Rusiya Paşinyanı niyə sıxışdırır? - II yazı

Rusiya Paşinyanı niyə sıxışdırır? - II yazı
 

Siracəddin Hacı yazır...

 

bu suala cavab vermək üçün Qarabağın Rusiya üçün önəmini açıqlamalıyıq: Rusiya Güney Qafqazı təsir bölgəsi – ağalıq məkanı sayır. Bölgədə hökmranlığını davam etdirmək üçün fərqli vasitələrdən istifadə edir. Onların ən önəmlilərindən biri də Qarabağ məsələsidir. Elə bu hədəfə uyğun olaraq da işğalçı rus ordusunu Qarabağa gətirdi, Ermənistanı tam məğlubiyyətdən qurtardı, 20 minlik erməni ordusunu xilas etdi, Azərbaycanın Qarabağ məsələsindən – Rusiyanın köləlik zəncirindən biryolluq qurtuluşuna izin vermədi, tam qələbənin yolunu kəsdi, bölgədən qaçmış erməniləri geri qaytardı, onlar üçün milyonlarla pul xərclədi, Qarabağda rus icması formalaşdırdı, Xankəndini dövlətləşdirdi, bölgəni idarə etmək – Rusiyaya bağlamaq üçün general təyin etdi – Xankəndini bir rus generalı idarə edir, beş kilometrlik Laçın koridoru müəyyənləşdirdi, bu koridora təkbaşına nəzarət imkanı qazandı, imzaladığı bəyanatın şərtlərini yerinə yetirmədi – erməni silahlı qüvvələrinin bölgədən çıxarılmasına imkan vermədi, bu quldur dəstələrindən Azərbaycana təzyiq vasitəsi kimi istifadə etdi, edir, edəcək, erməni quldur dəstələrini Azərbaycan əsgərinin əlindən qurtarmış “xilaskar rus əsgəri”nə heykəl qoydu, fərqli biçimlərdə bu bölgə Rusiyanındır mesajı verdi: Qarabağı ayrıca tərəf kimi tanıdı – rus ordusu ayırıcı vasitədir dedi, yəni iki tərəf (dövlət) var, biz də onları ayırırıq, bir-birindən qoruyuruq, bölgənin ordusu var dedi, rus dilini ikinci dövlət dili elan etdi, Xankəndinin saxta rəhbərləri ilə görüşdü, bölgə ermənilərinin Rusiya vətəndaşlığından danışdı, bölgəni Rusiyaya birləşdirəcəyi ilə qorxutdu, qorxudur, qorxudacaq. Status məsələsinin həll olunacağını dəfələrlə vurğuladı, Qarabağla bağlı məsələləri tam monopoliyasına keçirtdi – Azərbaycan hakimiyyətinin yanlış addımlarından da istifadə edərək Türkiyəni problemin həllindən uzaqlaşdırdı (Türkiyənin yalnız müşahidə qrupu var, onun da bir işə yaramadığı hər kəsə bəllidir)...;    
Rusiya Qarabağ vasitəsilə Azərbaycana, Azərbaycan vasitəsilə Güney Qafqaza – bölgənin ən önəmli dövləti Azərbaycandır, Güney Qafqaz vasitəsilə Yaxın Şərqə təsir göstərir. Bu halda, Rusiya üçün həyati önəmi olan Qarabağ bölgəsinə nəzarətin – ağalığın itirilməsinə yönəlmiş addımlar qəbuledilməzdir, o, bütün gücü ilə Qafqazın Rusiyanın təsir məkanından çıxmasının qarşısını aldı, alır, alacaq;

- Bölgədə Azərbaycanın suverenliyinin bərpa olunması, o sıradan Ermənistanın Rusiyanın təsir məkanından çıxması imkansız deyil, ancaq çox çətindir, ağır bədəllər tələb edir;
- elə buna görə də biz hər zaman iki məsələni israrla vurğulayırıq: Xankəndində Azərbaycanın suverenliyinin bərpasının yolu: a) ədalətə, azadlığa, rifaha bağlı milli birlikdir; b) Azərbaycanın müttəfiqlərinin sayının artırılmasıdır; Bu iki önəmli məsələ həll olunsa, Azərbaycan güclənəcək, nəticədə, Xankəndində suveren haqlarının bərpasının yolu açılacaq;
- Azərbaycan təklikdə deyil, Gürcüstan və Ermənistanla birlikdə, milli birliyin verdiyi güclə, müttəfiqlərin dəstəyi ilə Rusiyanın təsir məkanından qurtula bilər;
- Azərbaycan üçün ən önəmli suallardan biri budur: Azərbaycan hakimiyyəti Rusiyanın təsir məkanından çıxmaq istəyirmi, istəmirmi?
- hakimiyyət bu suala müsbət cavab versə (Ukrayna məsələsinin təsirini nəzərə alaraq xeyirli cavabın mümkün olduğunu ehtimal edirəm), əlamətlər bunlar olacaq: milli birliyə, müttəfiqlər axtarışına yönələcək, məqsəd dəyişsə, vasitə və üsullar da dəyişəcək, səbəblər doğru müəyyən edilsə, çıxış yolu da tapılacaq, nəticədə, Azərbaycanın, bütövlükdə Güney Qafqazın Rusiyanın köləliyindən qurtuluşu daha asan olacaq;
Ardı var...                 
Paralel.az

 

0.016258001327515