Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXII yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXII yazı
 

Siracəddin Hacı: 
(QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ - BƏQƏRƏ, 183-187)
“(O sayılı günlər) Ramazan ayıdır ki, insanlığa rəhbər olan, bu rəhbərliyin açıq-aşkar dəlillərini (bəlgələrini) daşıyan və haqqı batildən ayıran Quran bax (məhz) bu ayda endirilmişdir. Sizdən biri bu aya qovuşanda oruc tutsun, xəstə, ya da yolçu olan kimsə də başqa günlərdə qəza etsin! Allah sizin üçün asanlıq istər, sizi sıxıntıya (çətinliyə) salmaq istəməz. (O) oruc günlərinin sayını tamamlamağınızı, sizi doğru yola qovuşdurduğu üçün Onu ucaltmağınızı və şükür etməyinizi istər” (2/185)

XXII YAZI
“QURAN” sözünün anlamı əşyanı bir-birinə yaxınlaşdırıb aralarındakı bağı kəşf etməkdir – oxumaq (anlamaq) bağ qurmaq, cəm etmək, birləşdirməkdir. Bir mətnin doğru anlaşılması söz-məna-məqsəd üçlüyünü bir arada tutmağa bağlıdır: nə deyir (məna), niyə deyir (məqsəd), necə deyir (söz). Bu söz bilgini əldə etmək, ondan məna çıxarmaq və çatdırmaq mərhələlərinin üçünü də əhatə edir. Fulan vəznindəndir, həm ismi fail, həm də ismi məfuldur, bu vəzndə olan söz oxumağın bütün müsbət anlamları ilə dolu olan bir xitab vurğusu daşıyır. Qurani-Kərimin bir cismi, bir də ruhu var, cismi söz, ruhu mənadır.

“QURAN” sözü ilahi mətndə hər zaman eyni mənanı daşımaz. “Quran”, “daim oxunan, anlam imkanı tükənməz, oxumaqla anlamı əsla bitirilməyəcək olan” deməkdir. Qurani-Kərim bütün zamanlara və bütün məkanlara xitab edən “yaşayan möcüzə”dir, içində şübhə yoxdur, ayələri bir-birini inkar etməz, əksinə, bir-birini tamamlayar, ayələri ilə kainat ayələri arasında ziddiyyət yoxdur, elmi dəlillərlə uyum içindədir.

Qurani-Kərimdə “QURAN” sözü yetmiş dəfə işlədilmişdir. İlk dəfə işləndiyi yer Furkan surəsinin otuzuncu ayəsidir: “Və (o gün) Rəsul deyəcək: “Ey Rəbb! Mənim qövmüm bu Qurana vaxtı keçmiş, tərk edilmiş bir kitab kimi baxdı!” (25/30) QURANİ-KƏRİM düşünərək, anlayaraq, hiss edərək oxunmasını istəyir. Onu anlayanlara, Ona təslim olanlara, Onun ölçüləri ilə yaşayanlara bu dünyada anlamlı bir ömür, axirətdə cənnət vəd edir. Qurani-Kərimin üzərimizdə dörd haqqı var: oxumaq, anlamaq, dəyərlərini yaşamaq, öyrətmək;

3) “... SİZDƏN BİRİ BU AYA QOVUŞANDA ORUC TUTSUN, XƏSTƏ, YA DA YOLÇU OLAN KİMSƏ DƏ BAŞQA GÜNLƏRDƏ QƏZA ETSİN! ALLAH SİZİN ÜÇÜN ASANLIQ İSTƏR, SİZİ SIXINTIYA (ÇƏTİNLİYƏ) SALMAQ İSTƏMƏZ...”

a) “Sizdən biri (kim) bu aya qovuşanda...”
Ayənin orijinalı belədir: kim bu aya – Ramazan ayına şahid olsa, yəni:
- kim bu ayda həyatda olsa, yaşasa;
- məhz bu ayda oruc tutsun;
- kim bu ayda oruc tutsa;
- kim bu ayda oruc tutmağa hazır olsa;
- kim bu ayın dəyərini qavrasa;

b) “Oruc tutsun...”
Oruc ayələrində Qurani-Kərimin nazil olmağa başladığı RAMAZAN AYINDA oruc tutmağın fərz olduğunu göstərən üç ifadə var:
- “oruc sizə yazıldı” (“kutibə”) – cümlədəki “yazıldı” feili “fərz qılındı” anlamını daşıyır, yəni Ramazan ayında oruc tutmaq ilahi əmrdir;
- “bu aya şahid olan oruc tutsun”;
- “o günləri – Ramazan ayındakı sayılı günləri (bir ay, 29/30 gün) tamamlayın”, yəni Allahın Ramazan orucu ilə bağlı əmrini yerinə yetirin;
Ardı var...

Paralel.az

0.016287088394165