Bir anımlıq xatirə - İsmayıl İmanzadə
BİR ANIMLIQ XATİRƏ
2021-ci il avqust ayının sonlarında könül paytaxtımız-baş tacımız Şuşada Vaqif Poeziya günlərində tanıyıb-tanımadığım bir sıra ünlü şəxslərlə (beş-üç dəqiqəlik olsa belə) görüşüb söhbət etməyim həmin şəxslər barədə təəsüratlarımı bir az da bütövləşdirdi. Belə şəxslərdən biri də həmin vaxta qədər şəxsi tanışlığım olmasa da, barəsində kifayət qədər bilgilərim olan Fazil Qəzənfəroğlu (Fazil Mustafa) idi. Bir çoxları kimi, mən də uzun illərdən bəri Fazil müəllimin həm millət vəkili qismində cəsarətli çıxışlarından, həm də əsil peşəkar jurnalistlərə xas olan publisistik yazılarından məmnun idim...
Şair dostum Barat Vüsal və rəhmətlik məşhur alim-şair Qasım Qasımzadənin ilahiyyatçı alim övladı Nəriman Qasımoğlu ilə Aşağı Kövhər Ağa məscidini ziyarət edib qayıdanda Milli Məclisin deputatı Fazil Mustafa ilə sərt bir yoxuşda qarşılaşdıq. Bizimlə səmimi görüşüb: “Bəlkə bir şəkil çəkdirək!”-deyəndə, özümlə gəzdirdiyim “Soni” markalı foto-aparatımı pencəyimin yan cibindən çıxararaq, həmin anlarda yanımızdan keçən tanımadığım bir şəxsə verib, şəkilimizi çəkməyini xahiş etdim...
Cəmi-cümlətanı səkkiz-on dəqidəlik söhbət zamanıı Fazil müəllim sadə, həssas qəlbli və istiqanlı bir insan kimi yaddaşımda iz saldı...
Ötən gün bu savadlı, haqqsevər, cəsarətli millət vəkilinə edilən sui-qəsd xəbərini eşidəndə, bu məşum olayı törədəni(ləri) və onun sifarişçini lənətlədim.
Hər bir ölkə vətandaşı kimi, mən də inanıram ki hüquq-mühafizə orqanları bu ağır cinayəti törədənləri tezliklə aşkar edəcəklər. Fazil Mustafaya şəfa diləyir və onun tezliklə ayağa qalxaraq öz önəmli fəaliyyətini davam etdirəcəyinə ürəkdə inanıram. Keçmiş olsun!
P,S. Bu qanlı hadisəni eşidəndə, Şuşada olduğum günlər və çəkib-çəkdirdiyim foto-şəkillər də yadıma düşdü. Həmin şəkillərin bir neçəsini dostların diqqətinə çatdırmağı zəruri hesab etdim.
İSMAYIL MƏRCANLI İMANZADƏ
29.03.2023
Paralel.az