Bəqərə surəsinin mesajları - Siracəddin Hacı - XXXIX YAZI

Bəqərə surəsinin mesajları - Siracəddin Hacı - XXXIX YAZI
 

əvvəli ötən saylarımızda)

OTUZ ALTINCI AYƏNİN ANLAMI

“Ancaq Şeytan onları çaşdırdı / aldatdı, nəticədə, sahib olduqları müstəsna məqamdan uzaqlaşdırdı. Biz dedik: “Bir-birinizə düşmən olaraq çıxıb gedin /enin. Yer üzündə keçici bir həyat və dadımlıq bir həzz sizi gözləyir” (2/36)

1) “Ancaq Şeytan onları çaşdırdı / aldatdı, nəticədə, sahib olduqları müstəsna məqamdan uzaqlaşdırdı...”

Qurani-Kərimdə həm Şeytan”, həm də “İblis” sözləri var. Bu sözlərin mənaları Bəqərə surəsinin otuz dördüncü ayəsinin mənası açıqlanarkən verilmişdir(Bəqərə surəsinin mesajları (21-34-cü ayələr), Bakı, 2019).

Biz burada diqqəti beş məsələyə yönəltmək istəyirik. Birincisi, ayə deyir ki, insan iradəli varlıqdır, o, xeyri də, şəri də seçə bilər. İnsan Şeytan qarşısında aciz deyil: “Bu, bir gerçəkdir ki, xas qullarım üzərində sənin (şeytanın) heç bir inandırıcı gücün olmayacaq...”(Hicr, 15/42). Allah xas qulların özəlliklərini də sıralamışdır:

- söz verdikləri xeyri yerinə yetirirlər; (İnsan, 76/7)
- axirət qayğısı daşıyırlar; (İnsan, 76/7)
- öz istək və arzularına baxmayaraq, möhtaclara, yetimlərə, əsirlərə yedirirlər; (İnsan, 76/8)
- deyirlər ki, biz sizi sadəcə Allah rizası üçün yediririk, sizdən nə bir qarşılıq, nə də təşəkkür gözləyirik; (İnsan, 76/9)
- hesab günü Rəbbimizin rizasını itirməkdən qorxuruq; (İnsan, 76/10)
- ona görə də Allah onları (xas qulları) bu günün dəhşətindən qoruyacaq, onların (üzlərinə) nur, (ürəklərinə) sürur (fərəh) qoyacaq; (İnsan, 76/11)
- səbirləri qarşılığında onlara cənnət bağçaları və tərifi imkansız olan özgür bir (həyat) bəxş edəcək;(İnsan, 76/12)

Qurani-Kərim şeytanın kimləri yoldan çıxara biləcəyini də açıqlamışdır:

- batil (anlamsız, məna və məqsəddən uzaq) inancsahiblərini; (Hicr, 15/42)
- cahilləri (həddini bilməyənləri, həqiqəti tanımayanları, ağıl, iradə və vicdanını şeytana təslim edənləri); (Hicr, 15/42)
- şüursuzları (düşünməyənləri; ağlından istifadə etməyənləri); (Hicr, 15/42)
- şeytanı bələdçi seçənləri; (Nəhl, 16/100)
- şeytanı ilah yerinə qoyanları; (Nəhl, 16/100)

İkincisi, Adəm və Havva (Qurani-Kərimdə Havva adı yoxdur) günahsız deyillər. Onlar Allahın xəbərdarlığını unutdular, şeytanın vədlərinə aldandılar,günaha batdılar. Allah kimsəni azdırmaz, azmasını istəməz, ancaq azmaq (yoldan çıxmaq) istəyənin azmasına izin verər: “... Nə zaman yoldan çıxdılarsa, Allah da onların qəlblərinin azmasına izin verdi” (Saf, 61/5).

