XƏYAL - Sevinc Afət

XƏYAL - Sevinc Afət
 

Xəyal...

İstərəm ki, dəniz lərzəyə gəlsin,
Daşsın,çalxalansın, tufan qoparsın.
Qəzəblə özünü vurub sahilə,
Nəmli qumsalları yuyub aparsın.

Dağıtsın telimi dəli küləyi,
Coşsun fırtınası, qəlbi dağlasın.
Duysun fəryadımı zərrin damlası,
Gözlərimdən axan yaşla ağlasın.

Sübhədək dolaşım,tək... yalın ayaq,
Unudum yük dolu, özüm özümü.
Qurum yelkənləri mavi dənizə,
Bəm-bəyaz limanda açım gözümü.

Dursun bir anlığa amansız zaman,
Küssün əqrəbləri, dönsün tərsinə.
Sevgi köç eyləsin könül bağıma,
Dalım xəyalların həzin səsinə.

İstərəm ki, dəniz lərzəyə gəlsin,
Daşsın,çalxalansın, tufan qoparsın.
Limandan ayrılan o səssiz gəmi
Kaşki gedənləri geriyə alsın...

"Paralel.az"

0.012609958648682