Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 

Tələbələrimin/şagirdlərimin suallarına cavablarım :

VIII

- Müəllim, siz deyirsiniz ki, öncə özünüzə maya/yatırım qoyun, bunu necə edəcəyik?

- İlk addım FƏDAKARLIQ anlayışını doğru qavramaqdır. Bizə fədakarlığı başqalarına zaman ayırmaq, enerji vermək, əmək sərf etmək, pul xərcləmək, yardım göstərmək kimi tanıdırlar. Deyirəm ki, bu saydıqlarımı öncə özün üçün et, özünü yetişdir, gücləndir, dik dur ki, ehtiyacı olanları da əlindən tutub qaldıra biləsən. Özünüzə maya qoyun deyərkən bunları nəzərdə tuturam:

- FİZİKİ YATIRIM/MAYA – bunun əsasları var: hərəkətli həyat biçimi, Allah insanı hərəkətli varlıq kimi yaradıb, hərəkət sağlamlığın əsaslarından biridir, bədəninizə maya qoymaq üçün pullu mərkəzlərə getməyə ehtiyac yoxdur, hər gün təmiz havada gəzmək yetər. Hərəkət enerjinizi artırar, zehninizi açar, sağlamlığınızı qoruyar, stresdən uzaq tutar. Fiziki yatırımın ikinci yönü də doğru qidalanmaqdır, halal, təmiz, xeyirli qidalar yeyin. İnsanın yedikləri bədəninə də, ruh halına da təsir göstərir;

- AĞILA YATIRIM/MAYA – savaşan ağıla sahib olun, savaşan ağıl hərəkətli, düşünən, sorğu-sual edən, qərar verən, qərarları yerinə yetirməyə yönləndirən ağıldır. Heç bir şeyi araşdırmadan, sorğu-sualsız qəbul etməyin. Savaşan ağıla sahib olmağın ən gözəl yolu elmdir, sistemli doğru kitablar oxumaqdır, fərqli sahələrə aid kitablar ağılı qidalandırır, zənginləşdirir, ancaq doğru kitablar oxumaq yetməz, oxuduqlarınızı, öyrəndiklərinizi həyatınıza daşıyın, tətbiq edin, gerçəkləşdirin, duyğularınızı, düşüncələrinizi yazın, yazmaq vərdişinə yiyələnin, yazmaq ağılı gücləndirir. Özümü örnək göstərirəm: hər gün 50 səhifə kitab oxuyur, 3-4 səhifə yazıram;

- RUHİ YATIRIM/MAYA – bunun əsası dəyərlərdir, iman, ədalət, mərhəmət, halallıq, azadlıq, vəfa, dürüstlük... uğrunda mücadilə etsəniz, onları xarakterinizin ayrılmaz parçasına çevirsəniz, hərəkətli bədənlə, hərəkətli ağılla, hərəkətli ruh uyum içində olsa, həyatınıza hüzur gələr, inanmaq, inandığın dəyərlər uğrunda mücadilə etmək, inancına uyğun yaşamaq tükənməz xəzinədir;

- SOSİAL YATIRIM/MAYA – sizə güc, ruh, ümid, cəsarət verən, inkişafa təşviq edən mühitdə olmaq üçün çalış, belə bir mühit formalaşdır, axtar, seç, bağ qur, dostluqları qoru, yeni sağlam əlaqələrə yönəl, sosial çevrənlə tez-tez görüş, söhbətləş, fikir alış-verişində ol, məsləhətləş, tənqid et, tənqid al, dəyər ver, dəyər gör. Unutma ki, sağlam əlaqələr gücün, inkişafın, xeyrin qaynaqları sırasında yer tutur;  
İRADƏYƏ YATIRIM/MAYA – bunun yolu doğru, gücünün çatdığı, imkanlarına uyğun hədəflər qoymaq, o hədəflərin gerçəkləşməsi üçün zehni, fiziki mücadilə etməkdir. Mücadilə olmasa, iradə güclənməz. Sıxıntılardan qorxma, onlara nemətlər kimi bax, istəsən, qəzəbini də qazanca çevirə bilərsən: məsələn, futbol oyununda sənə haqsızlıq edilir, qəzəbini oyunçunu döyməyə, intiqama yönəltmə, rəqibin qapısına qol vur, müəllim sənə layiq olduğun qiyməti vermirsə, küsmə, haqsızlığı nemətə çevir, daha çox çalış, böyük uğurlar qazan ki, haqsızlıq edən də sənə heyran olsun; 

Paralel.az

 

0.045165061950684