İslamda mərhəmət duyğusu - Professor İdris Abbasov
Sözlükdə “acımaq, şəfqət göstərmək, acıma duyğusunun təsiri ilə edilən yaxşılıq, lütf” mənasında işlədilən mərhəmət və eyni mənadakı rəhmət kəlmələri, hər şeydən əvvəl, Allahın bütün yaradılmışlara qarşı lütf və ehsanını ifadə edir. Bununla yanaşı insanlarda mövcud olan, onları həmcinslərinin və digər canlıların sıxıntıları qarşısında duyğulu olmağa və yardım etməyə sövq edən acıma duyğusunu bildirir. İslami qaynaqlarda, ümumiyyətlə, mərhəmət qavramı rəhmət kəlməsi ilə ifadə edilir. Ancaq dilimizdə mərhəmət həm Allaha, həm insanlara, rəhmət isə isə yalnız Allaha nisbət edilərək işlədilir.
Qaynaqlarda Allahın rəhman və rəhim adları açıqlanır, insanlardakı mərhəmət duyğusunun Allahın insanlığa lütfü olduğu bildirilir. Qəzali bir kimsəyə həqiqi mənada mərhəmətli deyilə bilməsi, dolayısı ilə acıma duyğusunun əxlaqi bir dəyər daşıması üçün acıdığı kəsin ehtiyacını imkan daxilində ödəmsi və bunu azad iradəsi ilə etməsinin gərkdiyini bildirir. Bütün təriflərində acıma, yumşaqürəklilik (riqqatu-l-qalb), ürəyi yanma və şəfqət (təattuf, initaf), ələm duyma (təəllüm) kimi qavramlarla psixoloji yönü vurğulanan mərhəmət insanlar arasındakı duyğu birliyinin, həmrəylik və paylaşmanın başda gələn amillərindən sayılır. Övlad sevgisi, ata-anaya sayğı və itaət, yaşlılara, yoxsullara, xəstələrə, yetimlərə, kimsəsizlərə yardım etmə kimi fəzilətlərin mərhəmət duyğusunun təzahürləri olduğu qəbul edilir.
Qaynaqlarda rəhmət/mərhəmət qavramına, insanlara nisbət edildikdə, duyğulu bir məna yükləndiyi halda, Allaha nisbət edildikdə Onun feili sifəti olaraq qəbul edilməsi, dolayısilə Allah haqqında duyğulu mənada deyil, Onun yaratdıqlarına ənam və ehsanı, əfv və məğfirəti kimi anlaşılmasının zəruriliyinə diqqət cəlb olunur. Əsasən şəfqət və mərhəmət kimi duyğular Allahın insanlara bəxş etdiyi yaxşılıq vasitəsidir. Bundan da məqsəd möhtac və çarəsizlərə yardım edib sıxıntılarına son qoymaqdır. Bu nöqteyi-nəzərdən yanaşdıqda bir kimsəyə acıyan şəxs, əgər bu acı-manın verdiyi dərddən, ələmdən canını qurtarmaq və rahatlanmaq üçün ona yardım edərsə, mərhəmətdə kamala yetişmiş sayılmaz. Çünki mərhəmətdə kamala çatmaq insanın özünü deyil, möhtac və çarəsiz olan şəxsi rahatlığa qovuşdurmağı özünə məqsəd etməsidir.
Qurani-Kərimdə mərhəmət kəlməsi bir ayədə keçmişdir: “Sonra da iman gətirən və bir-birinə səbir və mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!” (əl-Bələd, 90/17).
Rəhmət kəlməsi Quranda 114 dəfə təkrar edilir. Eyni zamanda 260-a qədər ayədə Allahın rəhman və rəhim adları ilə eyni kökdən olan müxtəlif isim və feillər vardır. Bu ayələrin böyük qismində Allahın möminlərə, ümumiyyətlə, insanlara və digər varlıqlara yönəlik lütf və ehsanlarından bəhs edilir. Bəzi ayələrdə mərhəmət qavramı insanlar arasındakı acıma duyğusunu və bu duyğudan qaynaqlanan xeyirxahlığı ifadə edir. Məsələn, Hz.Peyğəmbərin möminlərə qarşı çox şəfqətli və mər-həmətli olduğu qeyd olunur: (Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərə şəfqətli, mərhəmətlidir! (ət-Tövbə, 9/128).