Üçüncüsü, Qurani-Kərim şeytanın Adəm və xanımını necə aldatdığını bir-bir saymışdır:

- bu yasaq ağacın meyvəsindən yesəniz, mükəmməl (iki mələk kimi) olacaqsınız; (Əraf, 7/20)
- əbədi (ölümsüz) olacaqsınız; (Əraf, 7/20)
- şeytan and içdi, dedi ki, mən ikinizin də yaxşılığını istəyirəm. (Əraf, 7/21)

Allahın bu qissə üzərindən verdiyi mesajlar var: insan qüsurlu varlıqdır, ehtiyaclıdır, o, mükəmməl olabilməz, mükəmməllik ancaq Allaha aiddir. İnsan əbədi (ölümsüz) varlıq deyil, fanidir, mütləq ölüm acısını dadacaq, əbədi həyat axirətdədir. Şeytan insanın açıq düşmənidir, o, insanı doğru yoldan çıxarmaq üçün çalışır, insan onu tanımalı, heç bir halda ona inanmamalı, qorunmaq üçün Rəhman və Rəhim olan Allaha sığınmalı, yəni Onun buyurduğu kimi yaşamalıdır.

Dördüncüsü, bir sıra kitablarda yazılır ki, Adəmin şeytana aldanmasına, Onun cənnətdən çıxarılmasına səbəb olan Havvadır. Bu, Allaha və Havvaya iftiradır. Öncə onu deyək ki, qadın haqqında mənfi fikir, qadının şeytanlığı, fitnəkarlığı, Adəmin Şeytana aldanmasına,cənnətdən çıxarılmasına səbəb olması, qadının kişinin qabırğasından yaradılması kimi əsassız fikirlər xristian və yəhudi qaynaqlarından İslama daxil olmuş xurafələrdir. Qurani-Kərim bu xurafələri rədd edir. Buyurur ki, o ikisinə birdən – eyni anda vəsvəsə verən varlıq Şeytandır (Əraf, 7/20; Bəqərə, 2/36), hətta Taha surəsinin yüz iyirminci ayəsində özəlliklə vurğulayır ki, Şeytan ona (Adəmə) vəsvəsə verdi: Qurani-Kərim Havvanın Adəmi yanlış yola sövq etdiyi ilə bağlı heç bir işarə yoxdur. Qurani-Kərimin qadına baxışını ən ümumi şəkildə belə sıralamaq olar:

- hz.Adəm nədən yaradıldı isə, Havva da ondan yaradıldı;
- kişi, ya da qadın olmaq üstünlük ölçüsü deyil, üstünlük ölçüsü təqvadır;
- qadın da, kişi də məsuliyyətli varlıqdır;
- qadın ailənin iki dirəyindən biridir;
- evlənmək Allahın qanunudur;
- qadının həyat yoldaşı seçmək haqqı var;
- qadının boşanma haqqı var;
- qadın miras haqqına sahibdir;
- qadının oxumaq, işləmək, mal, mülk sahibi olmaq haqqı var;
- Allah qadına cinsiyyət üzərindən deyil, insanlıq üzərindən dəyər verir;
- qadın və kişi bir-birini əvəz edə bilməz, onlar fərqli varlıqlardır;
- hz.Adəmi hz.Havva yoldan çıxarmamışdır, ikisini də Şeytan aldatmışdır;
- elm öyrənmək qadına da, kişiyə də fərzdir;
- Allah qadın və kişiyə eyni dərəcədə dəyər verir, məsuliyyət yükləyir, belə buyurur: “Şübhəsiz, Allaha tam təslim olmuş bütün kişilər və qadınlar, Ona güvənib inanmış bütün kişilər və qadınlar, varlığını Ona həsr etmiş (adamış) bütün kişilər və qadınlar, əhdinə sadiq bütün kişilər və qadınlar, sıxıntılara qarşı dirənən bütün kişilər və qadınlar, (Allaha qarşı) dərin sayğı ilə titrəyən bütün kişilər və qadınlar, (Allaha) sədaqətlərini sərvətlərini yoxsullara paylaşaraq isbat edən bütün kişilər və qadınlar, nəfslərini nəzarət edibtutub oruc tutan bütün kişilər və qadınlar, iffətlərini (namuslarını) qoruyan bütün kişilər və qadınlar, Allahı davamlı xatırlayan bütün kişilər və qadınlar... (Məhz) onlara Allah sınırsız bir bağışlama və möhtəşəm bir mükafat hazırlamışdır” (Əhzab, 33/35).

