Bakıdan İrəvanı "mat" edən sərhəd gedişi
Azərbaycan Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaya rəhbər təyin edib. Aprelin 10-da - Ermənistanın sərhəd təxribatından öncə edilən bu təyinat Bakının birdən çox gedişindən xəbər verir:
Birincisi, beynəlxalq oyunçulara hərbi eskalasiyada yox, sərhədin müəyyən edilməsində maraqlı olduğunu göstərir;
İkincisi, danışıqların yeni raundunda delimitasiya tələbini ön plana çıxarmağa hazırlaşır;
Üçüncüsü, delimitasiyanı (xəritələr üzərində) birtərəfli qaydada müəyyən edərək, növbəti görüşdə gündəliyə daxil edə bilər;
ABŞ və Rusiya yeni görüşün keçirilməsi istiqamətində çalışır. Məlumatlara görə, Azərbaycan və Ermənistan liderləri mayın ikinci yarısında vaşinqtonda görüşə bilərlər. Həmin vaxta qədər Rusiyanın tərəflərin görüşünü təşkil etməyə çalışacağı istisna deyil, Zaxarova da bununla bağlı konsensusun olduğunu açıqladı. Delimitasiya hər iki masadakı sülh gündəliyinin tərkibinə daxildir. Və növbəti görüşün kimin tərəfindən təşkil edilməsindən asılı olmayaraq, rəsmi Bakı sərhədin müəyyənləşdirilməsini aktuallaşdıracaq. Bu, həm də Laçın dəhlizinin Ermənistan sərhədinin başlanğıcında nəzarət-keçid məntəqəsinin qurulması baxımından da vacibdir.
Diqqətçəkən məqamlardan biri məhz Azərbaycanın delimitasiya komissiyasına rəhbər təyinatından bir gün sonra Ermənistanın sərhəddə təxribatlar törətməsidir. Görünür, İrəvan Bakının danışıqların növbəti raundunda delimitasiya məsələsini önə sürəcəyini anladığı üçün sərhəddə təxribatlarla prosesin qarşısını almağa çalışır.
Asif