayanaraq İran cəmiyyətində islahatların aparılmasını müdafiə edirdi. Lakin həmin dövrdə inqilabi hərəkat güclənməkdə idi, nəticədə 1905-1911-ci illər Məşrutə İnqilabı baş verdi və “ruhani massonlar” bu proseslərin aktiv iştirakçıları oldular.
Qacar hakimiyyətinin konstitusiya və Məclis tərəfindən məhdudlaşdırılmasını müdafiə edən çox sayda din xadimləri var idi ki, onlar mütləqiyyətçi sistemin devrilməsində böyük rol oynayırdılar.

Yeni masson təşkilstının özəlliyi ondan ibarət idi ki, o, fransız himayəsi ilə təşkil olunmuşdur. Buna görə də ingilislərə mənfi münasibət bəsləyən bəzi üləmalar bu qrupa həvəslə daxil oldular. Xüsusilə iki din xadimi 1905-1911-ci illər Konstitusiya İnqilabının təşəbbüskarları, Seyid Məhəmməd Tabatabayi buna inandığı üçün “Oyanış Lojasına” daxil oldugu qeyd edilir. Bu barədə illər sonra onun oğlu Seyid Məhəmməd Sadiq Təbatəbai professor Mohammed Hossein Mimandinejada ünvanladığı məktubda yazır: “İnqilabdan sonra atam və mən Fransız Mason Lojasına qatıldıq. Ondan sonra, birdən-birə kəşf etdik ki, fransız qutusunun qollarından İngilis əli sürünür, məqsədi bizim ölkənin müstəmləkə əsarətidir. Atamla mən bunu anlayan kimi dərhal bu lojadan çıxdıq” [7, s. 170]. Məktubun səmimiyyətinə inanmaq çətində olsa bilməliyik ki, o zaman ölkədə cəmi 359 yüksək rütbəli ruhəni var idi ki, onlardan 175-i “Müctəhid Came əş-Şariət” dərəcəsinə çatmışdılar [8, s.357],
Şeyx Fəzlullah Nurinin 1909-cu ilin iyulundaki məşrutəçilərin qələbəsindən sonra inqilabçılar tərəfindən edam edilməsi təsadüfi deyil. Məhkəmədə edam hökmü Məşrutənin nəzarəti altında Şeyx İbrahim Zəncani tərəfindən verildi və edam hökmü erməni Yeprem xanın rəhbərliyi altında həyata keçirildi. Seyid Məhəmməd Təbətəbainin və Abdulla Bəhbəhaninin təzyiqi ilə həyata keçirilən bu “qisas” mənbələrdə bir mənalı qiymətləndirilmir. Bu qanunauygun hadisə idi və ya cinayətkarların hədlərini aşması kimi də görünmürdi. Şeyx edam edildikdən sonra oğlu Şeyx Mehdi (İran “Tudə” partiyasının rəhbərlərindən olan Kiyanurinin atasıdır), yəqin ki, atasının İran xalqlarına qarşı “cinayətlər törətdiyini” nəzərə alaraq, cənazəni götürməkdən imtina edir və cənazə, Xomeyninin anası Xanım Həccar tərəfindən dəfn edildi. Həccər xanım üç, yeddi və qırxıncı günlərdə qohumunun xatirəsinə mərasim keçirərək onu yad edir, eləcədə, 1917-ci ildə vəfat edənə qədər hər il yas mərasimi qururdu [8, s. 379].
XX əsrin əvvəllərində Qacar dövlətində, xüsusilə də güney Azərbaycanda ruhaniyyət siyasi partiyaların rəhbəri, məscidlər isə təşkilat ofisi funksiyasını yerinə yetirirdi. Bütün güc mərkəzləri ruhinilərlə ya tərəfdardılar, ya da düşmən. İdeolojı mərkəz Qum şəhəridir. Tehranda və digər əyalət şəhərlərində baş verən hadisələr Qum şəhərindən ya idarə olunur, ya dəstəklənir, ya da rədd edilirdi.

