"Nehrəm camaatı mərd, obyektiv və haqqı deyən insanlardı" - Səxavət Əlisoy

 

Son zamanlar FB-də Nehrəmlilər barədə neqativ paylaşımlara rast gəlirəm.

Təəssüf ki, belə paylaşımların müəllifləri arasında tanıdığım ziyalılar da var.

Nehrəmlilərə neqativ yanaşmanın kökündə isə yalnız bir faktor dayanır.

Dövlət Gömrük Komitəsi. Bu barədə bir az sonra.

Nehrəm Azərbaycanın ən böyük kəndlərindən biri, bəlkə də birincisidir. Azərbaycanda bir Nehrəmli obraz var.

Bəzi gerizəkalılar bunu Mirzə Cəlilin yazdıqlarına bağlayır və böyük səhv edir.

1890-1897-ci illərdə Nehrəmdə müəllimlik etmiş Mirzı Cəlil Məmmədquluzadənin cahilliyi, cəhaləti tənqid edən hekayələrini Nehrəmlilərə şamil etmək sadəcə, gerizəkalılıq əlamətidir.

O cahil insanlar, təkcə Nehrəmdəydimi? Şirvanda, Aranda, Qarabağda, Bakıda, kəsəsi cümlə Azərbaycandakı durum eynən Nehrəmdəki kimi deyildimi?

Böyük Mirzə Cəlilin Nehrəmlilərin sivil dünyaya gözünün açılmasında müstəsna rolu olub və o fikirdəyəm ki, məmləkətin hər bölgəsində Mirzə Cəlil kimi bir yazıçı yaşayıb-yaratsaydı, Azərbaycan insanı daha çox irəli getmiş olardı.

Nehrəmlilər arasında olan birlik və təəssübkeşliyə Azərbaycanın heç bir kəndində rast gəlmədim.
Bu birliyin yaranma səbəblərəi var.

Və ən birinci səbəb XX əsrin əvvəllərində qaniçən Andronikin dəstəsinə qarşı Nehrəmlilərin mərdi-mərdanə dirənişidir. Bu günün prizmasından baxanda bu, adi bir şey kimi görünə bilər.

Ancaq Andronik kimi bir vəhşinin silahlı dəstəsinə qarşı bir kənd camaatının çıxması əsl qəhrəmanlıq, mərdlik və kişilik nümunəsi idi.

Nehrəmlilər hər zaman haqqın yanında olub. Kəndin hər hansı bir probleminin həlli üçün mütəşəkkillik nümayiş etdiriblər.

Nəinki bu gün, Sovet dönəmində belə Naxçıvan Muxtar Respublikasına rəhbərlik edənlər Nehrəmlilərin birliyi, mütəşəkkilliyi ilə hər zaman hesablaşıb.

Türkiyədə təşəkkül tapmış Aşirət institutuna oxşar bir modelin Nehrəmdə varlığını demək mümkündür. Burada da söz sahibi tayfa ağsaqqallarıdır.

Ən başlıcasə tayfa ağsaqqaları kəndin problemləri varlığında hər zaman bir araya gələ bilir.

Bu gün Azərbaycanın heç bir kəndində Nehrəmdə olduğu qədər universitet məzunu yoxdur, deyənlər əsla yanılmır.

Ad çəkmirəm, rayon var ki, ali savadlılarının sayı Nehrəmdəkindən bəlkə də iki dəfə aşağıdır.

Nehrəm fərqli bir ləhcəyə malik kənddir. Nehrəmlilərin duzlu söhbəti və yumoru isə, başqa bir aləmdir.

Bir kənd göstərin ki, Nehrəmdəki qədər şəxsiyyət yetişdirsin...
Bütün bunlarla yanaşı mən əsla demirəm ki, Nehrəmdə naqis, namərd, dəyyus adam yoxdur.

Təbii ki, var, ancaq başqa kəndlərlə müqayisədə onların sayı azdır və bunu əminliklə yazıram.

Qayıdaq, Dövlət Gömrük Komitəsində çox sayda Nehrəmlinin çalışmasına.

Burada qeyri-adi bir şey yox, ta qədimdən Azərbaycanda qaydadır, hər qurumun başında dayanan qohum-qardaşını, yaxından tanıdığını başına yığar.

Gömrük Komitəsindəki Nehrəmli generalları vəzifələrə təyin edən ölkə prezidentidir və təbii ki, o vəzifəlilər əməllərinə rəğmən dövlət qarşısında, prezident qarşısında cavabdehlik daşıyır.

Vəzifəli Nehrəmlinin cinayətinin kəndlə nə bağlılığı ola bilər ki, "Nehrəmlilər" yazmaqdan məmnun qalanlar var?

Bakılı vəzifəlinin fəaliyyətinə Bakılılar cavabdehdir?
Ya, Qarabağlınınkına Qarabağlılar?

Kimin necə fikirləşməsindən asılı olmayaraq, Nehrəm Azərbaycan tarixində iz qoymuş bir kənddir.

O kəndin vətənsevər, mərd insanları ilə qürur duymağa dəyər...

"Paralel.az"

0.023120164871216