"Palitra"nın yaz təbəssümü - Reportaj

 

İsmayıl İmanzadə: 
 Bazar günü (26.03.2023) “Palitra” Ədəbi Klubu “qapısı” yenidən mingəçevirli yazarların üzünə taybatay açılmışdı. AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə günəşin ilıq şəfəqləri ilə nurlanan otağa keçəndən sonra ilk olaraq şair-publisist Məmməd Mərzili və yazarların zarafatla öz aralarında bölmə rəhbərinin ştatdankənar müşaviri adlandıqdıqları ədəbiyyat sevdalısı Rəşid Rəsulov təşrif buyurur. Xeyli vaxtdan bəri həm ifallı xarakteri, həm də bənzərsiz şeirləri ilə yerli söz adamlarının xətir-hörmətini qazanan tanınmış şair Kamil Sabiroğlunun Ağdaşdan gəlişi ilə içəridəkilərin çöhhələrində açıq-aydın hiss olunan təbəssüm sanki divarlarda da əks olunur. Sorağı ölkə xaricinə də gedib çatan şair Elşən Əzim içəri keçən kimi həmkarları ilə mehribancasına görüşür. Onun ardınca Kəmalə Əyyubqızı, Eyyub Cabbaroğlu, Bəhman Gülövşəli... də gəlib çıxırlar.

   Bölmə rəhbəri yazarlarla hal-əhval tutub: “Maşallah, görürəm yaz havası mənim kimi sizləri də dirçəldib, bunu hər birinizin çörəsindən süzülən təbəssüm qarışıq xoş əhval-ruhiyyəniz də təsdiq eləyir! Yəqin ki bayram tətili günlərində yazdığınız və birazdan oxuyacağınız yazılarda da bu ab-hava özünü biruzə verəcək!”-deyərək, söz məclisinə şirinlik qatır.

   İlk olaraq bölmə rəhbərinin yazarların ahıl və cahıl dostu adlandırdığı Ağabala Salahlı baharın gəlişini vəsf edən və ülvi məhəbbətdən bəhs edən üç yığcam-lakonik şeirini oxumaqla hamının keyfini duruldur. Bölmə rəhbəri üzünü ona tutaraq: “Lələ, əvvəllər də demişəm, İnşallah, səni yalqız qoymayacaq, evləndirib, “iki baş, dörd əl-ayaq” edəcəyik. Bu işi bizim sevimli şairəmiz Bəsti Bərdəliyə tapşırmışam. Yəqin ki Bəsti xanım çadrasını başına atıb, sənə hallıca-dulluca bir halal südəmmiş xanım axtarıb tapmaqdadır, görürsünüz də... hələ də gəlib çıxmaq bilmir...

   Şair-publisist Məmməd Mərzilinin və Kəmalə Əyyubqızının qiraətində səslənən şeirlər içəridə hökm sürən xoş ovqat hissini yenidən artırır. Növbə məclisə qonaq qismində qatılan şair Kamil Sabiroğluna çatanda, yazarların baməzə bir şəxs kimi tanıdıqları Rəşid müəllimin atmacası hamının keyfini “alabuluda” qaldırır: “Kamil qardaşımız daha qonaq deyil, həmişə yuxarıbaşda oturmağa layiq ev sakinidir, mən onun bundan sonra qonaq kimi təqdim olunmasına etiraz edirəm!..

 Kamil Sabiroğlunun və Elşən Əzimin oxuduqları şeirlər könülləri oxşadığından, alqışlara layiq görülür. Eyyub Rəşidov isə bu dəfə üzürlü səbəbə görə çıxış etməyəcəyini söyləyir, məclisə bir az gecikdiyiyindən üzürxahlıq edən Bəhman Gülövşəlinin həm oxuduğu şeirlər, həm də kompüterdə yığdırıb öz əlləriylə düzəltdiyi yeni şeirlər kitabı hamını heyran etdiyindən əl-əl gəzib, dolaşır...

   “Palitra”nın bahar təravətli söz məclisi əvvəllər olduğu kimi, bu dəfə də qarşılıqlı hörmət-ehtiramla,-çörələrdə təbəssümə, ürəklərdə şirin xatirələrə çevrilərək sona çatır.

Paralel.az

0.034877061843872