Beşincisi, İslamda “əsli/ilk günah” anlayışı yoxdur. Bu uydurma anlayış xristianlığa aiddir. Onlara görə hz.Adəm günah etmiş, Onun günahı bağışlanmamış, nəslinə miras qalmış, hz.İsanın qurban edilməsinə səbəb olmuşdur, dolayısı ilə, bütün insanlar günahkar doğulurlar. Qurani-Kərim “əsli günah” anlayışını bu yollarla rədd edir:

- hz.Adəmin günah etdiyi doğrudur, ancaq O, tövbə etmiş, Allah da Onu bağışlamışdır; (Bəqərə, 2/37)
- hz.Adəm cənnətdən qovulmamışdr, O, tövbə etdikdən sonra yer üzünə xəlifə təyin edilmişdir. Xəlifəlik yer üzünü Allahın ölçüləri ilə idarə etmək vəzifəsidir. Qovulana xəlifəlik verilməz;
- Qurani-Kərim açıqca buyurur ki, kimsə kimsənin günahını (məsuliyyətini) yüklənməz; (Fatır, 35/18)

2) “... Bir-birinizə düşmən olaraq enin...”

Bu ayədən anlayırıq ki, Şeytan insanın açıq düşmənidir. İnsanla Şeytan arasında son saatadək davam edəcək bir savaş var. Allah insana Şeytana qalib gəlmək imkanı vermiş, onu məğlub etməyin yollarını göstərmiş, buyurmuşdur ki, Allaha təslim ol ki, zəfər sənin olsun.

Bir-birinə düşmən olanlar iki qrupdur: insan və Şeytandır, Allahın yolu ilə gedənlərlə Şeytanın yolu ilə gedənlərdir. Allah Şeytanın yolu ilə getməyən, ancaq ona aldananlara da çıxış yolu göstərib: hz.Adəmi örnək verib, tövbə et, təmizlən, doğru yola gir...

3) “... Yer üzündə keçici bir həyat və dadımlıq bir həzz sizi gözləyir”

Yəni yer üzündə yaşayacaqsınız, yer üzünü sizin üçün yaşayış məskəni seçən/edən Allahdır (Mömin, 40/64). Əcəliniz gələnədək (fani-ölümlüsünüz) yer üzündə qalacaqsınız. Orada sizin üçün ruzilər var. Onlardan faydalanmaq da haqqınızdır. Unutmayın ki, dünya və nemətləri əbədi deyil, bu dünya imtahan yeridir, axirətin tarlasıdır, əbədi həyat və nemətlər axirətdədir.

 

OTUZ YEDDİNCİ AYƏNİN ANLAMI

“Ancaq Adəm Rəbbindən aldığı bir sıra kəlmələrə sarıldı. (Allah) da onun tövbəsini qəbul etdi. Çünki O, bəli, O idi tövbələri qəbul etmə məqamında olan, hər işində mərhəmət sahibi olan” (2/37)

 

1) “Ancaq Adəm Rəbbindən aldığı bir sıra kəlmələrə sarıldı...”

Uca Allah Adəm – Şeytan qissəsində iki davranış biçimi ortaya qoyur. Bəllidir ki, Şeytan da üsyan etdi, hz.Adəm də, ikisi də cənnətdən (gözəl bağçadan) çıxarıldı. Ancaq Şeytan xətasında israr etdi, saxta qədər anlayışına sığındı, iftira atdı, dedi ki, məni bu hala salan Allahdır, O istəməsə idi, mən günah (üsyan) etməzdim: “(İblis) dedi: “Rəbbim, məni (Sən) yoldan çıxardığın üçün mən də yer üzündə onlara (insanlara) günahları bər-bəzəkli göstərəcəyəm və mütləq onların hamısını yoldan çıxaracağam” (Hicr, 15/39).

Allahın Şeytanın bu davranışı ilə verdiyi mesajlar var: Şeytan öncədən Şeytan deyildi (o, cinlərdən idi), onu xətasında israrı, saxta qədər anlayışı, iftirası, tövbə etməməsi, yanlış seçimi (Şeytan iradəli varlıqdır, o, məsuliyyət daşıyır, seçim imkanı var) şeytanlaşdırdı, seçimi qədəri oldu, nəticədə, lənətləndi, yəni Allahın rəhmətindən uzaqlaşdırıldı. Bu, bir ibrətdir: ey insan, Şeytanın etdiyini etmə, yoxsa aqibətin Şeytan kimi olacaq.