Rəsulullahın və möminlərin bir-birlərinə qarşı mərhəmətli, inkarçılara qarşı sərt olduqları (əl-Fəth,48/29), Allah tərəfindən ər-arvad arasında sevgi və mərhəmət yaradıldığı (əl-Hədid, 57/27) bildirilir, eyni zamanda övladlara yaşlı ana-ataya acıyaraq mərhəmət qanadlarının altına almaları əmr edilir: Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına aıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!”-de (əl-İsra, 17/24).
Hədislərdə də rəhmət və mərhəmət həm Allahın qullarına lütf və ehsanı, həm də insanların bir-birlərinə və digər canlılara qarşı şəfqət və yardımlarını ifadə etmək üçün işlədilmişdir. İstər Quranda, istərsə də hədislərdə başqa-başqa ifadələrlə insanlar bir-birlərinə və digər canlılara şəfqət göstərməyə təşviq edilmişdir.
Xüsusilə, Məkkə dövrünün ilk illərində zənginlik, soyluluq kimi maddi və dünyəvi imkanların ən yüksək dəyər ölçüsü olaraq qəbul edildiyi, aciz və kimsəsizlərə qarşı biganəlik və rəhmsizliyin hökm sürdüyü bir ortamda nazil olan ayə və surələrdə başlıca olaraq Allahın birliyi, qüdrəti, lütfkarlığı və axirət mövzuları ilə yanaşı nəsəb, sərvət və sosial status fərqinə varmadan hər kəsə qarşı sevgi və mərhəmət duyğuları ilə yanaşmağı, ələlxüsus yoxsulları və kimsəsizləri qoruyub himayə etməyi, nəhayət, cəmiyyətdə bir mərhəmət və sevgi əxlaqı formalaşdırmaq məqsədi güdən hökmlər geniş yer tutmuşdur. Həmin dövrdə nazil olan əl-Bələd surəsində Məkkənin təkəbbürlü aristokrat təbəqələri tənqid edilərkən, sahib olduqları şeylərin yalnız ilahi lütf olduğuna işarə edilmişdir. Sonra həqiqi insanlıq dəyərini qazandıran xeyirxahlıqların bəzi örnəkləri insanları əsarət zəncirindən qurtarmaq, yetimi və yoxsulu doyurmaq, iman edib bir-birinə səbri və mərhəməti tövsiyə edənlərdən olmaq şəklində sıralanmışdır. Bir çox ayədə kimsəsiz və çarəsizlərə qarşı laqeyd qalanlar, rəhmsiz davrananlar (məs. əl-Fəcr, 89/17-26; əl-Leyl, 92/7-11; əl-Məun, 107/1-7), yeni doğulmuş qız uşaqlarını rəhmsizcəsinə öldürənlər (ət-Təkvir, 81/8-9), “Allahın istədiyi təqdirdə özü yedirə biləcəyi kimsəni bizmi yedirəcəyik?!” deyənlər (Yasin, 36/47) ağır şəkildə tənqid edilmişdir. Möminlər üçün bir əxlaq nümunəsi olaraq göstərilən Hz.Peyğəmbərə ətrafındakı yoxsul və kimsəsizlərə qarşı mərhəmətli davranması, onları incitməkdən uzaq durması, onlara kömək etmə imkanı olmadığı halda belə xoş sözlərlə könüllərini alması nəsihət edilmiş, əksinə davranışın zalımlara xas olduğu bildirilmişdir: “Əgər Rəbbindən dilədiyin bir mərhəməti gözləmək məqsədi-lə onlardan (kömək göstərilməsi lazım olan şəxslərdən) üz çevirməli olsan (onlara bir şeylə kömək etmək istəsən, lakin imkanın olmadığı üçün bacarmasan və buna görə də məcburiyyət qarşısında qalıb gözlərinə görünmək istəməsən), heç olmasa, onlara xoş bir söz de! (əl-İsra, 17/28).
