İran Azərbaycan siyasətinin formasını dəyişdirdi - III yazı

İran Azərbaycan siyasətinin formasını dəyişdirdi - III yazı
 

Siracəddin Hacı:
İran molla diktaturasının Azərbaycana qarşı açıq qorxutma – sözlü, psixoloji, hərbi qorxutma siyasəti tətbiq etməyə başlamasının səbəbləri bunlardır:
- Öncə İran molla rejiminin siyasət anlayışına, hakimiyyətinin xarakterinə, gəldiyi nöqtəyə baxaq. İran siyasi sistemi uydurma vəlayəti-fəqih anlayışı üzərində qurulmuşdur. Bu anlayışın qısa məzmunu belədir: Mehdi gələcək, dünyanı zülmdən qurtaracaq, ancaq o gələnədək dünyəvi işləri idarə etmək vəlayəti-fəqihə verilmişdir, Mehdinin təmsilçisidir, vəzifəsi məzlumların yanında olmaq (zalım ermənilərin yanında deyil), müsəlmanların haqlarını qorumaq, ədaləti təsis etməkdir. Azərbaycanda yanlış olaraq Seyid Əli Xamneyiyə İranın dini lideri deyirlər, sanki İranda dünyəvi və dini hakimiyyət var, Xamneyi də dini məsələlərə baxır, hakimiyyətin dini qolunu təmsil edir. Belə bir şey yoxdur, Xamneyi vəlayəti-fəqihdir, İranın hər şeyidir, dövlətin xarici və daxili siyasətini o müəyyən edir, onun razılığı olmadan kimsə prezident, nazir, millət vəkili, parlamentin sədri, yerli idarəetmə orqanlarının başçısı ola bilməz. O, Roma Papası kimidir, dedikləri qanundur, ona etiraz yoxdur, qüsursuzdur, Allahın Elçilərindən daha üstün mövqedədir, xilaskardır, insanlar onu təqlid edərək namaz qılırlar, şəfaətçidir – Allahdan günahkarların bağışlanmasını istəyəcək, sanki Allahdan daha mərhəmətlidir, Allah günahkarı cəzalandırmaq istəyir, o isə insanı Allahın qəzəbindən qoruyur, Xamneyiyə itaət etmək qurtuluş anlamını daşıyır. Qarşımızda Mehdidən səlahiyyət almış, onun vəzifələrini keçici olaraq yerinə yetirən, toxunulmazlıq statusu qazanmış, müqəddəslik donuna bürünmüş, hər sözü qanun olan Xamneyi var...;
- Bu gün İrana hakim olan iki sərt güc var: qatı dindarlar - məzhəbçilər və onlarla iç-içə keçmiş ordu – inqilab keşikçiləri. Bu iki güc Azərbaycana qarşı çox aqressivdir. İran bu iki gücün (hərbçilərin mövqeyi daha güclüdür – İran artıq hərbi dövlətdir) idarə etdiyi şirkətdir, ölkənin siyasi, iqtisadi, mətbuat imkanları onların əlindədir. Onlar İran inqilabının lideri Xomeyninin yaxın silahdaşları olan, ancaq lideral qanadın təmsilçiləri kimi tanınmış Rəfsancanini, Xatəmini, Musəvini, Mehdi Kərrubini, Ruhanini – onun xarici işlər naziri Cavad Zərif bir müddət Amerikada yaşamışdı, bir neçə dil bilirdi, İranın Avropa ilə əlaqə qurmasının tərəfdarı idi – xain elan edərək sıradan çıxartdılar. Geriçi mollaların və ciddi analiz imkanı olmayan, aqressiv əsgərin əlində olan İran hakimiyyətinin anlayışı budur: İran dünya müsəlmanlarının hamisidir, əski fars imperatorluğu bərpa olunmalıdır, fars olmayan hər kəs təhlükədir, onlar əzilməli, milli və insani haqları verilməməli, ölkə şəriət qanunları ilə idarə olunmalıdır, müxalif söz, təşkilat, mətbuat ola bilməz, Azərbaycanın müstəqil dövlət olmaq haqqı yoxdur...; 
Ardı var...

Paralel.az

0.026169061660767