Paşinyan sərhəd komandanını qovub - Təxribatı bu ölkə təşkil edib?
Nikol Paşinyan Sərhəd Qoşunlarının komandanı Arman Maralçyanı vəzifəsindən uzaqlaşdırıb. Sərhəddə baş verən son döyüşlərdən sonra bu qərarın verilməsi o nəticəni ortaya çıxarır ki:
- Ermənistanın verdiyi itkilərin günahı Maralçyanın üzərinə qoyuldu;
- SQ komandanı təxribat əməliyyatını uğurla həyata keçirə bilmədiyi üçün cəzalandırıldı;
Lakin Nikolun bu qərarı iki kontekstdə xüsusilə diqqət çəkir: erməni baş nazir parlamentdə çıxışı zamanı ordudakı “5-ci kalon”dan danışdı; Zaxarova bəyan etdi ki, “Avropa İttifaqı missiyasının gəlişi fonunda Azərbaycan-Ermənistan sərhədində gərginliyin olacağını proqnozlaşdırmışdıq”;
Baş verən toqquşmanın nəticələri – erməni tərəfinin verdiyi itkilər, Rusiyanın Aİ misiyası haqda proqnozunun doğru çıxması və missiyanın sərhəddə gərginliyin aradan qaldırılmasında nəticə əldə etməməsi diqqəti Moskvanın üzərinə yönəldir: ruslar erməni ordusunun daxilində onlara bağlı olan “beşinci kalonu” hərəkətə keçirib, Maralçyan təxribat hücumunu təşkil edib, nəticə etibarilə toqquşma yaşanıb və Aİ missiyası uğursuz olub, Rusiya haqlı çıxıb;
Nikolun “beşinci kalon”la bağlı dediyi buna işarədir və Zaxarovanın sözləri “daşları yerinə qoyur”. Lakin təxribatın siyasi hədəfləri fonunda erməni baş nazirin hücumda Rusiyanı işarə etməsi bunun İrəvanın yeni gedişi ola biləcəyi fikrini də önə çıxarır:
- Təxribatla hərbi eskalasiya yaradılır və Rusiyanın Ermənistanın təhlükəsizliyində rol oynamadığı yenidən aktuallaşır;
- Avropa İttifaqına baş verənlərə görə günahkarın Ermənistan hakimiyyəti yox, Rusiyanın “beşinci kalon”u olduğu mesajı verilir;
- Aİ missiyasının zəruriliyi bir daha nümayiş etdirilir və istisna deyil ki, mülki missiyanın hərbiləşdirilməsi məsələsi də aktuallaşa bilər (Ermənistanın Rusiyanın yerini Aİ ilə yanaşı, İranla da doldurmaq istədiyi unudulmamalıdır);
- Paşinyan baş verənlərdən orduda təmizləmələr üçün də istifadə edə bilər;
Proseslər göstərir ki, Azərbaycan-Ermənistan sərhədində çoxtərəfli oyun gedir.
Asif Nərimanlı