Güney Qafqaz uğrunda mübarizə qızışır - I yazı

Güney Qafqaz uğrunda mübarizə qızışır - I yazı
 


Siracəddin Hacı yazır...

(Xronoloji təhlil)

I yazı

- Güney Qafqaz uğrunda mübarizənin xarakterini, sürətini, şiddətini Rusiyanın Ukraynanı işğal cəhdi müəyyən edir, savaş uzanır, Rusiya istədiklərini əldə etməyə çətinlik çəkir, güc itirir, ağalıq məkanına təsiri zəifləyir, bölgədə marağı olan dövlətlər də bu imkandan yararlanaraq önəmli addımlar atırlar, özəlliklə Avropa Birliyinin fəallığı aydın görünür;

- deyə bilərik ki, Rusiya artıq Güney Qafqazda tək oyunçu deyil, Qarabağ məsələsi onun nəzarətindən – monopoliyasından çıxmaqdadır, Rusiyanın bölgəyə hərbi müdaxilə imkanı daha çox olsa da (Ermənistanda və Azərbaycanda rus ordusu var), Avropa Birliyinin siyasi təsiri gündən-günə artır. Güney Qafqaz uğrunda mübarizənin ən azı iki güclü tərəfi var: Rusiya getdikcə zəifləyən, Avropa Birliyi isə güclənən tərəfdir;

- Güney Qafqaz uğrunda mübarizənin ağırlıq mərkəzi Ermənistandır, əsas hadisələr orada baş verir – bunun əsas səbəbi odur ki, Ermənistanda bu ölkəni Rusiyanın təsir məkanından çıxarmağa çalışan siyasi iradə var. Ermənistanda hərbi baxımdan Rusiya, siyasi baxımdan Avropa Birliyi güclüdür. Güney Qafqazda Rusiyanın zəiflədiyinin, Avropa Birliyinin gücləndiyinin əsas dəlillərini də Ermənistan üzərindən verə bilərik: Avropa Birliyinin mövqeyi güclənməsə idi, Paşinyan Türkiyə ilə Ermənistanın münasibətlərini nizamlamaq üçün addımlar ata bilməz, Azərbaycanla münasibətləri yaxın zamanda həll etməliyik demək imkanı olmaz, Qarabağın/Arsaxın müstəqilliyi, Ermənistana birləşdirilməsi ideyasından rəsmən imtina etməz, Qarabağa/Arsaxa Azərbaycanın tərkibində status verilməlidir tezisini ortaya qoymağa cəsarəti çatmazdı. Bu saydıqlarım Rusiyanın istəmədiyi, açıq, ya da gizli yollarla qarşı çıxdığı məsələlərdir, belə ki, Azərbaycanla Ermənistan arasındakı sıxıntılar həll olunsa, Rusiya bölgədəki gücünü önəmli ölçüdə itirəcək, bölgədəki bütün dövlətlərdə azad, ədalətli, şəffaf seçkilər keçiriləndə isə Güney Qafqazı Rusiyaya bağlayan köləlik ipi qırılacaq;

- Paşinyan ölkə içindəki mövqeyini gücləndirmək üçün Gürcüstanla iş birliyini artırır, deyir ki, Gürcüstan Avropa Birliyinə daxil olmaq üçün addımlar atır, Ermənistan da eyni yolla getməlidir;

- Ermənistandakı Rusiyaya bağlı müxalifətin Paşinyanı devirmək üçün təkrarladığı əsas tezis – ideoloji əsas budur: Paşinyan Qarabağı/Arsaxı satdı, Qarabağ/Arsax iddiasından əl çəkdi, erməni xalqının ideallarına xəyanət etdi. Paşinyan bu ittihamları rədd edir, fikrini əsaslandırmaq üçün bunları deyir: 1) Qarabağda/Arsaxda yaşayan ermənilərin bütün kommunal xərclərini Ermənistan ödəyir; 2) Qarabağın/Arsaxın dövlət məmurlarının, deputatlarının, müəllimlərinin, həkimlərinin maaşını Ermənistan verir; 3) Ermənistanın 2021-ci ildə Qarabağa/Arsaxa ayırdığı büdcə 120 milyard dram idi, 2022-ci ildə isə 144 milyard dramdır; 4) 2019-cu ildə Qarabağın/Arsaxın büdcəsi 117, 19 milyard dram olub, onun 57,18 milyardını Ermənistan verib, 2021-ci ildə Qarabağın/Arsaxın büdcəsi 174 milyard dram oldu, onun da 128 milyard dramını Ermənistan təmin etdi, yəni Paşinyan hakimiyyətə gələndən sonra Ermənistan Qarabağa/Arsaxa hər il daha çox pul ayırırb; 5) Ermənistan Qarabağda/Arsaxda təqaüdləri 20% artırıb; 6) Paşinyan deyir ki, Ermənistanın siyasi, diplomatik gücünü Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin qorunmasına yönəltmişik; 7) Qarabağ məsələsinin müzakirəsində Ermənistan bir tərəf kimi çıxış edir, söz və haqq sahibidir;  
Güney Qafqaz uğrunda mübarizə davam edir, Putin İlham Əliyevə, Paşinyana zəng edərək Brüssel görüşlərinin nəticələri ilə bağlı məlumat alır, məsələ Rusiyanın liderliyi ilə həll olunmalıdır mesajını verir;  
atəşkəs pozulur, Azərbaycanın Müdafiə Nazirliyi ilə Ermənistanın Müdafiə Nazirliyi bir-birini ittiham edir;

- münasibətlərin gərginləşdirildiyini görən Şarl Mişel açıqlama verir: Azərbaycan və Ermənistanın əməkdaşlığı davam etməlidir, bölgədə sabitlik, təhlükəsizlik qorunmalıdır, sərhədlərin müəyyən edilməsi ilə bağlı yaradılan komissiyaların ilk görüşünün keçirilməsi tarixi önəmi olan hadisədir, tərəfləri alqışlayırıq, fikir ayrılığı olan məsələlər sülh yolu ilə həll edilməlidir, xalqlar barışa hazırlanmalıdır, böyük sazişin hazırlıqları sürətlənməlidir, Avropa Birliyinin dəstəyi davam edəcək – yəni Avropa Birliyi deyir ki, Rusiyanın gərginliyi artırdığını görürük, buna imkan verməyəcəyik;

- Şarl Mişel bu açıqlamanı yetərli saymadı, Avropa Birliyinin xüsusi elçisi Klaapı Güney Qafqaza göndərdi...

Ardı var...

Paralel.az

0.017941951751709