Şarl Mişel Putindən yenə qabağa düşdü…” – Əliyevlə Paşinyanın Brüssel görüşü nə vəd edir?

“Şarl Mişel Putindən yenə qabağa düşdü…” – Əliyevlə Paşinyanın Brüssel görüşü nə vəd edir?
 

Azərbaycan və Ermənistan liderləri İlham Əliyevlə Nikol Paşinyanın növbəti görüşü barədə məlumat yayılıb. Ermənistan KİV-ləri görüşün bu il avqustun 31-də Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyilə Brüsseldə baş tutacağını iddia edib.

Xatırladaq ki, bundan əvvəl yayılmış məlumatlarda görüşün Moskvada Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyilə keçiriləcəyi bildirilmişdi.

Brüsseldəki növbəti görüş barədə Sfera.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, ötən il də Putinin vasitəçiliyi ilə görüşün baş tutacağı deyilirdi. Lakin bu il Rusiyanın vəziyyəti keçən ilə nisbətən daha da ağırdır.

Analitikin fikrincə, Ukraynanın işğalından sonra Rusiyanın demək olar ki, Avropadakı bütün dayaqları sarsılıb:

“Avropa Birliyi Hikmət Hacıyevlə Armen Qriqoryanın görüşünü təşkil edəndə artıq proqnozlaşdırmışdıq ki, Əliyev-Paşinyan arasındakı növbəti görüş də Brüsseldə baş tuta bilər. Şarl Mişel yenə də Putini qabaqladı. Yəqin ki, danışıqlar getdiyi üçün Paşinyan 2 gün öncə Putinə zəng elədi, lakin nə danışdıqları bəlli deyil. Artıq 6 aydır ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Müharibə başlamamışdan öncə Rusiya Ukraynanın 8 faiz ərazisinə nəzarət edirdisə, bu, indi 3 dəfədən çox artıb. Bu da cavabsız qalmamalıdır. Çünki vaxtilə Jirnovski elan etmişdi ki, “biz Belarusiya, Ukrayna, bir də Qafqazı əldən verə bilmərik, NATO çalışır ki, bu ölkələri öz nəzarətinə keçirsin” .

Azərbaycan Prezidentinin uğurlu xarici siyasət yürütdüyünü vurğulayan C.Nuriyev bildirib ki, Brüsseldəki növbəti görüşün Azərbaycan üçün böyük xeyri olacaq:

“Çünki 26 noyabr 2021-ci ildə Brüsseldə qəbul edilmiş bəyannamədə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının maddələrinin yerinə yetirilməsi gündəmdə idi. Azərbaycan tərəfi üzərinə düşəni etdi, 3 ilə nəzərdə tutulmuş yolu bir il yarıma çəkdi, bu gündən isə Laçın dəhlizi Azərbaycanın tam nəzarətinə keçir. Xankəndidəki əsas yüksəkliklər də Azərbaycan Ordusunun nəzarətindədir. Ona görə də Paşinyan bu dəqiqə Emrənistanı xilas etməklə məşğuldur. Görüşdən sonra sərhədlərin delimitasiya məsləsi də sürətli şəkildə müəyyənləşəcək. Daha sonra Azərbaycan- Ermənistan -Rusiya üçtərəfli komissiyasının iştirakı ilə Zəngəzur dəhlizi məsələsi hüquqi cəhətdən həllini tapacaq və sülh müqaviləsi imzalanacaq. Bu, Ermənistanın bir dövlət kimi məhv olmaqdan qurtuluşu deməkdir”.

"Paralel.az"

0.04357385635376