Allah xatirinə, tərk edin Zaqafqaziyanı!
2000-ci illərin əvvəllərində Tiflisdə Qafqaz Evi təşkilatının o zamankı rəhbərlərindən yazıçı Naira Gelaşvilinin dəvəti və bir alman fondunun dəstəyi ilə keçirilən beynəlxalq konfransda çıxış etmişdim. Qafqazda regional münaqişlərin səbəblərinə, köklərinə dair təhlillərimi səsləndirərkən diqqəti daha çox Rusiyanın imperiya ambisiyalarına yönəltmiş, keçmiş Sovet ölkələrində konfliktlərin yaradılması, idarə edilməsini təmin edən Kremlin işlək siyasi mexanizmindən danışmış, bu mexanizmin ayrıntılarına aid əsas təhlilimi Ermənistan-Azərbaycan münaqişəsi müstəvisində qurmağa çalışmışdım.
Nitqim gürcülərin xoşuna gəlmişdi. Bir osetin eksperti mənə irad tuturmuş kimi beynəlxalq qanunların heç də ədalətli olmadığından danışmışdı. Osetin separatçıları Rusiya himayəsində olduğu üçün onun bu qeyri-hüquqi bəyanatı anlaşılan idi. Sadəcə yerimdən replika vermişdim ki, "siz, deməli, anarxiya tərəfdarısınız".
Bir gənc rusiyalı ekspert isə Azərbaycan-Ermənistan münaqişəsini ənənəvi ritorika ilə şərh edərək iki xalqın barışığa getməsi zərurətindən danışarkən ona da yerimdən təbəssümlə replika atmışdım:
- Çox xahiş edirəm Zaqafqaziyanı tərk edin, hər şey yaxşı olacaq, Siz sadəcə narahat olmayın, hər şeyi özümüz həll edəcəyik, ermənilərlə təkbətək qalanda, sizsiz.
- Allah xatirinə, təki siz deyən olsun, bizim də istəyimiz odur ki, bölgədə sülh olsun, - deyə o da gülümsəyərək cavab vermişdi.
- Allah xatirinə, tərk edin Zaqafqaziyanı, sizdən çox-çox xahiş edirəm, - deyəndə iştirakçılardan gürcü əksəriyyətinin əhvalını xeyli qaldırmışdım.
Şərqşünas-alim
Nəriman Qasımoğlu
Paralel.az