"Quran" kitabını yandıranlara cavab

 

Qalib ARİF:
“Qısa qeydlər” silsiləsindən
Məlum olduğu kimi, “Quran” kitabının yandırılması hadisəsini İslam dünyası hər dəfə yüksələn bir həssaslıq və etirazla qəbul edir. Bu da Avropada yağışdan sonra göbələk kimi artmaqda olan radikallara daha çox şans verir. Dini və milli radikallar qrupuna daxil olan neofaşistlər bu həssaslıqdan sui-istifadə edirlər, bununla müsəlman aləmini təhqir etməkdən çox özlərini göstərmək, gündəmə gəlmək istəyirlər.

İsveçdə ifrat sağçı, neofaşist siyasətçi Rasmus Paludanın yanvarın 21-də növbəti dəfə “qəhrəmanlıq” etməsi və Türkiyə səfirliyin önündə "Quran"ı yandırması da bu qəbildən olan şou-biznes hadisəsidir. Neofaşist yəqin ki, Türkiyənin İsveçin NATO-ya qəbulunu əngəllədiyi üçün etiraz etmək istəyir, amma bunu öz səviyyəsinə və tərbiyəsinə uyğun edir. Qeyd etmək lazımdır ki, bu cür mədəniyyətsiz, hətta deyərdim ki, əxlaqsız hadisələr Avropada tez-tez baş verir. Bundan əvvəl Fransada, daha əvvəl isə, yenə Skandinaviyada oxşar hadisələr baş vermişdi. Yeri gəlmişkən, avropalılar buna normal, “vicdan azadlığı” kontekstindən baxırlar və hətta narazıları Nitşenin “Antixristi”nə ünvanlayırlar. Yəni necə olur ki, Nitşe İsa Məsihi “yandıra” bilir, amma başqa bir insan “Quran”ı yandıra bilmir?!


Düşünürəm ki, “Quran” kitabının yandırılması hələ Quranın yandırılması deyil. Zira, Quran Məhəmməd Peyğəmbərə kitab şəklində verilməyib. Quran Allah sözü olsa da, “Quran” kitabı insan əlinin bəhrəsidir. Odur ki, müsəlman aləmi “Quran” kitabının yandırılmasına Quranın yandırılması, İslam dünyasına “ləkə” vurulması kimi baxmamalıdır. Sadəcə olaraq, mədəniyyətsizlik, tərbiyəsizlik aktı, kitabın yandırılması kimi baxmalıdır. Düşünürəm ki, bu, Quran kitabını yandıranlara ən layiqli cavab olardı... 

Təsəvvür edin ki, həmin Rasmus Paludan bu dəfə Türkiyə yox, Yunanıstan səfirliyi qarşısındadır və Bibliya kitabını yandırır. Xristianlar da, masəlmanlar da, ona dəli kimi baxardı və buna heç bir milli, dini rəng verən olmazdı. Ona görə də, heç kim, heç yerdə “Bibliya” kitabını yandırmır. Öyrənmək isə heç vaxt gec deyil...
Paralel.az

0.030837059020996