Bakı İnzibati Məhkəməsinin “quyuya atdığı daşı” Bakı Apellyasiya Məhkəməsi “çıxara biləcək” ?

Bakı İnzibati Məhkəməsinin “quyuya atdığı daşı” Bakı Apellyasiya Məhkəməsi “çıxara biləcək” ?
 


DİN -in keçmiş saxta vəkili və nümayəndəsi Əlirza Həbilovun Qarabağ əlilinin məhkəmə təminatı hüququna qadağası sürür.
DİN Daxili Qoşunlarının və Maliyyə Plan İdarəsinin 1-ci dərəcəli Qarabağ əlilinin məhkəmə təminatı hüququna qadağa qoyması illərdir sürür. Nə işdənçıxarma pulu, nə geyim əşya kompensasiyası, nə məzuniyyət, ezamiyyət pulu, nə sığorta ödənişi, nə sanatoriya yollayışı və əvəzində kompensasiya, nə xidmət ilinə əlavə, nə mənzil və digər güzəştlər verilməyən Qarabağ qazisinin əvvələr iddia müddətini ötürməsi “əsası” önə çəkilirdisə, son altı – yeddi ildə iddianın mümkün sayılmaması haqqında saxta qərardadlar konstitusiya aktı kimi Konstitusiya ilə təminat verilən inzibati və məhkəmə təminatı hüququna qadağada öndə gedir. Deyə bilərsiniz ki, axı Ali Məhkəmə Plenumunun 10.04.2015 tarixli 5 saylı “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 8.3 bəndinə görə, iddianın mümkün sayılmaması haqqında qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir! Amma deməklə deyil ki! DİN-in keçmiş saxta vəkili və nümayəndəsi Əlirza Həbilov 15.02.2019 -cu ildə qərar qəbul edilmədiyini , iclasın növbəti tarixə təyin edildiyini e -məhkəmə portalı sübut etdiyi halda, həmin tarixə keçmiş həmkarı İlqar Cabbarova iddianın mümkün sayılmaması haqqında qərardad qəbul etdirib və bu qərardadı bütün məhkəmələrdə hüquqi presedent, normativ hüquqi akt kimi qüvvəyə mindirir. 2 il qabaq Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyev bu saxta qərardadı gizlin tətbiq edib, 4 ay qabaq -12.12.2022-ci ildə isə həmin məhkəmənin hakimi Orxan Həsənov. Yuxarı instansiyalar da Vəkillər Kollegiyasının intizam komissiyasının üzvü, fərdi vəkil Əlirza Həbilovun etibarnaməsi olmadan DİN-in vəkili və nümayəndəsi kimi DİN-in adından məhkəməyə basqısından elə “xoşhal olublar” ki, nə Konstitusiya yada düşüb, nə Ali Məhkəmə Plenumunun qərarı. Yada düşən yalnız qeyri-prosessual sifariş olub. 

Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun 12.12.2022 tarixli qərardadı 5 günə verilməli olduğu halda, çoxsaylı şikayətlərdən sonra 53 günə təqdim edilib və iddiaçı Qarabağ qazisi 10 gün müddətində apellyasiya şikayəti vermək hüququndan “yarıbayarı”- 5 günə yararlanıb. Bakı İnzibati Məhkəməsi (hakim Orxan Həsənov) iki cavabdehə qarşı iddianın “başına elə daş salıb” ki, Bakı Apellyasiya Məhkəməsi də çaşıb qalıb. Birinci instansiya öncə cavabdehlər üzrə icraatın ayrılmasına qərar verib, amma 12.12.2022-ci il tarixli iclasda cavabdehlər birləşib iddiaçı 1-ci dərəcəli Qarabağ qazisinə “xorla” elə “oxuyublar” ki, hakimin “dirijorluq”dan başqa yolu qalmayıb. Belə çıxır ki, icraatın ayrılması formal xarakter daşıyır, yoxsa, ayrılmış işlərə bir iclasda baxılıb, ayrı-ayrı qərardadlarla mümkün sayılmazdı.

Qarabağ qazisinin apellyasiya şikayəti eyni məktubla 08.02.2023-cü ildə Bakı İnzibati Məhkəməsinə göndərilib. Məhkəmə 5 günə şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərməli olduğu halda, bir aydan sonra göndərib. Bakı Apellyasiya Məhkəməsinin eyni tərkibli heyəti hər iki işə ayrı – ayrı sədrlikdə iclas təyin edib. Maraqlıdır ki , eyni məktubla göndərilən şikayətin DİN-ə qarşı olanın müddətin ötürülməklə məhkəməyə daxil olduğu bildirilir. Halbuki, eyni məktubla göndərilən iki şikayətdən birinin gec daxil olması absurdluğu bir yana, qanunvericiliyin tələblərinə görə, şikayətin daxil olduğu tarix yox, şikayətin verilməsi -göndərilməsi tarixi əsas tutulur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci maddəsinə uyğun olaraq prosessual müddətlərlə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin( MPM) müddəaları tətbiq edilir. MPM-in 129.3 maddəsinə görə, apellyasiya və kassasiya şikayətləri müddətin son günü saat 24-ə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş sayılır. Bəs niyə Bakı Apellyasiya Məhkəməsi şikayətin rabitə orqanına verilməsi tarixinə yox, məhkəməyə daxil olması tarixinə baxır? Yoxsa, DİN-in keçmiş saxta vəkili və səlahiyyətli nümayəndəsi Əlirza Həbilov 1-ci dərəcəli Qarabağ qazisinin məhkəmə təminatı hüququna qadağanın yeni taktikasına əl atıb? 

Burdaca onu vurğulayaq ki, hazırda ABŞ -ın keçmiş prezidenti Trampa qarşı irəli sürülən “intim ittihamı”nın əsasında sözügedən intim hərəkətin özü yox, susmaq üçün verilən 135 min dollar yox, bu 135 minin dövlət büdcəsindən ayrılması dayanır. Vəkillər Kollegiyasının intizam komissiyasının üzvü, fərdi vəkil Əlirza Həbilovun DİN-ə “səlahiyyətli nümayəndə” kimi vəkillik etməsinin haqqının dövlət büdcəsindən DİN-dən ödənilməsinə niyə hüquqi qiymət verilmir? Prokurorluq orqanları, maliyyə qurumları, Hesablama Palatası dövlət büdcəsinin təyinatı üzrə xərclənməməsinə , qazi və şəhid ailələrinə ayrılması nəzərdə tutulan vəsaitin vəkilə ayrılmasına görə niyə tədbir görmürlər? 

İddiaçı Qarabağ qazisi Bakı Apellyasiya Məhkəməsinə birinci instansiya məhkəməsinin ayırdığı işi birləşdirməyə ərizə verib. Görəsən, Bakı İnzibati Məhkəməsinin bir illik süründürməçilikdən sonra “quyuya atdığı” işi yuxarı instansiya gün işığına çıxara biləcək?

Məğrur Bədəlsoy

Paralel.az

0.013851165771484