Ayətullah terminini bir anlayış olaraq dövriyyə daxil edən Mirzə Əli Aga Təbrizi oldu. Fəzlullah Nuri Fəqihlər Şurası bayrağı altında Tehrandan olan molla yoldaşlarına veto hüququ qazanmağa cəhd edərkən, Mirzə Əli Ağa bu fikrə qarşı çıxdı və etiqad məsələlərində yalnız “təqlid” mənbələrinin rəyinin nəzərə alınmağa layiq olduğunu bildirdi.
1911-ci il dekabrın 21-də Təbrizin rus qoşunları tərəfindən mühasirəsi başa çatdıqdan sonra rus qoşunları ilə inqilabçılar arasında qarşıdurma baş verdi. Ruslar təkid edirdilər ki, o (Mirzə Əli Aga Təbrizi), münaqişənin başlamasına görə inqilabçıların məsuliyyətini təsdiq edən məktubu imzalasın. O, bundan imtina etdi və ruslar onu on iki nəfərlə birlikdə Aşura günü, 31 dekabr 1911-ci ildə asdılar. Ruslar Təbrizin məşrutə inqilabçılarını və onların qohumlarını, eləcə də Təbrizdə çoxlu mülki əhalisini qırğına verdilər. Edamların ümumi sayının təxminən 1200 nəfər olduğu təxmin edilir. Tikat tul-İslam türbəsi Təbrizdə Şairlər qəbristanında yerləşir. Bu proseslərdə “Massonçu-ruhani” məşrutəçilərə heç bir şey olmadı.
Umumiyyətlə, XX əsrin birinci yarısında Təbrizdə Təbətəbailər çoxalır. Məşhur Ayətullah Seyyid Məhəmməd Həsən Təbatəbai Təbrizi (Əllamə Təbatəbainin qardaşı). Ayətullahül-Üzma Seyyid Əli Təbatəbai Təbrizi ( 1922-2014). Ayətullahül-Üzma Seyyid Cavad Təbatəbai Təbrizi (1928-2008). Əli Qazi Təbatəbai, başqa adla Əllamə Qadi  və ya Ayətullah Qazi (1869–1947) və başqaları. Ümumiyyətlə təbətəbailər əsasən uzun ömürli olurdular və bir neçə arvadı oldigindan uşaqlarının sayı da ənənəvi olaraq çox olurdu. Lakin, siyasi və dini tarixi yazanlar bu ailənin tanınmış nümayəndələrinin bioqrafiyasında bəlkə də bilərəkdən uşaqlarının yaxın qohumlarının bagları haqqında məlumat vermirlər. Belə təəssurat yaradılır ki, bu ailə klanının qarşılıqlı münasibətlərini gizli saxlamaq məqsədi ilə bir razılıga gəliblər.
Tarixi hadisələrin iştirakçıları öz xatirələrində qeyd edirlər ki, Seyid Abdullah Behbəhani, Seyid Məhəmməd Təbatəbai, Seyid Məhəmməd Sadiq-Təbatəbai, Malek ul-Mötəkəlləmin, Seyid Mortaza Aştiani, Seyid Mortaza Cəfər Sədr əl-Olama, Cemal ed-Din Vaez və bir çox başqaları İranın “Oyanış Lojasının” (masson qrupunun) və “Ohovvat” Cəmiyyətinin üzvləri idilər.
Bir çox ədəbiyyatda məşrutəçi kimi təqdim olunan Seyid Məhəmməd Təbətəbai Seyid Sadiq Təbətəbəinin ogludur. Bu Sadiq Təbətəbai 1858-ci ildə Melkom Xanın yaratmış oldugu “Fərəmuşxane” adlanan Masson lojasının üzvü idi. O, Qacar xanədanının etimadına xəyanət edərək Bəhbəhani ilə birlikdə masson lojasına daxil oldular, onların ogulanları da birlikdə məşrutə hərəkatında xəyanətlərini davam etdirdilər. “Məclisi islam” istəyən bu xəyanətkar ruhani təmsilçiləri nəticədə “məclisi milli” yaradılmasına razılıq verdilər.
Bu gün Avropada “poker” ustasından tutmuş, televiziya ulduzlaları, şahmat ustasından tutmuş, rok musiqiçisinə qədər Təbətəbai soyadını daşıyanlar var. Bunlar içində babalarının “Əl mizan” kitabını oxuyan da yaqin ki, yoxdur. Lakin “Təkamül tərcümə mərkəzi” ilə birlikdə “Qələm” Nəşriyyatı 2012-ci ildən başlayaraq 20 cilddə “Əl-Mizan” adı ilə Əllamə Seyid Məhəmməd Hüseyin Təbətəbainin 20 cildlik kitabını Azərbaycan dilinə tərcümə və çap edərək kütləvi tirajla yayım edir. Kitabda nəşrin redaktoru olaraq görkəmli alim Akademik Vasim Məmmədəliyev göstərilsədə bu alimin bu kitabdan zənnimcə heç xəbəri olmayıb. Bu illərdə qocaman alimin səhhəti yol verməzdi li, 20 cildlik kitabı redaktə etsin. Eləcə də bu kitabın tərcümə və nəşri üçün lazım olan 40-50 min manat vəsaitin də haradan maliyələşməsi müəmmalıdır. Kitabın yalnız 3-cü cildinin bir hissəsinin müqayisəli təhlili göstərdi ki, bu təfsirin quranla çox az əlaqəsi var. Bundan daha artıq zaman ayırıb 20 cildi təhlil etməyə nə zaman nə də enerjimizi sərf etmək istəmədik. Nəticədə belə bir qərara gəldik ki, biz yaxın tariximizdən heç nəticə çıxarmırıq...

Kazimi Pərviz Firudin oglu
Baku State University,
 Associate Professor, Doctor of Philosophy.
ORCID: -  Parviz Kazimi4[0000-0001-5577-4773]

 

0.053658962249756