Azərbaycan ədəbiyyatında şişirdilmiş YAZIÇILAR KİMLƏRDİR? - SORĞU

Azərbaycan ədəbiyyatında şişirdilmiş YAZIÇILAR KİMLƏRDİR? - SORĞU
 

Bəzən biz hansısa yazıçını oxuyanda onu yarımçıq qoyuruq, əsər bizi cəlb eləmir. Heç cür o yazıçı bizə yapışmır. Azərbaycan ədəbiyyatında da şişirdilmiş, yazıçı adına layiq olmayan müəlliflər də var. Bəs onlar kimlərdir?
"Paralel.az" xəbər verir ki, "Ednews" bu barədə tanınmış qələm adamları ilə sorğu keçirib. Cavabları təqdim edirik.

Xalq şairi Sabir Rüstəmxanlı:
“Mən o adları çəkə bilmərəm. Çəkmək istəmirəm. Şübhəsiz şişirdilmiş adlar bütün zamanlarda olub. Daha çox hakimiyyətlərin, sarayların böyür-başında olan adamlar layiq olmadıqları yüksəkliklərdə qorunub, mükafatlandırılıb və təbliğ ediliblər. Belələri daha çox bəlli ideoloji-siyasi sistemlərin işinə yarıyan müəlliflər olublar. Yerlibazlıq, tayfabazlıq təfəkkürü ilə şişirdilənlər də var. Lakin ana dilimizdə yazan, irili-xırdalı qələm əhlinin hərəsinin öz istedad dərəcəsində xidməti vardır. Mənim dilimə xidmət edən hər kəs mənə dəyərlidir. Maddə çəkisinin itməməsi və çevrilməsi qanunu var. Yaşadığı zaman üçün süni şəkildə şişirdilənlər sonra kiçilə-kiçilə gedirlər. Bəzən layiq olmadığı adları alan, millətinin haqq sözünü yox diqtə olunan yalanları yazan şişirdilmişlərin günahlarının əzabını övladları çəkməli olur. Hər cinayətin öz cəzası var”.

Yazıçı Nəriman Əbdülrəhmanlı:
"Sevmədiyim yazıçılar sözü duymadan, canından çıxarmadan, rəngini-qoxusunu hiss eləmədən yazanlar, yazıçılığı yalnız əhvalat quraşdırmaq, o əhvalatı ölü sözlərlə təsvir eləmək kimi bir şey sayanlardı. Belələri dünya ədəbiyyatında da, Azərbaycan ədəbiyyatında da kifayət qədər var. Səbəbi də zorən yazıçı olmaları, İlahi vergidən qismətlərinə pay düşməməsidi. Bu cür yazanlar, əslində, yazıçı rolu (həm də uğursuz şəkildə) oynayırlar, ömürlərinin axırınacan da əsl mətn yaratmaq zövqünün nə olduğunu bilmirlər. Dilimizə dünya ədəbiyyatının, əsasən, yaxşı nümunələri çevrildiyinə görə, Azərbaycan ədəbiyyatında psevdoyazıçıların çoxluğunu hiss eləyirik. Ad çəkmək məsələsisə qəliz məsələdi. Belələri bir deyil, beş deyil. Amma bir həqiqət var ki, zamanın sınağından yalnız əsl bədii mətnlər salamat çıxacaq."

Şair Aqşin Yenisey:
“Şişirdilmiş yazıçı və şairlərin çoxu sovet ədəbiyyatının nümayəndələridir. Onlardan əvvəl və sonra heç bir müəllif "kökəltmə məntəqəsi"nə göndərilməyib”.

Yazıçı Sevinc Elsevər:
“Özündən razı imzalar çoxdur. Bəzilərinin iddiası, hikkəsi həddindən artıq böyükdür və kənardan gülməli görünür. Onlar özlərini tez-tez ələ verirlər, ad çəkməyimə ehtiyac yoxdur. Əksəriyyəti qeyri-təvazökardırlar, tez-tez də "mən yazıçıyam" deyə xatırlatmağı sevirlər. Kimisə yazıçı hesab edib-etməməklə bağlı deyil məsələ. İddiasıyla, hikkəsiylə qıcıq doğuranlar var. Təvazökarca başını aşağı salıb yazanlar var. Yazdığını gözə soxanlar var. Hində ev quşları çoxdur. Onların arasında qaz da, ördək də, hind quşu da yumurtlayır. Hətta yumurtaları daha böyük, amma kalorili olur. Toyuq yumurtası isə daha populyardır. Çünki toyuq yumurtlamazdan qabaq hay salır ki, yumurtlayacam. Yumurtlayandan sonra çığırtısı aləmi götürür. Hamı o saat toyuğun yumurtladığından xəbər tutur, hinə qaçır”.

Nəsimişünas alim Səadət Şıxıyeva:
“Orta çağ və yeni dövrdə şişirdilmiş, təqdimatla tanıdılan şair və ya yazıçını xatırlamıram. Əksəriyyət obyektiv dəyərini alıb”.
Paralel.az
 
0.028027057647705