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar. Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul möminlərdən) çevirmə. Bizi xatırlamaqdan qəlbini qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə! (əl-Kəhf, 18/28).
Rəsuli-Əkrəmin möminlərə qarşı əngin mərhəmətini xülasə edən ifadələr eyni zamanda müsəlmanlar üçün də bir əxlaq modeli ortaya qoymuşdur. Rəsulullahın insanlara qarşı yumşaq davranması “Allahdan bir rəhmət” olaraq dəyərləndirilmiş (Ali-İmran, 3/159), istər bolluqda, istərsə də qıtlıqda mallarını xeyrə xərcləyənlərə, kin və öfkələrini dəf edənlərə və insanları əfv edənlərə genişliyi göylər və yer qədər olan bir cənnət vəd edilmişdir (Ali-İmran, 3/33-134).
Hz.Peyğəmbərin “İnsanlara mərhəmət etməyənlərə Allah da mərhəmət etməz”; “Mərhəmət etməyənə mərhəmət edilməz” (İmam Nəvəvi, Riyazü-s-salihin, II, s.182-185) şəklindəki hədisləri İslam əxlaqının xarakterini müəyyən edir.
Hz. Əli (ə.s.) buyurmuşdur: “Özündən aşağıda olanlara rəhm et ki, səndən yuxarıda olanlar da sənə rəhm etsinlər. Onun xətasını, sənin Allah qarşısında etdiyin xəta və itaətsizlik vasitəsilə, onun sənin mərhəmətinə olan ehtiyacını da Allahın rəhmət və bəxşişinə olan ehtiyacınla müqayisə et” (Quraru-l-hikəm, II, s.216).
Mərhəmət duyğusu Allahın seçilmiş bəndələrinə nəsib etdiyi bir fəzilətdir. İnsanlara qarşı mərhəmətli davranmaq müsəlmanlığın təməl prinsiplərindəndir. Dünyada insanlara qarşı mərhəmətli davranmayanlara Allah da qiyamət günündə mərhəmət etməyəcəkdir. Rəsulullah möminləri bədən üzvlərindən birinin xəstələndiyi zaman digərlərinin də narahat olduğu bütöv bir orqanizmə bənzətmişdir. Heç bir zaman uşaqlarını öpmədiklərini söyləyənlərə, “Allah qəlblərinizdən mərhəmət duyğusunu almışdırsa, mən nə edə bilərəm”- deyərək öz üzüntüsünü bildirmiş, müsəlmanların bütün sahələrdə münasibətlərini sevgi, mərhəmət, qarşılıqlı yardımlaşma və həmrəylik üzərində qurmalarını, sıxıntılarını bölüşmələrini əmr etmişdir.
Hədis məcmuələrində və digər əlaqədar qaynaqlarda yüzlərlə örnəyi olan bu cür hədislər İslamiyyətin bir mərhəmət dini olduğunu sübut edir. Fəxrəddin ər-Razi əl-Bələd surəsinin 17-ci ayəsini açıqlayarkən yoxsullar və məzlumlara yardım etməklə yanaşı, pisliyə yönələnlərə acıyıb onların pislik etmələrinə mane olma istiqamətindəki səyləri də bu ayədəki “mərhəməti tövsiyə etmə” içərisində dəyərləndirmişdir. Qəzali əsmai-hüsnanın şərhinə dair əsərində Allahın “rəhman” adının qulda əks olunmasını Allahın qəflətə dalmış qullarına qarşı mərhəmətlə davranmaq, zora əl atmadan, yumşaq bir üslubla nəsihət edərək onları qəflətdən qurtarmaq, üsyankarlara əziyyət vermək əvəzinə onlara mərhəmət nəzəri ilə baxmaqla izah etmiş, insanın gücü yetdiyi qədər malı, mövqeyi və etibarı ilə möhtac durumdakı adamın imdadına yetişmək, bunlara gücü çatmadıqda isə onun üçün dua edib üzüntüsünü izhar edərək sıxıntı və ehtiyacına ortaq olduğunu ona hiss etdirmək şəklində açıqlamışdır.
Paralel.az