Hz.Adəm fərqli davranış biçimi seçdi. O, xətasını anladı, günahını müdafiə etmədi, seçiminin (insan iradəli varlıqdır, seçim imkanı var, seçdiyinə görə məsuliyyət daşıyır) məsuliyyətini öz üzərinə götürdü, Allahı suçlamadı, üsyanını saxta qədər anlayışına bağlamadı, əksinə, Allaha yönəldi, tövbə etdi (eyni işi Havva da etmişdir). Nəticədə, Allah onu bağışladı, təmizlədi, mükafatlandırdı, yer üzünə xəlifə təyin etdi.

Hz.Adəmin və xanımının davranışı bir örnəkdir (pis işdə ibrət, yaxşı işdə örnək var), belə ki Allah bu örnəklə insana mesajlar verir: ey insan, sən ağıllı, iradəli, vicdanlı varlıqsan, seçim imkanın var, seçiminin məsuliyyəti sənə aiddir, seçimin qədərin olacaq. Sən həm savab, həm də günah işləmək imkanı ilə yaradılmısan (iradəli olmaq bu imkanların var deməkdir), ehtiyaclı, aciz varlıqsan, bəzən seçimin yanlış ola bilər, günaha batarsan (insan mükəmməl deyil, mükəmməlliyə can atmamalıdır, mükəmməllik ancaq və ancaq Allaha aiddir), o zaman yasa batma, ümidsiz olma (hz.Adəm qissəsi həm də ümid qissəsidir), hz.Adəmi örnək al, xətanda israr etmə (xətada israr insanı şeytanlaşdırar), tövbə et, bil, əmin ol ki, hər tövbənin sonunda bir ilahi mükafat  var. Bu mükafat təmizlənmə, bağışlanmadır. Tövbə etmək ümid etməkdir (ümidi olmayan tövbəyə yönəlməz), Allah əsla və əsla insanın bu ümidini boşa çıxarmaz. Xəta (günah) deyil, xətada israr şeytanlaşma, lənətlənmə səbəbidir. Allah hz.Adəm və Havva örnəyi ilə insana günahlarından qurtulma yolunu göstərmiş, ona ümid vermişdir. Ümid insanı şeytandan və şeytanlaşmaqdan qoruyan ən önəmli dəyərlərdən biridir (Şeytanın tələsinə düşənlər ümidsizlərdir). Günah insanın Allahla sağlam münasibətlərini pozur, tövbə isə bu münasibətləri bərpa edir...

Allah ayədə buyurur ki, Adəm Rəbbindən aldığı kəlmələrə sarıldı. Ayədəki “kəlmə” sözü fərqli anlamların ortaya çıxmasına yol açmışdır. Biz öncə “kəlmə” sözünün  mənasını izah edək.

“Kəlmə” sözü ərəbcədir, “k-l-m” kökündəndir, Qurani-Kərimdə eyni kökdən olan sözlərin sayı yetmiş beşdir, bu anlamları var:

- “danışmaq”: “O elçilərin bir qismini o birilərindən fərqli qıldıq. Allah onlardan bir qismi ilə danışmış, bəzilərini də dərəcə-dərəcə yüksəltmişdi”(Bəqərə, 2/253).
- “Allahın vəhyi”: “Halbuki bunlardan bir qrupu vardı ki, Allahın sözünü eşidirdilər, düşündükdən (qavradıqdan) sonra isə bilə-bilə onu dəyişdirirdilər”(Bəqərə, 2/75).
- “söz”: “Rəbbinin sözü həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır” (Ənam, 6/115).
- hz.İsa: “Məryəm oğlu İsa Məsih Allahın elçisi və kəlməsidir” (Nisa, 4/171).
- “Allahın elmi”: “Yer üzündə ağaclar qələm olsa, dəniz(lər) də (mürəkkəb), arxasından yeddi dəniz onayardım etsə (Allahın kəlmələri yazılsa), yenə (bunlar tükənər), Allahın kəlmələri tükənməz” (Loğman, 31/27).
- “Allahın əmrləri”: “Bir zamanlar Rəbbi İbrahimi bir sıra kəlmələrlə sınamışdı” (Bəqərə, 2/124).

Ardı var...

"Paralel.az"

 

0.01737380027771