Putin erməni xalqına deyir ki, Paşinyanı devirin
Siracəddin Hacı:
- Paşinyan 2018-ci ildə hakimiyyətə gəldi, Rusiyadan uzaqlaşmaq siyasəti seçdi;
- Putinin Paşinyanı devirmək planı bu mərhələlərdən keçdi: öyüd verdi – dilə tutdu, siyasi, iqtisadi, diplomatik, hərbi təzyiq göstərdi, Qarabağ savaşına izin verdi (Putinin savaşa izin verməsinin üç önəmli səbəbi var idi: Paşinyanı devirmək, işğalçı rus ordusunu Azərbaycana gətirmək, Güney Qafqaza tam nəzarət etmək – məsələlərin hər birinə aid məqalələr yazmışam), Ermənistandakı Rusiyaya bağlı gücləri – 5-ci kolonu hərəkətə keçirtdi, hərbi çevrilişə cəhd göstərdi, parlament seçkilərinə təsir etməyə çalışdı, Azərbaycanın, Türkiyənin imkanlarından yararlandı – onlarla qorxutdu, Azərbaycan və Ermənistanı savaşa təhrik etdi, təxribatlar törətdi ki, Paşinyanın mövqeyi zəifləsin, onu devirmək imkanı ortaya çıxsın;
- Paşinyan savaşda məğlub olsa da, Putin onu devirə bilmədi, səbəblər bunlardır:
1) Paşinyanı xalq seçib;
2) Ermənistanda bəlli ölçüdə azadlıq, seçim, azad mətbuat var, bu mərbuat Rusiyanın planlarını ifşa edir, xalqı davamlı maarifləndirir;
3) erməni xalqının siyasi şüuru yüksəkdir, səbəbi azad rəqabət mühitidir;
4) erməni xalqı Rusiyadan uzaqlaşmaq yolunu seçib;
5) erməni xalqı deyir ki, Rusiya bizi satdı;
6) onlar Rusiyanın Ermənistandakı təmsilçilərinə nifrət edirlər;
7) ABŞ, Avropa Paşinyan hökumətinə güclü dəstək verir;
8) Paşinyan hökuməti rüşvətə, saxtakarlığa bulaşmayıb;
9) erməni xalqı deyir ki, Rusiyada inkişaf yoxdur;
- Putin Valday forumunda yeni bir addım atdı, erməni xalqını Paşinyana qarşı üsyana çağırdı;
- Niyə indi etdi? Səbəbi aydındır: Azərbaycanla Ermənistan arasında barış müqaviləsinin imzalanması gözlənilir, barış olsa, Rusiyanın Güney Qafqazda mövqeyi zəifləyəcək, işğalçı rus ordusunun Qarabağda qalmasının bəhanəsi olmayacaq, Avropa Güney Qafqaza gələcək;
- Putin erməni xalqını üsyana təşviq üçün bunları etdi: plan açıqladı, dedi ki, Qarabağ məsələsi ilə bağlı iki plan var, Vaşinqton deyir ki, Qarabağda Azərbaycanın suverenliyi bərpa olunmalıdır, Rusiya isə status nəzərdə tutur, ey erməni xalqı, Paşinyan Vaşinqton planını seçib, onu imzalamağa hazırlaşır, yəni o, ermənilərin milli idealına xəyanət etmiş satqındır, erməni xalqı Rusiyanın planını seçsə, Paşinyanı devirsə, Rusiya Qarabağa status verəcək;
- Erməni xalqı Putinin bu üsyan çağırışına cavab vermədi, verməyəcək, yuxarıda saydığım səbəblərə bunları da artırmaq istəyirəm: erməni xalqı bilir ki, Putini nə onların, nə də Azərbaycan xalqının çıxarı maraqlandırır, ermənilər Putinin Qarabağ planını qəbul etsələr, Azərbaycan bununla razılaşmayacaq, nəticədə, yeni savaşın yolu açılacaq, Putinin istəyi də budur, məsələ həll olunmasın, iki tərəf bir-biri ilə savaşsın, Rusiya da qazansın, erməni xalqı bilir ki, Rusiya zəifləyən tərəfdir, onun kiməsə nəsə vermək imkanı olmayacaq, Putin Paşinyanı öldürsə belə, öz yolunu seçmiş erməni xalqı Rusiyanın təsir məkanına girməyəcək;
- Putinin Azərbaycan xalqına da mesajı var, deyir ki, Qarabağın ağası mənəm, nə desəm, o olacaq – rus qoşunu Qarabağdan çıxmayacaq, Qarabağa status veriləcək;
- Makronu yerdən yerə vuran Azərbaycan hakimiyyəti niyə susur, Putinin açıqlamalarını niyə rədd etmir, Azərbaycan Prezidentinin Soçiyə getməsinin anlamı varmı, artıq hər şey ortada deyilmi? Brüssel razılaşmasının şərtlərini yerinə yetirmək üçün ciddi addımlar atmağın, Rusiya və İranın Güney Qafqaz planını pozmağın vaxtı gəlmədimi?
Paralel.az