Bakı Apellyasiya , Nizami məhkəmələrinin cinayəti gizlətməkdə marağı nədir?

Bakı Apellyasiya , Nizami məhkəmələrinin cinayəti gizlətməkdə marağı nədir?
 


Nizami prokuroru Pərviz İbayevin cinayəti ört-basdır etməsinin haqqı nə qədərdir? 

67 yaşın içindəyəm. İndiyədək o qədər özbaşınalıqlar görmüşəm ki! Amma son yeddi ayda gördüklərim özbaşınalığın zirvəsi sayıla bilər. Təsəvvür edin, məhkəmə qərarı olmadan izlənmişəm, haqqımda cinayət işi olmadan məhkəməsiz axtarışa verilmişəm, məhkəmə qərarı olmadan həbs edilib işgəncə görmüşəm və məhkəmə qərarı olmadan məcburiyyət tədbirinə uğradılaraq evimdə axtarış aparılaraq qiymətli sənədlər, mal -əmlak götürülüb.

 Bəs hüquq mühafizə orqanları, bəs Ombudsman ? Özbaşınalığın başında Nizami polisi dayandığından istər – istəməz prokurorluğa üz tutmaq zorunda qaldım. İnanılmazdır, amma Nizami prokurorluğu 06.09.2022-ci ildə ilkin izahatımı alıb, ekspertiza təyin edib və müvafiq rəyi də alsa da, 8-ci aydır heç bir hərəkət etmir. Yuxarı prokurorluq orqanları da bu hərəkətsizliyə susur. Ombudsman da eləcə. Bilmirəm, bu susqunluq - hərəkətsizlik haqqının qiyməti hansı valyuta ilə ölçülür ? Bircə onu Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının “hüquq müvəkkilliyindən” bilirəm ki, Nizami prokurorluğunun 06.10.2022 tarixli qərarı ilə cinayət işinin başlanmasından imtina edilib. Axı bu qərar (qəbul edilibsə ) niyə verilmir? 7 aydır Ombudsman da qərarı alıb verə bilmir. Belə hüquq olar? 

Məhkəməyə müraciət etməyi məsləhət görənlərin diqqətinə çatdırım ki, birincisi, gərək qərar verilsin ki, məhkəməyə şikayət verilə bilsin. İkincisi, məhkəmənin özünün də bu özbaşınalıqda önəmli payı var. Təsəvvür edin, Nizami məhkəməsinin hakimi Nigar Qədirlinin adından dələduz icra məmurları evimdə axtarış aparılması barədə 05.09.2022 tarixli qərar qəbul edib və bu qərarı 40 gün sonra Azad İsmayılzadə adlı şəxsin ismayilzadə[email protected] elektron poçtundan elektron poçtuma göndərib. Alan kimi CPM-in tələbinə uyğun olaraq 3 gün müddətində həm Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına birbaşa , həm də Nizami məhkəməsinə apellyasiya şikayəti vermişəm. 7 aydır apellyasiya şikayətimə baxılmır. 29.11.2022-ci ildə 5262626 nömrəsindən zəng edən Bakı Apellyasiya Məhkəməsinin əməkdaşı bildirib ki, iş icraatdadır və tezliklə baxılacaq . Lakin növbəti dəfə Bakı Apellyasiya Məhkəməsinin Aparatından və ümumi şöbədən Orxan Cəbrayılov, Nizami Hüseynov yazıb ki, apellyasiya şikayəti məhkəməyə daxil olmayıb. Bəs hara daxil olub, bu Bakı Apellyasiya Məhkəməsinin [email protected] elektron ünvanı, bu Bakı AZ1073, Zahid Xəlilov, 540 məhəllə ünvanı . Belə çıxır, Bakı Apellyasiya Məhkəməsinə dələduz icra məmurları , Nizami məhkəməsinə sifariş verdikləri kimi , sifariş veriblər? İcra məmurlarının sifarişi bəyəm Konstitusiyadan üstündür?

Nizami məhkəməsinin hakimi Nigar Qədirli də 7 aydan sonra “dilə gəlib” və məktubla bildirib ki, 05.09.2022 tarixli qərar 40 gün sonra 14.10.2022-ci ildə işgəncəgörən Qarabağ qazisinə göndərilib. Başabəla hakim də qərardan apellyasiya şikayətinin verilmədiyini vurğulayıb. Nizami məhkəməsinin Nizami RPİ-nin müstəntiqi Qalib Kərimlinin vəsatəti əsasında Nizami prokuroru Pərviz İbayevin məhkəməyə təqdimatını təmin edən 05.09.2022 tarixli qərarında 66 yaşlı 1-ci dərəcəli tələbkar Qarabağ qazisinin 03.09.2022-ci ildən Nizami RPİ-nin müvəqqəti saxlama yerində həbsdə saxlanmağı xüsusi vurğulanıb. Burdaca bir yekə “stop”! Bu yekəlikdə Nizami prokuroru Pərviz İbayev bilmir ki, məhkəmə qərarı olmadan kimsəni həbs etmək olmaz? Deyəsən ya bilmir, ya da təqdimat yazmayıb, ən azı kimsənin qanunsuz həbsdə olduğunu bilən prokuror anında həmin şəxsin həbsdən azad edilməsinə , cinayət işi qaldırılmasına təqdimat verməlidi(r), əlavə məcburiyyət tədbirinə yox. Bəs məhkəmə? Hakim Nigar Qədirli bilmir ki, kimsəni məhkəmə qərarı olmadan həbsdə saxlamaq cinayət sayılır ? Keçmiş hakim Raziya Ataşova necə? Bunu icra məmurları gətirib müstəntiq Qalib Kərimlinin araçılığı ilə işgəncə - istintaq kamerasında üzümə durduranda yalan ifadə verməsi bir yana, məhkəmə qərarı olmadan həbsdə saxlanmağım cinayətini gizlətməsinin cinayət sayılmasını bilmirdi ?

Bir sözlə, yekə bir mütəşəkkil cinayətlə üz – üzəyəm . Prezident Administrasiyasından tutmuş məhkəmə hakimiyyətinə kimi hamı cinayəti ört-basdır etmək yolunu tutub. Görəsən niyə? Bakı Apellyasiya Məhkəməsinin şikayətimi gizlətməsində marağı nədir? İndi, Əli Kərim demiş, qədrimizi bilələr deyə, özümüzü öldürək?
Məğrur Bədəlsoy

Paralel.az

0.010658025741577